BolgeXeber.Com » Şou-Biznes » 24 ölkənin gözəli Azərbaycana gəlir

24 ölkənin gözəli Azərbaycana gəlir

25-07-2012, 20:50
Oxunub: 4 817 Müsabiqənin qalibinə 12 min avro dəyərində brilyant qaşlarla bəzədilmiş tac bağışlanılacaq

Azərbaycanda ilk dəfə olaraq “Miss Civilization of The World 2012” (Mədəniyyətlər Gözəli 2012) gözəllik müsabiqəsi keçiriləcək. Lent.az-ın məlumatına görə, müsabiqə ilə bağlı bu gün keçirilən mətbuat konfransında yarışmanın təşkilatçısı CFC Organizationun rəhbəri Kemal Cenk bildirib ki, müsabiqənin böyük finalında iştirak etmək üçün ilk öncə Azərbaycan seçimi aparılacaq.

18-28 yaş arası, boyu 170-dən yuxarı olan, gözəlliyinə, zəkası, savadı, mədəniyyətinə güvənən subay, yaxud ailəsi və uşağı olmayan xanımlar müsabiqədə iştirak edə bilərlər. İştirak etmək üçün sənəd verən xanımlar arasında seçim aparılacaq. Müsabiqənin finalına 20 ən layiqli iştirakçı vəsiqə qazanacaq. 20 iştirakçı bəlli olduqdan sonra final gecəsinədək onların məşqləri keçiriləcək. Avqust sonuna yaxın Azərbaycan seçiminin final gecəsi keçiriləcək. Sənəd qəbulu Capones Night Club və Af Hotel Novxanıda olacaq. Gözəllərin tək xarici görünüşü yox, onların müxtəlif sahələrdə bilik və bacarıqları, istedadları yoxlanılacaq.

Kemal Cenk bildirib ki, 2008-ci ildən dünyanın müxtəlif ölkələrində keçirilən yarışma bu dəfə fərqli – mədəni çərçivədə olacaq: “Bakıya gələn qonaqlara Azərbaycanın tarixi yerləri nümayiş olunacaq. Şəki, Qəbələ və bir çox rayonlara turları təşkil ediləcək. Əsas hədəfimiz gözəllik yarışması təşkil etməkdən çox, Azərbaycanı tanıtmaqdır”.

O, bildirib ki, münsiflər heyətində Türkiyənin ən tanınmış modelləri, eləcədə müxtəlif illərdə gözəllik müsabiqəsində qalib olan gözəllər olacaq. Azərbaycandan isə cəmi bir neçə nümayəndə iştirak edəcək. Azərbaycan tərəfdən müsabiqənin siması xalq artisti Aygün Kazımova olacaq.

Müsabiqədə Türkiyə, Albaniya, Tunis, Kipr, İspaniya, Gürcüstan, Ukrayna, Rusiya, Özbəkistan, İsrail, Qırğızıstan, Qazaxıstan da daxil olmaqla, ümumilikdə 24 ölkə iştirak edəcək.

Təşkilat rəhbəri yarışmanın proqramını da açıqlayıb: “Birinci gün hər bir ölkə öz milli geyimində səhnəyə çıxacaq, daha sonra bütün ölkə təmsilçiləri Azərbaycan milli geyimində, “Sarı gəlin” sədaları altında podiuma çıxacaqlar. Növbəti günlər isə gecə libası, gəlinlik və idman geyimlərində olacaqlar. Çimərlik geyimi olmayacaq. Çünki biz düşündük ki, bu, mədəniyyət yarışmasıdır və daha səviyyəli təşkil olunsun”.

Qalibə hansı hədiyyə veriləcəyinə gəlincə isə Cenk bildirib ki, hazırda hədiyyənin hazırlanması prosesi gedir: “Artıq qalibin başına taxılacaq tac hazırlanır. Brilyant qaşlarla bəzədilmiş 12-15 min avro dəyərində tac olacaq”.

Müsabiqənin təşkilatçısı CFC Organizationun rəhbər Kamal Cenk İçtendir. Təşkilat Komitəsinin sədri Fərid Bağırov, koordinatoru Cengiz Aşkın, rejissoru Pərviz Əzimovdur.