BolgeXeber.Com » Sosial » Küçə uşaqları: Komitə şok faktlar açıqladı

Küçə uşaqları: Komitə şok faktlar açıqladı

1-07-2016, 11:48
Oxunub: 4 030 Küçə uşaqları: Komitə şok faktlar açıqladı“Küçə uşaqlarının çoxalmasına səbəb ailə problemləridir”

Bu barədə AzVision.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika komitəsindən məlumat verilib.

Məlumatda qeyd edilib ki, Komitə tərəfindən Bakı şəhərində yaşayan və 9-17 yaşda olan 208 baxımsız küçə uşağından -165 oğlan və 43 qızdan sorğu götürülüb.

Nəticələrə görə, sorğu aparılan uşaqların yarıdan bir qədər çoxu Bakı şəhərinə xarici ölkələrdən və ya ölkənin digər şəhər və rayonlarından gələnlərdir.

“Oğlanların 56 faizi, qızların isə 12 faizi Bakı şəhərində anadan olub, müvafiq olaraq 42 və 84 faizi ölkənin regionlarından gəlib. Uşaqların 35 faizi məktəbdə təhsil aldıqlarını və hər gün məktəbə getdiklərini bildirib. 19 faizi və ya hər 7 oğlandan biri və hər 3 qızdan biri məktəbə getmədiyini söyləyib. Heç vaxt təhsil almayan uşaqlar bunun əsas səbəbi kimi kasıb olduqlarını və ya gələcəklərini qurmaq üçün pul qazandıqlarını göstəriblər.

208 küçə uşağının 94 faizinin ailəsi olub. Bununla belə, uşaqların 61 faizinin hər iki valideyni, təxminən üçdə birinin natamam ailəsi, yəni təkcə anası və ya atası, digərlərinin isə yalnız yaxın qohumları olub. Küçə uşaqlarının ailələrinin 90 faizində, özləri də daxil olmaqla, orta hesabla 18 yaşına çatmayan 2 uşaq olub”.

Komitədən verilən məlumata görə, küçə uşaqlarının mövcudluğunun səbəblərindən biri də onların ailələrində yaranan maliyyə problemləridir. Müayinənin nəticələrinə görə, hər iki valideyni olan 126 uşağın cəmi 9 faizinin həm atası, həm də anası işləyir. Valideynlərinin biri və ya hər ikisi olan uşaqların 75 faizinin təkcə anası və ya atası işləyir, hər beş uşaqdan birinin heç bir valideyni işləmir. Sorğu olunan hər 2 uşaqdan birinin ailəsi öz yaşayış yerini 1988-ci ildən, yəni Ermənistanın Azərbaycana qarşı təcavüzə başladığı dövrdən sonra dəyişib ki, bu da ölkədə küçə uşaqlarının formalaşmasına təsir edən amillərdən biridir.

“Şüşə qabları və metal tullantıları yığıb təhvil verməyi və dilənməyi əmək fəaliyyətinin bir növü hesab etsək, o zaman bütün sorğu aparılan küçə uşaqlarını işləyənlər kateqoriyasına aid etmək olar. Küçələrdəki uşaqların yarısı maşın yumaq (25 faiz) və dilənmək (25 faiz) yolu ilə pul qazanır. Oğlanların 14 faizi ailə üzvləri tərəfindən işləməyə məcbur edildiyini qeyd ediblər. Qızların 44 faizi da həmin səbəbi göstərib.

Uşaqların üçdə ikisi böyüklər tərəfindən onlara qarşı seksual xarakterli zorakılıq hallarının olmadığını söyləyib, qalanları isə bu suala cavab vermək istəməyib. Sorğu olunan hər beş uşaqdan ikisi küçələrdə qazandığı pulun bir hissəsini hədə-qorxu altında kiməsə verib-vermədiyini söyləməkdən imtina edib. Uşaqların üçdə bir hissəsindən çoxu qazandığı pulları hədə-qorxu altında heç kimə vermədiyini, hər səkkiz nəfərdən biri isə valideynlərinə və ya qohumlarına verdiyini bildirib”.

Küçə uşaqları ilə aparılan söhbətlərdən belə bir nəticəyə gəlmək olar ki, onların çoxu hazırkı vəziyyətlərindən razı deyillər. Belə ki, onlara yaşamaq və oxumaq üçün əlverişli şərait təklif olunarsa, küçə həyatından və işindən imtina edib-etməyəcəkləri barədə soruşulduqda, qız (91 faiz) və oğlanların (83 faiz) əksər hissəsi küçələri tərk etmək istədiklərini bildirib.
Bolgexeber.com