BolgeXeber.Com » Xəbərlər » Pirverdiyevdən xəbər-ətər yoxdur... - İDDİA

Pirverdiyevdən xəbər-ətər yoxdur... - İDDİA

29-06-2016, 14:47
Oxunub: 2 929  Pirverdiyevdən xəbər-ətər yoxdur... - İDDİA Bildiyiniz kimi, ölkə başçısı bir müddət əvvəl müvafiq sərəncam imzalayaraq «Azərenerji» ASC-nin bütün səlahiyyətlərini «Azərişıq» ASC-yə verdi. Bununla da Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun varlığına son qoyuldu

Bundan sonra isə keçmiş məmurun bütün mülklərinin əlindən alınacağı, eyni zamanda həbs ediləcəyi barədə məlumatlar yayılmağa başladı. Hələ ki, sabiq məmur özü haqda yayılan söz-söhbətlərlə bağlı heç bir reaksiya verməyib. Bildirək ki, bu məmur vəzifədə olduğu müddətdə çoxsaylı qanunsuzluqlara imza atmaqla böyük sərvət toplamağa müvəffəq olub. Onun adı bir müddət əvvəl Elbrus Məmmədov adlı iş adamı ilə 2,4 milyon manatlıq əmlak davasında çəkilirdi. Məlumata görə, Elbrus Məmmədova məxsus Bakı şəhəri, Nərimanov rayonu, Rəhim Məmmədov küçəsində yerləşən dörd mərtəbəli mülk 2011-ci ildə Pirverdiyevə satılıb. Alqı-satqı müqaviləsinə əsasən, satan tərəf E.Məmmədov, alan tərəf isə "Azərenerji" ASC sədrinin həyat yoldaşı Pərvanə Pirverdiyeva olub. Mülk 2 milyon 300 min manata razılaşdırılıb, evin əşyaları üçün də əlavə 100 min manat ödəniləcəyi bildirilib. Mülk üçün ödəniş aparılıb. E.Məmmədov ona 2 milyon 300 min manatın verildiyini deyib. Evin əşyalarına görə isə 100 min manatı ala bilmədiyini söyləyib. Şikayətçi bildirib ki, alqı-satqı müqaviləsinə görə mülkiyyət real qiymətindən aşağı - 800 min manata göstərilib və səbəbini də "vergidən yayınma məqsədi" ilə izah edib. Şikayətçi tərəf pulun verilməməsində alqı-satqı məsələlərində iştirak etmiş "Azərenerji" sədrinin qaynı Hikməti də günahlandırıb. Qeyd edək ki, bu fakt sabiq məmurun korrupsiya ilə məşğul olmasını, ölkənin və sözügedən qurumun varidatını talamasının bariz nümunəsidir. Etibar Pirverdiyev həmçinin tikinti layihələrində yeyinti hallarına yol verməkdə də ittiham olunub. Belə ki, bir neçə il əvvəl Dövlət Bayrağı Meydanının tikintisi zamanı Etibar Pirverdiyevin yaxın qohumları özbaşınalıqlara və maliyyə mənimsəmələrinə yol veriblər: «Bayraq meydanının tikintisində işi faktiki icra edən əvvəlcə "Azərenerji"nin tabeliyindəki "Azərenerjitikinti" MMC olub. Tikintiyə başladıqdan 5-6 ay sonra isə Pirverdiyev "qeyri-adi ənənəvi iş metodu"na söykənərək, sözügedən MMC-ni ləğv edib, onun bazasında "Azenco" ASC-ni yaratdı. Bundan sonra tikinti işləri ASC-nin sərəncamına verildi. Həmin vaxt bu dəyişikliyin səbəbini ondan soruşan olmadı. Halbuki, o, bununla "Azərenerjitikinti" MMC-də məsul şəxs olan bacısının həyat yoldaşı Ramiz Güləliyev, həmçinin, təchizatın rəisi olan tələbə yoldaşı Əbülfət Kamilovun dövlət vəsaitlərini mənimsəməyən çoxsaylı fırıldaqlarını bu yolla ört-basdır elədi. Belə ki, Ramiz Güləliyevlə Əbülfət Kamilov tikintiyə keyfiyyətsiz mal-materiallar verməklə, ən hündür bayraq dirəyində dəfələrlə qəzalı vəziyyətin yaranmasına səbəb olublar. Əgər müvafiq sənədlər araşdırılsa, bəlli olar ki, tikintidə işlədilən betonlarda istifadə olunan sementlər yüksək marka ilə göstərilib. Ancaq laborator müayinə aparıldıqda, həmin sement markalarının aşağı olduğu təsdiqlənəcək. Etibar Pirverdiyevin qaynı Kərim Xammətovla Hikmətin hansı işlərlə məşğul olduqları araşdırılsa, bəlli olar ki, o qardaşlar Pirverdiyevin həyat yoldaşı Pərvanə Pirverdiyevanın adını da gündəmə gətirən əsas şəxslər olublar. Məsələn, adı mətbuatın gündəmindən düşməyən Hikmət illərdir Montində, keçmiş "Bayva"nın bazasına sahib olmaqla, oradan "Azərenerji"yə mal-materiallar satır. Təbii ki, Pirverdiyevə görə ona bu status verilib. O, bacısı Pərvanə Pirverdiyevanı da "Azərenerji" ilə bağlı biznes şəbəkəsinə daxil edib. İllərdir ki, "Azərenerji"nin tabeliyində olan bütün müəssisələrdə çalışan fəhlə və digər işçilərin pal-paltar və digər geyim əşyalarını Pərvanə Pirverdiyevanın adı ilə satırlar». Onu da qeyd edək ki, keçmiş məmur Bakı ilə yanaşı, şimal rayonlarının demək olar ki, hamısında biznes şəbəkəsi yaradıb. Qusar rayonundakı hotel və istirahət mərkəzlərinin, həmçinin dəbdəbəli villaların bir neçəsinin məhz Pirverdiyevə məxsus olduğu iddia olunur. Göründüyü kimi, bu şəxs ötən illər ərzində böyük maliyyə kapitalına sahiblənməyi bacarıb. Amma buna baxmayaraq, törətdiyi özbaşınalıqlara görə hələ ki, sorğu-sual edilməyib. Özəl mənbələrin gundelik-baku.com-a verdiyi məlumatlara görə, fəaliyyətinin yoxlanacağından və yığdığı sərvətin müsadirə edilə biləcəyindən qorxan Etibar Pirverdiyev istirahət adı altında ölkədən qaçıb. Onun hansı ölkəyə getməsi barədə hələlik dəqiq bir məlumat yoxdur. Deyilənə görə, keçmiş ASC sədri bir daha Azərbaycana qayıtmayacaq. Məsələ ilə bağlı qarşı tərəfi də dinləyə bilərik.