BolgeXeber.Com » Analitika » Peyvəndin qurbanı olan 4 yaşlı uşaq - ARAŞDIRMA

Peyvəndin qurbanı olan 4 yaşlı uşaq - ARAŞDIRMA

26-07-2012, 00:00
Oxunub: 5 536 Bu nəticələrin meydana gəlməsində Səhiyyə Nazirliyinin məsuliyyəti əsas rol oynayır.

Ötən araşdırmaların birində uşaqlara olunması vacib bilinən peyvəndin fəsadları və nəticələri barədə söhbət açmışdım. Uşaqların orqanizmi peyvənddən sonra müxtəlif reaksiyalar verə bilər. Bu fərdi xarakter daşıyır. Amma peyvəndin ağır nəticələri də qaçılmazdır. Bu nəticələrin meydana gəlməsində Səhiyyə Nazirliyinin məsuliyyəti əsas rol oynayır.


Vaksinasiya preparatlarının keyfiyyətli olması, lazımı şəraətdə saxlanılması, vaxtında vurulması məsələləriylə yanaşı həkimlər də məlumatlı olmalıdır. Təəssüf ki, bu gün istənilən tibb ocağına daxil olub peyvəndlərin tərkibi haqqında sual verilsə, cavabsız qalacaq. Həkimlər peyvəndlə bağlı yalnız bir məsələni əzbər bilir, preparat haranın məhsuludur(o da heç dəqiq olmur) və qiyməti filandır, vəssalam. Halbuki, peyvənd haqqında, vurulma səbəbi, onun tərkibi, dozası barədə məlumat verilməlidir. Əsas məsələ isə odur ki, cavabdeh həkim peyvənd olunacaq uşağın vəziyyəti barədə(hər hansı xəstəliyi, nevroloyi, allergiyalı olması barədə)özü məlumat əldə etməkdə maraqlı olmalıdır ki, bu da ki mümkün olan iş deyil.

Qeyd edim ki, bundan sonra deyiləcəklərin antipeyvənd təbliğatıyla əlaqəsi yoxdur. Peyvənd vurdurmaq istəyi azaddır. Bu hətta 2000-ci ildə qəbul olunmuş “Yoluxucu xəstəliklərinimmunoproflaktikası haqqında” Qanunda da öz əksini tapıb. Vətəndaşın peyvəndi yalnız onun razılığı ilə reallaşmalıdır.

Bir vaxtlar səsi evi bürüyən uşaq indi susub

Peyvənd qurbanı olan dörd yaşlı Rəfael Rəhmanov vaxtıylə normal uşaq olub. Peyvənddən sonra uşaq autizm sindromu xəstəliyini qazanıb. Başqa sözlə, uşağın bu xəstəliyə tutulmasına səbəb yüksək dozada vurulan iynələrdən sonra orqanizminin ağır metallarla zəhərlənməsidir. Atası Əhməd Rəhmanov övladının başına gələnləri danışdı. “ Bir yaş yarımlıq oğlum bütün yaşıdları kimi qırıq-qırıq kəlimələr, “ana”, “ata”, “baba” deyirdi. Hər şeyi başa düşür, nə istədiyini bizə izah etməyə çalışırdı. Bütün gün oyuncaqları ilə oynayırdı, ətrafındakılara maraq göstərirdi. Əmircan qəsəbəsində yerləşən uşaq poliklinikasına peyvəndə aparırdıq. Amma sonuncu peyvənddən sonra onun vəziyyəti dəyişdi. Oğlumuz geriləməyə başladı. Əvvəl-əvvəl fikir vermədik. Getdikcə nitqi kəsildi, saatla sus qalıb gözünü divara zilləyirdi. Onu Uşaq Psixonevroloji Dispanserinə apardıq, həkimlər müayinə etdi. Həyat yoldaşım da həkim(endokrinoloq)olduğundan nevropatoloqa oğlumuzda autizmin simptomlarının olduğunu bildirdi. Uşaq nevropatoloqları isə üç yaşı olmamış uşaqlara bu diaqnozun qoyulmadığını dedilər. Həkim oğluma sakitləşdirici dərmanları məsləhət gördü. Amma dərmanların ağır psixotrop preparatlar olduğunu öyrəndik və istifadədən imtina etdik. Məhkəmə Tibbi Ekspertiza İdarəsində oğlumun analizlərini etdirdik. Sonra həkim olan yaxınlarımızın köməyi ilə cavabları ABŞ və Almaniyaya göndərdik. Nəticədə məlum oldu ki, oğlum yüksək ağır metallarla zəhərlənməyə məruz qalıb. Onun orqanizmində olan təkcə qurğuşunun miqdarı normadan 16 dəfə çoxdur ki, bu da ən ağır dərəcəli zəhərlənmədir. Bundan sonra mən və anası xəstəliklə bağlı araşdırmalara başladıq. Oğlumuzun yenidən tam normala qayıtmasının mümkünsüzlüyünü öyrəndik. Bu arada mən Səhiyyə Nazirliyinə, eləcə də yüksək instansiyalara dəfələrlə şikayət məktubu yazdım. Nazirliyi Nəsimi Rayon Məhkəməsinə verdim. İddia ərizəmdə Azərbaycanda vurulan peyvəndlərin tərkibinin təhlükəli olmasını dəlillərə əsaslanaraq göstərmişdim. Eləcə də, sağlam oğlumun peyvənd nəticəsində xəstəlik qazandığını qeyd etmişdim. Mənə xəstəliyin irsi olduğunu deyirdilər. Güya oğluma bu xəstəlik valideynlərindən ötürülüb. Hətta mən oğlumun körpəlikdən bu yana vəziyyətini əks etdirən tibbi kitabçasını da nümayiş etdirdim. Onun heç bir nevroloji problemi olmadığını bəyan etdim. Mənə məhəl qoyan da olmadı. Məhkəmə günü hətta Səhiyyə Nazirliyinin təmsilçiləri gəlmədi. Məhkəmə prosesimiz hələ ki, təxirə salınır.

