BolgeXeber.Com » Siyasət » Türkiyədə hərbi çevrilişə cəhd: qiyam necə başladı və vəziyyət nə yerdədir? VİDEO

Türkiyədə hərbi çevrilişə cəhd: qiyam necə başladı və vəziyyət nə yerdədir? VİDEO

16-07-2016, 13:11
Oxunub: 3 826 Türkiyədə hərbi çevrilişə cəhd: qiyam necə başladı və vəziyyət nə yerdədir? VİDEOHazırda qiyamda iştirak edənlər təslim olurlar, xeyli sayda hərbçi həbs edilib

Ötən gecə Türkiyənin paytaxtı Ankaraya və İstanbula ordu daxil olub. Bir sıra strateji obyektlər, bəzi televiziya kanalları, o cümlədən TRT hökümətin nəzarətindən çıxıb. Böyük körpülərdə nəqliyyatın hərəkəti dayandırılıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar girov götürülüb.

Qısa müddət sonra çevrilişə cəhd edənlər adından TRT-də bəyanat səslənib, kanalın yayımı dayandırılıb. TRT-nin xəbərlər proqramının aparıcısına silah tuşlanıb və hakimiyyətin ordunun nəzarətində olduğu elan edilib.

Bir müddət sonra isə təhlükəsizlik qüvvələri və vətəndaşlar TRT-yə toplaşaraq kanalı mühafizə ediblər.

Prezident Rəcəb Tayyib Ərdoğan isə əvvəlcə "CNN Türk" kanalı vasitəsilə ölkə əhalisini küçə və meydanlara çıxaraq hakimiyyəti müdafiə etməyə çağırıb. Daha sonra İstanbula gələn prezident Atatürk Hava Limanında xüsusi açıqlama ilə çıxış edib. Ərdoğan bildirib ki, Silahlı Qüvvələrin içində azlıqda olan bir dəstə hərbi çevrilişə cəhd edib.

Ərdoğan xüsusi köməkçisinin də girov götürüldüyünü açıqlayıb. O, Türkiyə Silahlı Qüvvələri əsgərlərinə və hərbçilərinə müraciət edib və onları öz ailə üzvlərinə, yaxınlarına, millətə qarşı silah işlətməməyə çağırıb.

Qiyamçılar Hava limanlarına, Türkiyə Böyük Millət Məclisinə havadan atəş açıblar.

Qısa müddətdə təhlükəsizlik qüvvələri strateji obyektlərin böyük hissəsini qiyamçılardan azad edə bilib. Ankaranın Akıncı bölgəsindəki 4-cü qırıcı təyyarə bazasını ələ keçirən qiyamçılar oranı tərk etməyə başlayıblar. Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hulusi Akar qiyamçılar tərəfindən məhz bu bazada girov saxlanılırdı. O, artıq azad olunub. Xüsusi təyinatlı polis qüvvələri Jandarm Qüvvələri Komandanlığını da qiyamçılardan təmizləyiblər. Baş Qərargahın binasını boşaldan 700-dək qiyamçı polisə təslim olub .Bununla yanaşı, qiyamçıların son qrupu - Boğaziçi körpüsündəki əsgərlər də müqaviməti dayandıraraq təslim olublar.

Qiyamda iştirak edən 1563 hərbçinin həbs edildiyi bildirilir. Paytaxt Ankarada vətəndaşlar dövlət çevrilişi cəhdinə kəskin etirazlarını bildirmək üçün Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının binasına doğru yürüş edirlər.

İlkin məlumata görə, Hərbi çevriliş cəhdinin qarşısının alınmasında əksəriyyəti polis olmaqla, 90 nəfər ölüb, 1154 nəfər yaralanıb.

“Xəzər Xəbər”