BolgeXeber.Com » İdman » İspan futbol klubun loqosunda Azərbaycan bayrağı

İspan futbol klubun loqosunda Azərbaycan bayrağı

23-07-2012, 14:20
Oxunub: 6 105 İspaniyada fəaliyyət göstərən futbol klubu Azərbaycan bayrağına büründü

Azərbaycanlı biznesmen, “Elmira” İspaniya-Azərbaycan Dostluğu Assosiasiyasının rəhbəri Gülnarə Xanbabayeva İspaniyada yeni futbol klubu alıb. O, “Baku de Valencia” və “Ellin Deportivo” klublarının bazası əsasında yeni komanda – “Baku Hellin Deportivo” klubunu formalaşdırıb.

Qeyd edək ki, bu komanda İspaniyanın üçüncü divizionunda çıxış edəcək. Lakin “Baku Hellin Deportivo”nu digərlərindən fərqləndirən əsas xüsusiyyət onun daha çox Azərbaycanlaşmasıdır.

Məsələ burasındadı ki, Xanbabayevanın rəhbərlik etdiyi klub rəsmiləri “Baku Hellin Deportivo” üçün yeni loqotip də formalaşdırıblar. Hər halda ispan tacı, xristian xaçı, kilsə ilə yanaşı loqotipdə Azərbaycan bayrağının da olması xüsusi diqqət çəkir. Deməli, İspaniya futbolunda təkcə Azərbaycan klubu yox, həm də Azərbaycan loqotipinin yarandığını əminliklə söyləmək olar.

Loqotipin ən üst hissəsində tac şəkli var ki, bu da əksər İspaniya klubları üçün xarakterik haldı. Belə ki, ispan klublarının böyük əksəriyyəti loqotiplərində bu taclardan istifadə edirlər. Bu, İspaniya monarxlığına inamı təcəssüm etdirir.

Aşağı hissədə klubun təmsilçisi olduğu Ellin şəhərinin simvolu qeyd olunub: iki şir və Asunson kilsəsi. Hansı ki, 31 min əhalisi olan şəhərin əsas simvollarından biri sayılır. Bütün bunların fonunda loqotipin Azərbaycan bayrağının rənglərinə boyanması isə sırf klubun yeni rəhbərliyinin azərbaycanlılardan ibarət olması və onların istəyi ilə bağlıdır.

Qeyd edək ki, ötən həftə Xanbabayeva İspaniyada mətbuat konfransı keçirərək öz hədəflərini də açıqlayıb. İspaniya futbolundakı “Azərbaycan təmsilçisi” daha güclü Sequnda diviziona (bu ölkənin gücünə görə ikinci çempionatına) çıxmağı hədəfləyib.

Gülnarə Xanbabayeva Valensiya (İspaniya) merinin köməkçisi, “Elmira” İspaniya-Azərbaycan Dostluğu Assosiasiyasının rəhbəridir.