Səhiyyə Nazirliyinə ünvanlandırdığım “peyvəndlərin tərkibində nə var? Axı bu barədə bilməyə haqqım var və hamının haqqı var”iradı və sualı bugünədək cavabsız qalıb. Təəssüf ki, heç bir dövlət orqanı müraciətlərimizə cavab olaraq barmağını da tərpətmədi. Mənə səs-küyçü, demoqoq kimi baxdılar, oğlumun vəziyyətinə bivec yanaşdılar. Bu münasibət davam edir. Bu arada öyrəndik ki, peyvənd preparatlarının tərkibində timerasol adlı maddə var ki, bu da orqanik civədir. Hətta , bizə gətirilən peyvənd preparatlarının tərkibində Dünya Səhiyyə Təşkilatının standartlarında qeyd olunandan dəfələrlə çox ağır metallar-civə, qurğuşun və başqaları var. Sonra oğlumu çox xəstənin üz tutduğu İrana apardıq. Orada mütəxəsis həkimlə görüşə bildik. Oğlumun rentgen, tomaqrafiya və diğər sənədlərinə baxan həkim də autizm xəstəliyindən danışdı. Artıq uşağın tam sağaldılmasının mümkünsüzlüyünü dedi. Amma onun mütləq pəhrizlə yaşamasının, bədəninin kənar maddələrdən təmizlənməsinin vacibliyini dedi. Bu gün oğlumu, autizm xəstələrinin birliyi var, arada ora aparıram. Azərbaycanda belə uşaqlarla məşğul olan mütəxəsis psixoloqlar yoxdur, amma biz bir xanımı çətinliklə tapdıq. Bu xanım AVA sistemi deyilən metodikayla autist uşaqlarla məşğul olur. Ümüd edirik ki, oğlumuzun “səsiz həyatı” nə vaxtsa, dəyişəcək.”

“Hər onun videosuna baxanda hönkür-hönkür ağlayıram”

Dörd yaşlı Rafaelin anası Ülkər xanım da oğlunun vəziyyətinə görə çox təəssüflənir. “Mənim oğlum normal doğulub. Çəkisi, ümumi vəziyyəti qaydasında olub. Özüm də tibb işçisi olduğumdan onun vəziyyətiylə ikiqat maraqlanmışam. İki yaşından çox vaxta qədər ana südü ilə qidalanıb. Artıq bir yaşı tamam olmamış gəzməyə başlayıb, sözcüklər deyirdi. Hətta onun o vaxtlarının videosu da var. Hər o videoya baxanda ağlayıram, dilxor oluram. Əslində, o sonuncu (AKDS (göy öskürək, difteriya, tetanus əleyhinə) peyvəndən sonra gerilədi, deyirik. Amma həmin vaxtdan bir az əvvəl Rəfaelin mədə-bağırsağı pozulmuşdu. Amma biz hansısa qida səbəbindən pozgunluq olduğunu fikirləşdik. Oğlumun vəziyyəti düzələndən sonra sonuncu peyvəndə apardıq. Nə oldusa, ondan sonra oldu. Amma biz bunu sübuta yetirə bilmədik. Bizə dedilər ki, autizm sindromu genlə ötürülür. Amma sonuncu xaricdə aparılan araşdırmalar göstərir ki, bu xəstəlikdə genin rolu yalnız 10% təşkil edir. Belə uşaqlar heç əvvəlcədən danışmır, passiv olurlar. Amma Rəfael əvvəllər bizə qarşı çox diqqətli idi. İndi yanında da olsam, gözlərimin içinə belə baxmır. Hərdən anası olduğumu unudur.”

Rəfael saatla muğama qulaq asır

Bu gün dörd yaşlı Rəfael yaşıdları ilə oynamır. Valideynlərinin sözlərinə görə, yüz uşağın içində davranışı ilə nəzərə çarpır. Bəzən, saatla səsiz oturur, divara baxır, bəzənsə nə isə izah etməyə çalışır. Hətta maraqlısı odur ki, saatla muğama qulaq asmaqdan doymur. Kompüteri açmaq, nə isə eşələyib tapmaq bacarığına da malikdir. Atasının sözünə daha çox qulaq asır. Eşitsə də, bəzən deyiləni qavramaqda əziyyət çəkir.

