BolgeXeber.Com » Media » Deputat baş redaktoru məhkəməyə verdi

Deputat baş redaktoru məhkəməyə verdi

21-11-2010, 12:55
Oxunub: 5 343
Əlişir Əhəd: "Novruzəli Aslanovun bizdən 20 min manat tələb etməsi mətbuatın tamamilə sıradan çıxarılmasına hesablanıb"

"Tribuna " İnformasiya Agentliyinin(tia.az) baş redaktoru Əlişir Əhəd deputat Novruzəli Aslanov tərəfindən məhkəməyə verilib. Qızıl Aypara Cəmiyyətinin sədri olan Milli Məclis üzvü bununla bağlı Masallı rayon məhkəməsinə müraciət edərək, baş redaktorun onun şərəf və ləyaqətin təhqir etdiyini əsas gətirərək, 147.1-ci maddə ilə barəsində işə baxılmasını tələb edir. Bu barədə “Bolgexeber”-ə Əlişir Əhəd məlumat verib.

O deyib ki, Novruzəli Aslanov oktyabr ayında tia.az-da «Daş qayaya rast gəlib» başlıqla yazı ilə əlaqədar belə bir iddia irəli sürüb. Onun iddiasına görə, Əlişir Əhəd 20 min manat təzminat ödəməlidir. Məsələyə münasibət bildirən baş redaktor deyib ki, onun haqqında qaldırılmış iddianın heç bir əsası yoxdur və qeyd olunan yazıda Novruzəli Aslanovun şərəf və ləyaqətini aşağılayacaq heç bir fikirə yol verilməyib.

Əlişir Əhəd deyib ki, bəzi deputat və dövlət məmurları belə addımlar ataraq mətbuatın inkişafının qarşısını almaqla yanaşı, həm də azad mətbuatın nümayəndələrinin gözünü qorxutmaqla məşğuldurlar: «Ötən il Konstitusiyada edilən dəyişikliklərdən sonra bir çoxlarının əlinə imkan düşdü. Məhz bu səbəbdən bir çox mətbuat orqanlarını və jurnalistləri susdurmaq üçün fəaliyyət başlandı. Belə şəxslər hələ deputat seçilməmişdən mətbuatı susdurmaq üçün cəhd edirlər. Görün, bunlar deputat olduqdan sonra nələrə əl atacaqlar. Elə bir şərait yaradılır ki, sabah kimsə nəsə yazmasın».

Baş redaktor onu da qeyd etdi ki, Novruzəli Aslanovun agentlikdən 20 min manat tələb etməsi mətbuatın tamamilə sıradan çıxarılmasına hesablanıb: «Bəzilərinə 20 min manat kiçik rəqəm kimi görünə bilər. Hətta elələri də ola bilər ki, onlar üçün bu qədər vəsait şam yeməyinin puludur. Ancaq bu məbləğ bizim üçün kifayət qədər böyük rəqəmdir. Və heç bir zaman həmin məbləği ödəyə bilməyəcəyimizi hamı bilsə yaxşı olar".