BolgeXeber.Com » Analitika » Deputat qardaşı oğluna dəlilik kağızını neçəyə alıb?

Deputat qardaşı oğluna dəlilik kağızını neçəyə alıb?

24-07-2012, 11:40
Oxunub: 5 561 Hüseynbala Mirələmovun qardaşı oğlunun cinayəti bu məsələni aktuallaşdırıb; belə sənədin qiyməti 3-20 min manat arasında dəyişir

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl deputat Hüseynbala Mirələmova məxsus “1000 gecə” restoranında qanlı olay baş verdi. Deputatın qardaşı oğlu Rəşad Mirələmov odlu silahdan atəş açmaqla Xəzər rayon sakini Ramal Bayramovu öldürdü, İmişli sakini Səməd Mənsimovu isə qolundan yaraladı.

Deputat olayla bağlı açıqlamasında bildirdi ki, qardaşı oğlu 15 il həbsxanada yatıb çıxıb: “Normal adam deyil. Özü də xəstədir, dəlidir. Həbsdən çıxandan sonra dəlilik kağızı veriblər”.

Maraqlıdır ki, bir çox məşhurların, imkanlı şəxslərin yaxın adamlarında belə bir kağız var. Hətta dəlixanadan belə sənəd alıb vəzifə tutanlar da var. Bir çox bələdiyyə sədrlərində də belə sənədlərin olması xəbəri var. Konkret fakta gəlincə isə Binəqədinin hazırkı deputatı Hacı Madər Musayevin bacısı oğlu, vaxtilə rayon bələdiyyəsinin sədri olmuş Elman Salmanovun da belə bir sənədə sahib olduğu deyilirdi. Bildirilirdi ki, M.Musayev qohumunun bələdiyyədə yol verdiyi maxinasiyalara görə məsuliyyətə cəlb olunacağından ehtiyat etdiyinə görə ona dəlilik kağızı alıb. Yəni məmurlar yaxınlarını cinayət məsuliyyətindən, hərbi xidmətdən yayındırmaq üçün pul verib belə bir sənəd əldə edirlər.

Maraqlıdır, bəs məmurlar onları və yaxınlarını bəzən məhbəsdən qoruyan dəlilik kağızını necə əldə edirlər?

Bu sualla müraciət etdiyimiz ekspert dedi ki, Ruhi-Əsəb Xəstəlikləri və 1 nömrəli Respublika Psixiatriya xəstəxanalarında əsgərlikdən yayınan və cinayət törətmiş şəxslərə rüşvət müqabilində saxta sənəd verilməsi haqda zaman-zaman mətbuatda yazılar dərc olunub: “Gedib xəstəxananın işçiləri ilə danışırlar. Tələsik olmasa, dəlilik kağızı veriləcək şəxs gedib xəstəxanada 10-15 gün yatacaqsa, onda belə bir sənədin alınmasına 3-4 min manat xərclənməlidir. Amma əksər məmur övladları orada qalmaqdan imtina edirlər. Buna görə də gününə 100 manat ödəyirlər”.

Ekspert deyir ki, dəlilik kağızı barəsində cinayət işi başlamış və həbsdə olan şəxs üçün alınırsa, bu məbləğ dəfələrlə artır: “20 min manat verib dəlilik kağızı alanlar da var. Təki cinayət məsuliyyətindən canını qurtarsın deyə külli miqdarda pul verirlər. Belə sənədi alan şəxslərlə şərt kəsilir ki, bu haqda kimsənin yanında danışmasın”.

H.Mirələmovun qardaşı oğluna dəlilik kağızını neçəyə almasını söyləmək çətin olsa da aydındır ki, hörmətli deputat və ya onun qardaşı buna görə az parasından keçməyib. Belə görünür ki, R.Mirələmov cinayəti törətdikdən sonra dəlilik kağızının ortaya çıxması onun məsuliyyətdən qurtarmasına hesablanmış addımdır.

R.Mirələmovun törətdiyi olayla bağlı Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə), 29, 120.2.7 (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Amma R.Mirələmovu belə bir sənədlə uzun müddət həbsdə saxlamaq mümkün olmayacaq.

Musavat.com