BolgeXeber.Com » Analitika » Qorxmaz Hüseynovun karyerasına təhlükə yarandı - ASC-də böyük dəyişiklik olacaq

Qorxmaz Hüseynovun karyerasına təhlükə yarandı - ASC-də böyük dəyişiklik olacaq

15-07-2016, 10:25
Oxunub: 3 528 Qorxmaz Hüseynovun karyerasına təhlükə yarandı - ASC-də böyük dəyişiklik olacaqİddiaya görə, adıçəkilənlər "Azərsu"da ayrıca bir qrup kimi istədiklərini edirlər

"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Qorxmaz Hüseynovun səlahiyyətlərinin qeyri-rəsmi məhdudlaşdırılması ilə bağlı yazılanlar tədricən rəsmi təsdiqini tapır. Çox güman ki, yaxın aylarda "Azərsu"da daha ciddi dəyişikliklər baş verəcək.

"Azərsu" ASC-nin adının çəkilməsini istəməyən əməkdaşlarından biri deyib ki, ötən həftə Qorxmaz Hüseynovun müstəqil olaraq Cəmiyyətin sədr müavinlərini təyin etmək səlahiyyətnin ləğvindən sonra adıçəkilən qurumda böyük dəyişikliklərə hazırlıq başlayıb.

Xatırladaq ki, ötən həftə Nazirlər Kabinetinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi"ndə etdiyi dəyişikliyə əsasən, "Azərsu" ASC-nin sədri yalnız Nazirlər Kabinetinin razılığı ilə Cəmiyyətin sədr müavinlərini vəzifəyə təyin və vəzifədən azad edə biləcək.

"Azərsu" ASC-nin törəmə müəssisələrinin (cəmiyyətlərinin), habelə idarə, filial və nümayəndəliklərinin rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad etmək üçün də Nazirlər Kabinetinin razılığı tələb olunacaq.



Amma Qorxmaz Hüseynovun səlahiyyəti təkcə bununla məhdudlaşdırılmayıb. O, bundan sonra müstəqil şəkildə ASC-nin filial və nümayəndəliklərinin yaradılması və ləğvini də həyata keçirə biməyəcək.

"Azərsu”dakı mənbənin iddiasına görə, bütün bunlar göstərir ki, artıq Qorxmaz Hüseynova olan etimad ciddi şəkildə şübhə altına düşüb: "Hakimiyyət artıq ona inanmır. Odur ki, rəsmi şəkildə belə qərar verildi. Bu qərar isə sədrin "əl-qolunu" bağlamaqla yanaşı, həm də gələcəkdə onun yaxın ətrafı ilə bağlı geniş araşdırma aparılacağına işarədir".

Məlumatda bildirilir ki, Q.Hüseynovun belə bir problemlə üzləşməsinin çox ciddi səbəbləri var:

"Bir neçə il bundan əvvəl "Azərsu"da böyük əməliyyat aparıldı. O zaman 1-ci müavin Teyyub Cabbarovun, daha dəqiqi, onun qardaşının kürəkəni də daxil olmaqla, xeyli sayda yüksək vəzifə sahibinin qandallanması barədə KİV-lərdə məlumatlar yayıldı. Düzdür, həmin həbslər və kimlərin həbs edilməsi mümkün qədər ictimaiyyətdən gizlədildi. Lakin məhdud dairələrə aydın oldu ki, həmin əməliyyat Teyyub Cabbarovun özündən də yan keçməyib. Onu xilas edənlərin başında isə Birləşmiş Su-Kanal İdarəsinin rəisi Etibar Məmmədovun müstəsna xidməti oldu. O zaman məlumat yayıldı ki, Etibar Məmmədov hakim dairələrdə olan əlaqələrindən istifadə edərək, Teyyub Cabbarovu istintaqdan qoruyub".

İddiaya görə, adıçəkilənlər "Azərsu"da ayrıca bir qrup kimi istədiklərini edirlər. Digər müavinlərə bağlı olan bir neçə qrup da öz istədiyini həyata keçirir: "Qorxmaz Hüseynovun özünə bağlı olan qrupdan isə danışmağa dəyməz. Onlar ASC-nin elə bir pullu sahəsi olmayıb ki, orada peyda olmasınlar. Hüseynovun qardaşları, bacısı uşaqları, həyat yoldaşı tərəfdən qohumları, xalası uşaqları və başqaları "Azərsu"dan müxtəlif formada "qidalanaraq" çox qısa zamanda böyük sərvət sahibinə çevriliblər. İnanmayanlar Qorxmaz Hüseynovun "Azərsu"ya gəldikdən sonra qohumlarının, onların adına yaradılan MMC-lərin milyonluq proseslərdə necə rol almalarını, tapşırılan işləri necə icra etmələrini, eyni zamanda onların çox qısa zamanda Bakıda, ölkənin şimal bölgəsində, hətta ölkə xaricində hər birinin dəyəri yarım milyonu aşan villalara necə sahibləndiklərini araşdırsınlar. Əlbəttə, bu faktlar hakim dairələrin də diqqətini çəkməyə bilməzdi…".

Məlumata görə, Q.Hüseynov başda olmaqla, "Azərsu" ASC-nin "peşəkar qrupları" bu sahəni şəxsi təsərrüfatı zənn edərək, dövlət əmlakı üzərində istədikləri kimi sərəncam verirlər. Nəticə etibarı ilə bu gün "Azərsu" nəinki rentabelli müəssisə kimi önə çıxa bilməyib, əksinə, beynəlxalq donor təşkilatlarından aldığı vəsaitləri ödəməkdə də problemlə üzləşib. Hansı ki, Q.Hüseynovun təyinatı zamanı onun üzərinə böyük öhdəliklər qoyulmuşdu. O isə bu öhdəlikləri "Azərsu" ASC-ni qruplaşmaların öhdəsinə buraxmaqla yerinə yetirir.

İddia edilir ki, bir ilə yaxındır təhlükə hiss edən Q.Hüseynov yaxın qohumlarına bağlı olan MMC-lərin "Azərsu"da əvvəlki kimi "yağlı sahə"lərə nüfuz etməsinə imkan vermir. O, bununla qohumlarını yaranma ehtimalı olan təhlükələrdən sığortalamağa çalışır.

Ancaq ASC-də o fikir də hakimdir ki, əslində sədrin özü ilə yanaşı, qohumlarına da bəzi məsələlərdə qadağalar qoyulub. Məsələn, artıq tender məsələlərində ASC-nin təhcizat sahəsinə rəhbərlik edən, Salyanda etimadı doğrultmayan sabiq icra başçısı Tahir Kərimovun qardaşı Qabil Kərimovun rolu sədr Qorxmaz Hüseynovun qardaşlarından dəfələrlə çoxdur. Və yaxud bu yaxınlarda "Azərsu"ya transfer edilən və çox sürətlə yüksələn departament rəisi Rövşən Kazımovun qarşısında Qorxmaz Hüseynovun özü belə ötkəm danışa bilmir. Yəni "Azərsu" qrupların "döyüş meydanı"na çevrilib. Bütün bunlar isə qurumda daha böyük islahat və dəyişikliklər tələb edir. Bu dəyişikliklərin yaxın zamanlarda reallaşacağı bildirilir.

Məlumatlı şəxs sonda qeyd edib ki, artıq Q.Hüseynovun postuna bir neçə iddialı namizədin adı hallanır.

//Reyting.az