BolgeXeber.Com » Analitika » Səhiyyə sisteminin anası necə ağlayıb - İslahat zərurəti...

Səhiyyə sisteminin anası necə ağlayıb - İslahat zərurəti...

7-07-2016, 09:59
Oxunub: 4 231 Səhiyyə sisteminin anası necə ağlayıb - İslahat zərurəti...Son günlər tibb sahəsi ilə əlaqəli ard-arda baş verən hadisələr, haqlı olaraq ölkədə narahatlıqlara səbəb olub

Salyanda və Sumqayıtda pasient ölümləri, amputasiya zamanı həkimin buraxdığı səhv Azərbaycan səhiyyəsində mövcud problemlərin miqyasının göstəricisidir.

Ölkə mətbuatı və sosial şəbəkələrdə aparılan müzakirələr lazımlı olması ilə yanaşı, bəzi hallarda aşırı, qeyri-peşəkar, hətta bir sıra hallarda siyasi baxımdan maraq və nüfuz tendensiyalı şəkildə təzahür edir.

Amma fakt odur ki, bu gün ölkənin səhiyyə sistemində ciddi problemlər var. Rüşvət və korrupsiya halları ilə yanaşı, həkimlərin laqeyd münasibəti, qeyri-peşəkarlığı və pasiyentələrə gəlir mənbəyi kimi baxmaları vəziyyəti daha da kritikləşdirib.

Sözsüz ki, peşəkar, vicdanlı həkimlər də var. Amma iqtisadi asılılıq əksər tibb işçisini ələbaxımlı etdiyi üçün bu cür neqativ hallar ortaya çıxır.

Səhiyyə sistemindəki vəziyyətlə bağlı fikirlərini "Reytinq"lə bölüşən Tibb Universitetinin müəllimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev baş verənlərə obyektiv qiymət verməyin tərəfdarıdır. Ə.Əliyevin sözlərinə görə, təqribən bir neçə gün ərzində baş vermiş ölüm halları və səhv amputasiya ölkə səhiyyəsində çatışmazlıqları növbəti dəfə ortaya çıxarıb: "İstənilən dövlət səhiyyəsi üçün kriminal sayılacaq bu məsuliyyətsizlik, hüquqi və peşə qiymətini almalıdır. Qiymətləndirmə emosional olmamalı, siyasi qərəz görünməməlidir. İlk növbədə, rəsmi qurumlar, bu halda Səhiyyə Nazirliyinin rəyi alınmalı, konkret sahələr üzrə vəzifə daşıyan əsas mütəxəssislər fikirlərini bildirməlidirlər. Yalnız bundan sonra nəticəyə gəlmək, mövqe ifadə etmək düzgün sayıla bilər.

Bəs, bu ölümlərdən qaçmaq mümkün idimi? Səhv amputasiyanın səbəbi nə imiş?

Bu suallara peşəkar səviyyədə qiymət verilməlidir. Lakin ümumi olaraq, bəzi məsələlər haqqında fikir bildirmək mümkündür.

Əvvəl onu deyim ki, səhiyyədə baş vermiş son hadisələr, mahiyyətinə görə, digər sferalarda olan problemlərdən heç nə ilə fərqlənmir. 80 yaşlı, dövlət dilində danışmağı bacarmayan Baş naziri olan hökumətin səhiyyə sahəsi də belə olmalıdır.

Səhiyyədə mövcud problemlər bütövlükdə siyasi problemdən qaynaqlanır. Devalvasiya, sosial çətinliklər, işsizlik, korrupsiya və rüşvət siyasi hakimiyyətin buraxdığı səhvlərin nəticələri deyilmi? Hakimiyyət nümayəndələrinin səhvi deyilmi, cəmiyyətdəki digər eybəcərliklər? Necə olur ki, başqa sferalardakı qüsurlar ayrı-ayrı fərdlərə, səhiyyədəki çatışmazlıqlar bütövlükdə bütün səhiyyə işçilərinə şamil edilir? Devalvasiyaya görə bütün bank işçilərimi cavabdehdir? Yaxud, "Azərbaycanda maliyyəçi yoxdur",- deyirikmi?

Bu baxımdan, 2-3 həkimin səhvinə görə, həyatlarını xalqımızın sağlamlığına həsr etmiş çoxsaylı tibb işçilərinə ləkə atmaq olmaz. Əgər bu gün həkimi rüşvət almaqda suçlayırıqsa, onda nəyə görə onu bu işə vadar edənləri unuduruq? Azərbaycanda rəsmi səhiyyə ocaqlarında maaş alan həkimin məvacibi 200-250 manat arasındadır. Buna görə kim cavabdehlik daşıyır? Həmin məbləğə hansı azərbaycanlı kişi ailəsini dolandıra bilər? Əsasən insanların aldadılması üzərində bərqərar olmuş bəzi özəl səhiyyə ocaqları kimlərə mənsubdur? Bunu bilməyən varmı ölkədə?

Qurunun oduna yaş da yanır. Heç bir halda Səhiyyə Nazirliyinin məsuliyyət payını azaltmadan, cinayət miqyaslı səhvə yol vermiş həkimləri müdafiə etmədən problemlərin ciddi araşdırılmasının tərəfdarıyam".

