BolgeXeber.Com » Gündəm » Lənkəranin icra başçisi girov götürülüb?

Lənkəranin icra başçisi girov götürülüb?

22-11-2010, 11:20
Oxunub: 5 896

Nərimanabad qəsəbəsinin sakinləri Tofiq İbrahimovu Mədəniyyət Klubunda 4 saat saxlayıblar

Qəsəbə əhli dənizdə balığa qoyulmuş qadağanın aradan qaldırılmasını və üç balıqçının təcili olaraq həbsdən azad edilməsini tələb edirlər

Qurban Bayramından bir neçə gün əvvəl Lənkəran rayonunun icra başçısı Tofiq İbrahimov girov götürülüb. Bu barədə Bolgexeber-ə məlumat verən mənbənin sözlərinə görə, hadisə rayonun Nərimanabad qəsəbəsində baş verib. Məlumatda deyilir ki, İbrahimov əhali ilə görüşmək üçün qəsəbəyə gəlib və orada Mədəniyyət Klubunda insanların problemləri ilə tanış olmaq istəyib. Lakin qəsəbə sakinləri həmin görüşdən bir neçə gün əvvəl baş vermiş insidentə cavab olaraq, icra başçısını girov saxlayıblar.

Məlumatda deyilir ki, Nərimanabad qəsəbəsini hiddətləndirmiş əsas məsələ dənizdə balıq tutulmasına qadağanın qoyulması və bir neçə gün əvvəl dənizdə balıq tutan qəsəbə sakinlərindən üçünün həbs olunması olub. Mənbə bildirir ki, xeyli vaxtdır balıq tutulmasına görə, dənizə girişə qadağa qoyulubmuş. Belə ki, Sarı adası və Nərimanabad qəsəbəsinin sakinləri bu səbəbdən illərdən bəri qazanc yeri kimi baxdıqları məşğuliyyətdən məhrum olublar. Rəsmi dairələrin də bu qadağanı əsaslandırması qəribə olub. Onlar deyiblər ki, guya, ekologiya və təbii sərvətləri qoruduqları üçün bu addımı atıblar.

Halbuki həmin qadağanın tətbiq edilməsinin səbəbkarı FHN başçısı Kəmaləddin Heydərovun nəzarətində olan «Kaspian Fiş» şirkəti üçün şəraitin yaradılmasıdır. Məlumatlı mənbə bildirir ki, Heydərovun nəzarətində olan bu şirkət təkcə Lənkəranda deyil, həmçinin dənizkənarı və balıqçılıqla məşğul olan digər rayonlarda da analoji qadağalar tətbiq edib. Hətta bu məşğuliyyətə baş vurmaq istəyən yerli sakinləri həbs etdirməkdən belə çəkinməyib. İş o həddə qədər pisləşib ki, dənizi qoruyan Sərhəd Qoşunlarının əsgərlərinə belə zərurət yaranarsa, balıqçılara güllə atmaq əmri verilib. İndiyə qədər bir neçə dəfə əsgərlərin atəş açdığını da iddia edən mənbə bildirib ki, Lənkəranda hələlik bu hadisələrə görə ölüm halları baş verməyib.

Nəzərinizə çatdıraq ki, bu qadağa Lənkəranın sabiq icra başçısı Süleyman Mikayılovun vaxtında qoyulub. «Çakır» ləqəbli icra başçısının «Kaspian Fiş»ə yardım məqsədi ilə tətbiq etdiyi qadağanın əziyyətini isə yeni icra başçısı çəkməli olub. Nərimanabad qəsəbəsində əhali tərəfindən girov götürülən və 4 saat binanın içində saxlanılan Tofiq İbrahimovu azad etmək üçün Daxili Qoşunların əsgərləri və polis işçiləri ayağa qaldırılsa da, icra başçısının işə qarışmasından sonra toqquşma baş verməyib. Mənbə bildirir ki, həmin vaxt Mədəniyyət Klubunun qarşısına 4000-ə yaxın qəsəbə sakini yığılıbmış. Onların tələbi də bu olub ki, bir neçə gün bundan əvvəl dənizdə balıq tutarkən həbs olunmuş qəsəbənin üç sakini dərhal azadlığa buraxılsın və balıq tutmaq üçün tətbiq olunmuş qadağa aradan qaldırılsın. Həmin şərtləri qəbul edən İbrahimov həbsdə olan üç nəfəri buraxdırıb. Amma qadağanın aradan qaldırılması üçün rəsmi qurumlarla danışaraq, məsələni həll edəcəyinə söz verib.

Lakin məsələ bununla da bitməyib. Nərimanabadlılar icra başçısına xəbərdarlıq ediblər ki, əgər verdiyi vədlərin üzərində dayanmasa, o zaman qəsəbədə yaşayan 27 min sakininin hamısı ayağa qalxacaq. Eyni zamanda, o da bəyan olunub ki, bundan sonra qadağa götürülməsə belə illərdən bəri ailələrini dolandırmaq üçün məşğul olduqları balıqçılığı davam etdirəcəklər və dənizə gedəcəklər.

Hazırda rayonda vəziyyətin sabit olmadığını da bildirən mənbə deyir ki, sözügedən qəsəbənin sakinləri icra başçısından cavab gözləyirlər. Qoyulmuş müddət isə bu həftənin sonlarında başa çatmalıdır. Tələbləri yerinə yetirilməsə, rayonun mərkəzində böyük bir aksiya keçiiləcək.