BolgeXeber.Com » Analitika » Azərbaycanda xəyanətə görə 413 boşanma faktı qeydə alınıb

Azərbaycanda xəyanətə görə 413 boşanma faktı qeydə alınıb

13-07-2016, 09:57
Oxunub: 3 566 Azərbaycanda xəyanətə görə 413 boşanma faktı qeydə alınıbNəyə görə qurulan ailələr dağılır?

Son illərdə Azərbaycanda boşanmaların sayı kəskin artır. İldən-ilə artan rəqəmlər cəmiyyət üçün təhlükəli tendensiyanın yaranmasından xəbər verir. Bəs günü gündən artan boşanmaların səbəbi nədir? Nəyə görə qurulan ailələr dağılır?

Statistika...

2008-ci ildə Azərbaycanda 79 964 nikah və 7 933 boşanma;
2009-cu ildə 78 072 nikah və 7 784 boşanma;
2010-cu ildə 79 172 nikah və 9 061 boşanma;
2011-ci ildə 89,4 min nikah və 10,6 min boşanma;
2012-ci ildə 78 480 nikah və 11 min 182 boşanma;
2013-cü ildə 86 852 nikah və 11 730 boşanma;
2014-cü ildə 84 912 nikah, 12 088 boşanma faktı qeydə alınıb

Bolgexeber.com
xəbər verir ki, “Bizim Yol” qəzetinin yazdığına görə, boşanma səbəbləri arasında xasiyyətlərin uyğunsuzluğu ilk yeri tutur.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyir ki, Ədliyyə Nazirliyindən komitəyə daxil olan məlumatlara əsasən, 2015-ci ildə 68 985 nikah qeydə alınıb.

Ötən il nikahın pozulması üzrə 12 886 fakt qeydə alınıb. E.Səfərov deyib ki, Azərbaycanda boşanma səbəbləri arasında "xasiyyətlərin uyğunsuzluğu" ilk yeri tutur. Ötən il Azərbaycanda bu səbəbdən boşanmaların sayı 7318 olub. Ailə daxili zorakılıq (cinslər üzrə statistika aparılmır) səbəbindən 228, uşaqlarının olmaması səbəbinə görə 609 boşanma faktı qeydə alınıb.

E.Səfərov deyib ki, uşaqların olmaması səbəbindən boşananların sayı azalıb:

“Əvvəlki illərdə uşaqlarının olmaması səbəbindən boşananların sayı daha çox olub. Belə boşanmaların sayı 1000-ə yaxın olub”.

Komitə rəsmisi bildirib ki, ötən il ərzində xəyanətə görə boşanmaların sayı 413, sərxoşluqla bağlı boşanmaların sayı 369, narkomaniya ilə bağlı boşanmaların sayı 171, maddi duruma görə boşanmaların sayı 302, xəstəliyə görə boşanmaların sayı üzrə 224 fakt qeydə alınıb.

E.Səfərovun sözlərinə görə, boşanmalar daha çox 25-35 yaş arası insanlar arasında olur.