BolgeXeber.Com » Bölgə » Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO

Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO

28-07-2016, 10:22
Oxunub: 4 718 Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTOTərtərdə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına müvafiq olaraq, rayonlarda kənd təsərrüfatı işlərinin gedişinin, fermerlərin, torpaq mülkiyyətçilərinin təklif və istəklərinin, həmçinin aqrar sektorun inkişaf perspektivlərinin öyrənilməsi və operativ tədbirlərin görülməsi məqsədilə yaradılan işçi qrupunun üzvləri iyulun 27-də günün ikinci yarısında Tərtər rayonunda olublar.
İşçi qrupunun rəhbəri, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Adminstrasiyanın məsul işçisi Ağaəli Əhmədov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədr müavini Zakir Quliyev, "MKT İstehsalat Kommersiya” MMC sədri Bəhruz Camalov əvvəlcə yerlərdə olub, sahibkarlarla görüşüblər. İşçi qrupu Azad Qaraqoyunlu, Zolgörən, İrəvanlı kəndlərində və Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında pambıq və çuğundur əkini sahələrinə baxış keçirib.
Sonra Tərtər Rayon İcra Hakimiyyətində fermerlərin, aqrar sahədə çalışan sahibkarların, mütəxəssislərin, müvafiq idarə və təşkilat rəhbərlərinin, təsərrüfat sahiblərinin, bələdiyyə sədrlərinin iştirakı ilə kənd təsərrüfatı işlərinin gedişi və aqrar sektorun inkişaf perspektivlərinə həsr olunan müşavirə keçirilib.
Tərtər Rayon İcra Hakimiyyəti Başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Abbas Cavadov rayonun sosial-iqtisadi inkişafı, aparılan tikinti-quruculuq işləri, həyata keçirilən sosial layihələr, həmçinin aqrar sahədəki mövcud vəziyyət barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin ölkədə strateji kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə bağlı tövsiyə və tapşırıqlarına uyğun olaraq, rayonda 1000 hektardan artıq sahədə pambıq səpini aparılıb. Gələn il 3 min hektardan çox pambıq əkininin aparılması planlaşdırılır. Bu il həmçinin uzun fasilədən sonra 1 tona yaxın barama tədarük edilib. Növbəti illərdə 4-5 ton barama istehsalı nəzərdə tutulur. Rayonda bu il 12 min 214 hektar taxıl sahəsindən 41 min 233 ton məhsul əldə edilib.
Müşavirədə çıxış edən Azər Əmiraslanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən aqrar islahatlardan, dövlətimizin başçısının tapşırığı ilə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf perspektivlərindən danışıb. Artıq ölkəmizdə neft sənayesi ilə yanaşı iqtisadiyyatın digər sahələrinin, o cümlədən aqrar sektorun hərtərəfli inkişafı üçün yaxşı potensialın olduğunu diqqətə çatdırıb.
İşçi qrupunun fəaliyyət istiqamətlərini şərh edən şöbə müdiri bildirib ki, qrup tərəfindən indiyədək 40-dan çox rayona səfərlər təşkil edilərək, kənd təsərrüfatının inkişaf perspektivləri araşdırılıb və bununla bağlı müşavirələr keçirilib.
Aqrar sektora göstərilən dövlət dəstəyindən bəhs edən işçi qrupun rəhbəri bu sahənin inkişafı üçün uçot və statistika işinin düzgün qurulmasından, kənd təsərrüfatı məhsulları istehsalı üzrə ixtisaslaşmanın aparılmasından, aktiv istifadə olunmayan torpaqların əkin dövriyyəsinə cəlb edilməsindən, iri təsərrüfatların, kooperativlərin yaradılmasının perspektivlərindən söz açıb. Bildirilib ki, həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib.
Qeyd edilib ki, dövlət kənd təsərrüfatını prioritet sahə kimi elan edib. Ölkədə kənd təsərrüfatı sahəsində yeni mərhələ başlayır. Pambıqçılığın, tütünçülüyün, baramaçılığın, heyvandarlığın inkişafı istiqamətində böyük işlər görülür. Əvvəllər yalnız taxıl istehsalçılarına subsidiyalar verilirdisə, indi artıq pambıq, tütün istehsalçılarına da subsidiyalar ayrılır. Gələn ildən barama istehsalçılarına da subsidiya ayrılması nəzərdə tutulur.
Diskussiya şəraitində davam edən müşavirədə fermer və sahibkarları maraqlandıran məsələlərə aydınlıq gətirilib, onların təklifləri dinlənilib. Rayonda suvarma suyu ilə təminatın yaxşılaşdırılması, korporasiyaların yaradılması, tingçilik təsərrüfatlarının mini texnikalarla təmin edilməsi, respublikanın müxtəlif yerlərində ağac tinglərinin satışının təşkil edilməsi və digər məsələlərlə bağlı təkliflər səsləndirilib.
Bolgexeber.com
Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO
Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO
Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO
Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO
Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO
Tərtərdə kənd təsərrüfatı ilə bağlı müşavirə keçirilib-FOTO