BolgeXeber.Com » Analitika » Bakı çimərliklərində sovrulan ümidlər

Bakı çimərliklərində sovrulan ümidlər

1-08-2016, 10:31
Oxunub: 3 868 Bakı çimərliklərində sovrulan ümidlərBu il yay mövsümünün daha çox küləkli və buludlu keçməsi dəniz kənarlarındakı sahibkarları çətin vəziyyətdə qoyub

Mövsümlük sahibkarlıqla məşğul olanlar icarə haqlarını əvvəlcədən ödədiklərindən indi nəinki qazanc əldə edə bildiklərini, hətta xərclədikləri məbləği belə, çıxara bilmədiklərini deyirlər. Ən çox şikayətlənənlər isə icarəyə obyekt götürənlərdir.

Sahibkarların böyük dərdinə çevrilən Bakı küləyi və buludlu hava bu həftə sonu da davam etdi. Üz tutduğumuz dənizkənarı ticarət obyektlərindən birini işlədən sahibkarla bu mövsüm necə qazanc əldə bildiklərini və havaların qeyri-sabit keçməsi nəticəsində qarşılaşdıqları problemlərlə bağlı söhbət etdik.

Bolgexeber.com musavat.com-a istinadən bildirir ki, Bilgəh qəsəbəsində dəniz kənarında ticarət obyektini icarəyə götürən Rizvan Məmmədov deyib ki, mövsümlük iş hər zaman riskli olur. Ancaq bu yay mövsümü gözləniləndən də çətin olub.

"Sezonluq obyektlərin əksəriyyətində, bəlkə də hamısında icarə haqqını əvvəlcədən ödəyirsən. Yəni aylıq icarə haqqı yox, bütünlükdə yay mövsümü üçün nəzərdə tutulan məbləği ödəməlisən. Artıq bu, uzun illərdir ki, belə davam edir. Biz də bu obyekti götürəndə əvvəlcədən icarə haqqını ödəmişik" - deyən sahibkar xərclədikləri əlavə məbləği də xatırladaraq deyib ki, bu mövsüm hələlik xeyir əldə edə bilməyib.

Dənizkənarı obyektlərin mövsümlük icarə haqqının 8-15 min manat arasında dəyişdiyini deyən R.Məmmədov bu məbləğə hansı obyektlərin icarəyə verildiyini belə izah edir: "8-10 min manatlıq obyektlər deyəndə kiminsə ağlına restoran kimi bir yer gəlməsin. Sadəcə dənizin kənarında, qumluq, həsirlə və ya daşla örtülmüş ərazilərdir. Kiçik mətbəxi və barı olur. Obyektlər əsasən bundan ibarət olur. Bu məbləğə hər şey daxildir. Sadaladıqlarımdan əlavə qalan nə lazım olarsa, özünüz qarşılamalısınız. Əksər obyektlərdə qab-qacaq belə, olmur. Bunu da icarəyə götürən şəxs özü qarşılayır. Stol və stullara da cavabdehlik daşıyırsan. Sınan, itən bütün əşyalara icarədar cavabdeh olur. Daha yüksək qiymətə icarəyə verilən obyektlərin şəraiti isə təbii ki, yaxşı olur".

R.Məmmədov deyib ki, bütün bunlar "dəniz kənarında qiymətlər çox bahadır" söz-söhbətinin yaranmasına səbəb olur: "İcarə haqqı çox baha olur. Üstəlik digər xərcləri də nəzərə alanda sahibkar da istəyir ki, nəsə qazansın. Bütün bunlara havaların küləkli və yağışlı keçməsini də əlavə edəndə vəziyyət çətinləşir. 8-10 min manat çoxdur. Bu məbləği çıxarmağa, özün üçün də qazanc əldə etməyə çalışanda qiymətləri məcburi şəkildə baha etməlisən. Məsələn, burada tikə kababın bir şişi 5-6 manat olanda müştəri deyir ki, bəs filan yerdə 4 manatdır. Axı, həmin filan yerdə icarə haqqı buradakı kimi deyil. Həm də burada qiymətlərin bir az baha olması hava ilə bağlıdır. Sahibkar düşünür ki, sabah havanın necə olacağına etibar yoxdur, heç olmasa bu gün baha satıb nəsə qazanım".

Artıq iyul ayının başa çatmasını təəssüflə qeyd edən sahibkar deyir ki, ümidləri son olaraq avqust ayına qalıb. Geridə qalan müddət ərzində qazandıqları ilə yalnız icarə haqqını ödəyə bildiklərini söyləyən R.Məmmədov mövsümlük icarəyə verilən yerlərin sahiblərinin belə halda da güzəşt etmədiklərini bildirir: "Burada heç bir güzəştdən söhbət gedə bilməz. Pulu nədir razılaşıb, əvvəlcədən ödəyirsən. Obyekt sahibi də deyir ki, "çox qazansan da sənindir, az qazansan da". İndi nəsə şikayət etsən ki, bəs işləyə bilməmişik. Adama cavab verirlər ki, "guya çox qazananda mənə çox verirdin?"

Əsasən müştəri bolluğunun həftə sonları müşahidə olunduğunu deyən sahibkar bu mövsüm havaların küləkli və yağışlı günlərinin məhz şənbə və bazara təsadüf etməsindən şikayətçidir: "Həftəiçi işlər o qədər də yaxşı olmur. Düzdür, hava yaxşı olanda həftəiçi də iş olur. Ancaq neçə illədir, bu sahədə çalışdığımızdan bilirik ki, əsasən pul xərcləyən müştərilər həftə sonları istirahətə gəlir. Onlar həftəiçi işləyib, həftə sonu dəniz kənarına üz tuturlar. Elə əsas pul xərcləyən təbəqə də onlardır. Ancaq bu il küləkli və yağışlı havalar elə həftə sonları müşahidə olundu. Bu şənbə də belə oldu. Səhərdən günortaya qədər hava çox isti və günəşli oldu. Ancaq axşam saat 7-dən sonra hava birdən-birə dəyişdi. Əsasən həftə sonu axşam saat 11-12-yə qədər müştəri olurdu. Ancaq 8-9 arası camaat getməyə başladı. Gözümüz, qulağımız hava proqnozlarında qalıb. Bu mövsümlük ticarətlə məşğul olan hər kəs üçün belədir. Səhər yuxudan oyananda pəncərədən boylanıb havaya baxırsan, hava proqnozunu dinləyirsən".

Qeyd edək ki, hava şəraitinin yay mövsümündə gözləniləndən fərqli keçməsi ölkəyə gələn turistlərin sayına da öz təsirini göstərməmiş deyil.

Turizm sahəsi üzrə ekspert Çingiz İsmayılov deyir ki, turist hər hansı bir ölkəyə səfər edəndə internet üzərindən həmin ölkədə müvafiq günlərdə havanın necə keçəcəyini öyrənir: "Əgər hava şəraiti onu qane edirsə, gəlir, etmirsə, gəlmir. Bəzən turist ölkəyə araşdırma aparmadan gəlir, düşünür ki, yaydırsa, bütün ölkələrdə isti olacaq, o zaman turizm mərkəzləri onların istirahətini təmin etməlidir.

Hər kəs bilir ki, Bakı küləklər şəhəridir. Buraya gələn adamlar da həftəlik, aylıq məlumat əldə edirlər. İnternetdə dünyanın istənilən ölkəsi üzrə hava xəritəsi var. Həmin saytlara girib baxa bilər ki, məsələn, ayın 20-27-si arası Bakıda olacağı günlərdə hava necə keçəcək? Normal turist bunlarla maraqlanmalıdır".