Ə.Əliyevin qənaətincə, hamı böyük bir mexanizmin detalına çevrilib və cəmiyyətdə bütün dəyərləri pul əvəz etdiyindən, peşəsindən asılı olmayaraq, əksəriyyət pul qapmağı əsas peşə bilir: "Ona görə peşə etikası və məsuliyyəti bir sıra hallarda arxa plana keçir. Əksər təyin olunan səhə və müəssisə menecerləri dövlət postlarına biznes kreslosu kimi baxır. İri çaplı məmurlar səhəsindəki uğurlarla deyil, əldə edə bildiyi maliyyənin miqdarı ilə qiymət alır. Belə ölkədə hələlik böyük kataklizmlərin baş verməməsinin özü möcüzədir.

Düzdür, son illər neftdən gələn pullar eyiblərimizi ört-basdır edirdi, cəmiyyət neftin qoxusundan bihuş idi. Tədricən yuxululuq keçir. Qıtlıq yarandıqca, insanlar baş verənləri arşdırmağa, səbəbkarları tanımağa çalışacaqlar. Çünki pula alışdırılmış toplum, əsas faktorun azalmasından məmnun olmayacaq.

Hökumət idarəçilik üslubunda dəyişiklik etməyənə qədər biz hələ çox problemlərə şahidlik edəcəyik. Bütün sahələrdə, o cümlədən səhiyyədə də müşküllər qalacaq. Heç bir nazir ayrıca götürülmüş sahədə dəyişikliyə nail ola bilməz. Əgər bütün aparıcı vəsilələrə kadrların təyinatı peşəkarlıq və işgüzarlıq prinsipi ilə deyil, proteksiya, yerlibazlıq, şəxsi sədaqət, qohumluq və digər anormal üsullarla müəyyənləşirsə, eyni zamanda bu işlərin bütün məqamları siyasi maraqlara tabe etdirilirsə, nədən danışmaq olar. Kim bilmir ki, seçki saxtakarlığının əsas elementləri səhiyyə və təhsil administratorlarıdır? Ona görə də idarəçilər müəssisə və sahələri yönləndirmə uğuruna görə deyil, siyasi məsələlərə necə əməl edir məsələsinə görə qiymətləndirilir. Rəhbər isə peşəsi ilə deyil, divara şəkil düzməklə, gözə kül üfürməklə qiymətləndirilir.

Tək səhiyyədə deyil, bütün sahələrdəki çatışmazlıqların kökündə belə amillər dayandığından bütövlükdə siyasi həyatımız dəyişməlidir. İnsanlar dövlət işinə gəldikdə, tək varlanmaq haqqında deyil, həm də xalqa qulluq haqqında düşünməlidir. Buna isə onları ölkədə hər işə cavabdeh şanlı iqtidarımız məcbur etməlidir".

Maraqlıdır ki, hakimiyyət mənsubları da səhiyyə sistemində ortaya çıxan problemlərdən narazılıqlarını ifadə edirlər. Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Məlahət İbrahimqızı bildirib ki, ölkə başçısının diqqət və qayğısı nəticəsində səhiyyə sahəsində çox böyük işlər görülür. Onun sözlərinə görə, rayonlarda səhiyyə ocaqları yenidən qurulur və ən müasir avadanlıqlarla təmin olunur.

Millət vəkili təəssüflənir ki, aparılan yenidənqurma işləri ilə bərabər bir sıra xoşagəlməz hadisələr də baş verir:

"Hesab edirəm ki, bu, kadr islahatları ilə bağlıdır. Səhiyyə sahəsində çox ciddi kadr islahatları aparılmalıdır. Bildiyimiz kimi tibb işçilərinin attestasiyası keçirilir. Baş verən hadisələr göstərir ki, bu hələ də bəs etmir.

Bu günlərdə cərrahın səhvən sol ayağ əvəzinə sağ ayağı kəsməsi qınanılmalı bir hadisədir. Bir dişin çəkilməsi bəzən insanda ciddi psixoloji faciə ilə başa gəlir. Cərahiyyə əməliyyatına kompleks briqada daxil olur. Bu məsələyə çox bəsit yanaşılıb. Hadisələr göstərir ki, səhiyyə işçiləri arasında çox ciddi islahatlar aparılmalıdır".

Deputat ölkəmizdə Həkimləri Təkmilləşdirmə İnstitutunun mövcudluğuna da toxunub: "Həkimlər və tibb işçiləri orada kurslardan keçirlər. Həmin təkmilləşdirmə kurslarının özünün hansı səviyyədə olması araşdırılmalıdır. Hesab edirəm ki, təkmilləşdirmə kurslarının işinə ciddi baxmaq lazımdır.

Xarici ölkələrdə həkim 2-3 ildən bir imtahana girir. Çünki tibb elmi hər keçən gün dəyişir. Sürətli elm və texnologiya əsrində tibb işçiləri də hər gün özləri təkmilləşdirməlidirlər. Bu, o demək deyil ki, təkmilləşdirmə üçün hamını xaricə göndərmək lazımdır. Çünki ölkəmiz çox böyük nailiyyətlərə malikdir. Azərbaycanın bu sahədə potensialı az deyil".

Milli Məclisin üzvü xaricdə təhsil alan savadlı həkimlərə xüsusi diqqət ayrılmasının vacibliyinə də toxunub. "Ölkəmizdə çox savadlı gənc həkimlər var. Bu baxımdan işlərə fundamental baxılmalıdır. Ölkə rəhbərinin səhiyyə sahəsinə ayırdığı diqqət və qayğı böyükdür. Səhiyyə Nazirliyi də öz növbəsində kadr sahəsində çox ciddi işlər görməlidir",- deyə M.İbrahimqızı fikrini tamamlayıb.