BolgeXeber.Com » Ölkə » İqtisad Universitetində “cəza” tədbirləri

İqtisad Universitetində “cəza” tədbirləri

23-07-2016, 13:34
Oxunub: 2 133 İqtisad Universitetində “cəza” tədbirləriRektor Ədalət Muradov özünü sığortalamaq məqsədilə universitetin ona yaxın əməkdaşını işdən çıxarıb

Artıq uzun müddətdir ki, redaksiyamıza Azərbaycan Dövlət İqtisad Universitetinin fəaliyyətini müşayiət edən müxtəlif qalmaqallar və korrupsiya halları barədə açıqlamalar daxil olmaqdadır. Bu xüsusda bizimdovr.az-a daxil olan məlumatlarda Ədalət Muradovun rəhbərliyə gəldiyi ilk günlərdən artıq bu ali təhsil müəssisəsində yeni qaydaların bərqərar olunduğu, həm də bu qaydaların müxtəlif səpgili korrupsiya hallarının daha da dərinləşməsinə yol açdığı bildirilir. İddialara görə, Ədalət Muradov universitetə rektor təyin olunduqdan dərhal sonra bir sıra başqa qaranlıq əməliyyatlara da imza atıb. Həmin qaranlıq əməliyyatlar içərisində şübhəli tələbə transferlərindən tutmuş, rüşvətin yeni məzənnəsinə qədər bir çox məqamlar var. Bunlardan biri və ilk növbədə universitet tələbələrini daha çox narahat edən cəhət bundan ibarətdir ki, yeni təyinatdan sonra ADİU-da rüşvət yığımları indiyədək görünməmiş dərəcədə yüksək həddə çatdırılıb. Yeri gəlmişkən, bir müddət əvvəl ADİU-dan bizimdovr.az-a daxil olmuş növbəti məlumatda da məhz universitetdə həyata keçirilən növbəi rüşvət yığımının təfərrüatlarından bəhs olunurdu. Açıqlamada deyilirdi: “Bu gün universitetimizdə ən aktual mövzu buraxılış kurs tələbələrinin diplom ala bilmək ehtimallarının “qiymətləndirilməsilə” bağlıdır. Məlumdur ki, hazırda iqtisad universitetində buraya müxtəlif özəl ali təhsil müəssisələrindən transfer olunmuş tələbələr də təhsil alırlar. Əksəriyyəti bilavasitə Ədalət Muradovun rektor təyin olunmasından sonra belə bir şansı əldə etmiş tələbələrin çoxu, savad baxımından xeyli “axsayırlar”. Buna görə də bu tələbələrin demək olar ki, hamısının onlarla imtahan kəsirləri yığılıb qalıb. Təbii ki, belə olan vəziyyətdə bu tələbələrin diplom almaq şansları da azalır. Amma universitet rəhbərliyi bu şansların artırılması üçün xüsusi formulalar təklif edir. Məsələn, mənim tələbə tanışlarımdan biri ADİU-nun Dünya İqtisadiyyatı fakültəsinə özəl universitetdən transfer olub. Hazırda onun 28 fənn imtahanından kəsiri var. Aydındır ki, belə bir vəziyyətdə onun diplom ala bilməsi demək olar ki, mümkün deyil. Lakin buna baxmayaraq, həmin tələbəyə “işgüzar” bir təklif olunub. Belə ki, o, hər imtahana görə 1000 manat və dövlət imtahanına görə 5000 manat olmaqla, cəmi 33 min manat ödəyərsə, bu zaman onun bütün problemləri həll olunar...”
Qeyd edək ki, son aldığımız məlumata görə, universitet rəhbərliyinin rüşvət tələblərilə üzləşmiş tələbələrdən birinin atdığı addım gözlənilməz nəticələrə səbəb olub. Məlumtda deyilir ki, həmin tələbə məcburiyyət qarşısında qalaraq Heydər Əliyev Fonduna şikayətlə müraciət etmişdir. Bundan sonra həmin tələbə Fondda qəbul olunub və onun şikayəti dinlənilib. Daha sonra açıqlamada deyilir ki, tələbənin şikayətini araşdırmaq məqsədilə Heydər Əliyev Fondundan Ədalət Muradovla əlaqə saxlayıblar. Rektor isə öz növbəsində, pul yığımları barədə qətiyyən heç bir məlumatı olmadığını və məsələni mütləq araşdıracağını bəyan edib. Bundan sonra ADİU-da əsil “mərəkə” qopub. Rektorun “araşdırmasının” nəticəsi isə bu olub ki, ilk növbədə tələbələrdən artıq yığılmış külli-miqdarda rüşvət pulları sahiblərinə qaytarılıb. Bundan sonra isə, özünü sığortalamaq məqsədilə Ədalət Muradov universitetin bir neçə əməkdaşını cəzalandırmaq qərarına gəlib. Nəticədə, rektorun əsas pulyığanlarından biri olan Nizami Musayev və daha 8-9 nəfər işdən azad olunublar.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.