BolgeXeber.Com » Bölgə » Ağcabədi RTŞ-dəki 600 min manatlıq yeyinti faktı necə ört-basdır edilib?

Ağcabədi RTŞ-dəki 600 min manatlıq yeyinti faktı necə ört-basdır edilib?

8-07-2016, 14:39
Oxunub: 3 677 Ağcabədi RTŞ-dəki 600 min manatlıq yeyinti faktı necə ört-basdır edilib?Şöbə müdiri Mehdi Əhmədov işinin öhdəsindən layiqincə gələ bilmir Nə yalan deyək, Mikayıl Cabbarov nazir təyin olunandan sonra təhsil sistemində elə də ciddi dəyişikliklər qeydə alınmayıb

Ölkəmizin təhsil sektorunda hələ də ciddi problemlər qalmaqdadır. Bu baxımdan rayonlarımızın təhsil şöbələrində vəziyyət o qədər də ürəkaçan deyil. Gundelik-baku.com-un əməkdaşlarının apardığı qısa araşdırmalar göstərir ki, Ağcabədi rayonunun da təhsili bərbad gündədir. Bunun səbəbkarı kimi isə Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Əhmədov Mehdi Əkbər oğlu göstərilir. Məlumat üçün demək istəyirik ki, Mehdi Əhmədov 26 avqust 1956-cı ildə Ağcabədi rayon Xosavənd kəndində anadan olub. 1963-cü ildə Xocavənd kənd orta məktəbin I sinifinə daxil olub. 1973-cü ildə Ağcabədi şəhər M.Aranlı adına şəhər 11 saylı orta məktəbin X sinifini bitirib. 1986-cı ildə Təhsil Nazirliyinin təyinatı ilə Ağcabədi rayon Xocavənd kənd tam orta məktəbinə müəllim təyin edilib. 1988-ci ildə S.Hüseynov adına Qarabağ kənd orta məktəbinə direktor müavini təyin olunub. 2006-cı ilin mart ayından hazıradək Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir. Apardığımız araşdırmalar göstərir ki, şöbə müdirinin adı bir müddət əvvəl nazirlə bağlı məsələdə hallanıb. Belə ki, yayılan məlumatlara görə, Mehdi Əhmədov nazirin təyinatından dərhal sonra məktəb direktorları vasitəsilə rayon təhsil işçilərindən kütləvi pul yığımına başlayıb: «Müdir Mikayıl Cabbarovun yalnız işinin öhdəsindən layiqincə gələ bilənlərin təhsil sahəsində çalışa biləcəyi ilə bağlı açıqlamasından özünəməxsus şəkildə nəticə çıxararaq bunu yeni nazirin təhsil məmurlarından rüşvət tələbi kimi təqdim edib. O direktorları toplayaraq deyib ki, ona nazirlikdən gələn tapşırığa əsasən kim vəzifəsini itirmək istəmirsə indidən “haqq-hesabı” çatdırmalıdır». Araşdırmalarla o da məlum olub ki, bir müddət əvvəl Maliyyə Nazirliyinin 10 saylı Regional Maliyyə Müfəttişliyi Ağcabədi Təhsil Şöbəsində yoxlamalara başlayıb. Müfəttişliyin rəisi Ədalət Nəbiyevin rəhbərliyi altında həyata keçirilən yoxlamanın müsbət sonluqla başa çatacağına ümid edən təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun ümidləri boşa çıxıb. İddialara görə, şöbə müdiri öncə Ədalət Nəbiyevlə anlaşaraq 200 min manata bütün yoxlamanı yola salacağına razılaşıblar. Lakin məsələnin mətbuata çıxması və işə Maliyyə Nazirliyinin belə qarışması planın alınmasına imkan verməyib. Məlumata görə, nazirliyin əməkdaşları şöbədə 600 min manatlıq yeyinti faktının üstünü açıblar. Və Mehdi Əhmədov həmin məbləği düzəltmək üçün Ağcabədidəki orta məktəb direktorlarını yığıma cəlb etməyə başlayıb. Rayonun təhsil sisteminin vayına oturan şöbə müdiri ilə bağlı başqa məlumatlar da mövcuddur. Belə ki, 3 saylı məktəb liseyin direktoru Tofiq Zeynalovun törətdiyi biabırçılıqlara şöbə müdirinin biganə münasibət sərgilədiyi qeyd olunur. Bu məsələnin təfərrüatlarını yaxın günlərdə açıqlayacağıq. Özəl mənbələr isə gundelik-baku.com-a bildiriblər ki, 10 ildir şöbə müdiri işləyən Mehdi Əhmədov geridə qalan müddətdə özünə böyük sərvət toplamağı bacarıb. Onun rayonun mərkəzində bir neçə ticarət obyektinin, eyni zamanda böyük fermalarının olduğu bildirilir. Maraqlıdır, Mehdi müəllim bu qədər mal-mülkü hansı yollarla əldə edib? Hesab edirik ki, bu sual nazir Mikayıl Cabbarov üçün də maraqlı olmalıdır. Qarşı tərəfin də cavab haqqını tanıyırıq.