BolgeXeber.Com » Sosial » 3270 vakant müəllim yerinə 15500 nəfər namizəd var

3270 vakant müəllim yerinə 15500 nəfər namizəd var

17-07-2012, 18:10
Oxunub: 4 183 700-dən çox ərizə ixtisas uyğunluğu olmadığına görə ləğv edilib.


2012-2013-cü tədris ili üçün müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin araşdırılması başa çatıb. Ərizələrin təhlili nəticəsində 3270 vakant yer üçün təqdim edilən 16 195 elektron ərizənin 700-dən çoxu ixtisas uyğunluğu olmadığına görə ləğv edilib.

Bu barədə Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov bildirib. Onun sözlərinə görə, 15500 ərizə təsdiq edilib: “Onlardan 15 mini Azərbaycan, 500-dək ərizə isə rus bölməsi üzrə vakant yerlərə verilib”.
F. Qədirov bildirib ki, daha çox elektron ərizələr ibtidai sinif, ingilis dili, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və tarix fənləri üzrə verilib: “İbtidai siniflər üzrə 143 vakant yerə 3700-dən çox elektron ərizə verilib. Həmin yerlərdən 39-u Bakı şəhərindədir, 3700 elektron ərizənin də böyük əksəriyyəti Bakı şəhəri üzrə olan həmin yerlərə verilib. Ona görə də Bakı şəhərində çox ciddi müsabiqə vəziyyəti yaranıb”. Bu il regionlar üzrə də ərizələrin sayının artdığını deyən şöbə müdiri bildirib ki, regionlar üzrə daha çox elektron ərizə ingilis dili fənni üzrə verilib: “Bu fənn üzrə 247 vakant yerə 2700-dən çox elektron ərizə təqdim edilib. Azərbaycan dili və ədəbiyyat fənni üzrə 337 vakant yerə 2000-dən, riyaziyyat fənni üzrə 271 yerə 1400-dən çox ərizə verilib. Tarix fənni üzrə isə 260 vakant yerə 1000-dən çox ərizə verilib”.
F. Qədirivun sözlərinə görə, iyulun 19-da bütün elektron ərizə vermiş müəllimlərin elektron səhifələrinə imtahanın keçiriləcəyi yer və vaxtı ilə bağlı məlumatlar göndəriləcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin 2-ci mərhələsi-elektron imtahanların aparılmasına isə iyulun 23-də başlayacaq və avqustun sonunadək davam edəcək: “Həmin imtahanların son dərəcə şəffaf və aşkarlıq şəraitində keçirilməsi üçün hazırlıq işləri başa çatdırılıb. Nazirlik müəllimlərin diqqətinə çatdırır ki, işə qəbul üçün yeganə meyar onların müsabiqədə göstərdikləri nəticədir. Proses elektron vasitələr tətbiq olunmaqla həyata keçirilən şəffaf bir mexanizmdir”.
APA