Ana-atasının səyi və diqqəti sayəsində səhhətində nisbətən irəliləyiş var. Vaxtında müayinə,müalicə, terapiyalara cəlb olunur. Ciddi pəhrizi saxlanılır. Onun üçün ABŞ-dan xüsusi qlütensiz(proteinsiz) qidalar sifariş olunur. Ailə övladının cəmiyyətə qarışması üçün əlindən gələni edir.

Hər 150 uşaqdan birini gözləyən risk....

Çoxunda bu xəstəlik barədə suallar yaranır. Buna görə də bir az bu barədə axtarış apardım. Xəstəliyin adı latıncadan “özü” deməkdir.
Autizm xəstəliyi barədə ilk məlumatlar1943-cü ildə ABŞ-da Leo Kanner adlı uşaq psixiatrına məxsusdur. Psixiatr bu xəstəliyin səbəbi kimi ilk vaxtlar ana və körpə arasındakı münasibətlərin düzgün qurulmaması, ananın biganəliyindən orataya çıxdığını deyirdi. Son illərədək də bu versiya gündəmdə qalırdı. Məsələ ondadır ki, autizm sindromu da sirri açılmayan xəstəliklər arasında yer alır. Bu günə kimi onun səbəbləri tam öyrənilməyib. Məlum olan odur ki, baş beyində dəyişiklik baş verir, beyinin bir hissəsi zamanla inkişafdan qalır, bu da xəstəlik daşıyıçısının bütün həyat tərzini ləngidir, onu cəmiyyətdən təcrid edir. Xəstəliyin səbəblərindən biri kimi körpələrin az çəki ilə dünyaya gəlməsi fikri də qeyd olunur. Bunu Pensilvaniya Autizmi Araşdırma Mərkəzinin alimləri deyirlər. Belə ki, hər beş autist uşaqdan biri yarımçıq doğulan və ya az çəki ilə dünyaya gələndir. Yaxud, başqa bir araşdırmaçı qrup qohum evliliyinin rolunu qeyd edirlər. Autistlərə (ən çətin forması da var-asperger sindromu) əqli zəif insan kimi baxmaq olmaz, hətta onların arasında güclü zəkaya malik olanlar da var. Daha çox oğlan uşaqlarında rast gəlinən bu xəstəlik nəzarətsiz peyvəndin nəticəsində də meydana gəlir. Çünki, həmin dərmanların tərkibində olan ağır metallar sinir sistemini dağıdır, ağır xəstəliklərin meydana gəlməsinə səbəb olur.

Ağır metallarla zəhərlənmələr nəticəsində meydana gələn əlamətlər autizm xəstəliyindəkiylə eynidir. Normalda biz qida, müxtəlif əşyalara toxunmaqla, istifadə etməklə ağır metallar az da olsa qəbul edirik. Amma bizim orqanızmimiz, drenaj etmək-bu metalları xaric etmək xüsusiyyətinə malikdir. Amma uşaqlarda bu proses orqanizm zəif olduğundan getmir. Xüsusən, peyvəndlərin tərkibində olan timerasol adlı orqanik zivə də bunlardandır. Orqanizm üçün kənar, təhlükəli olan konservantın funksiyası bədənə daxil olan virusu zərərsizləşdirməkdir. Bu maddənin mürəkkəb və ağır olması Dünya Səhiyyə Təşkilatının rəsmi saytında da etiraf olunur. Bir çox “ağıllı” ölkə bu maddəsiz peyvənd preparatları hazırlamağa can atır. Peyvəndlərin tərkibi barədə daha geniş məlumata ABŞ-ın Milli Vaksinlərin Məlumat Mərkəzində də(www.nvic.org saytında)informasiya yerləşdirilib. Deyilənlər orada da təkrar olunur. Əksinə, bəzi ölkələrə göndərilən peyvənd dərmanlarına timerasol normadan çox qatılır. Səbəbsə, yararlılıq müddətini uzatmaq və ya istənilən şəraətdə xarab olmamasını təmin etməkdir. Diğər ağır metalların da zərəri qaçılmazdır. Qurğuşun allergiyanı gücləndirir(bronxit astmaya səbəb ola bilər), alminium anemiya yaradır və s.

Məsələ ondandır ki, autizm sindromu 80-ci illərdə hər 2500 uşaqdan birində, 90-cı illərdə hər 350 uşaqdan bırində rast gəlinirdisə, son vaxtlar isə hər 150(120) uşaqdan birində meydana gəlir. Bu o deməkdir ki, bu risk hər ailəni hədələyə bilər. Səbəb nədir? Ekosistemin dağıdılması, qidalara kimyəvi konservatların qatılması və bir çox səbəblər gətirilir. Səbəb nə olursa olsun, nəticədə körpələr zərər görürlər. Bir də dünya təcrübəsinə görə, bir yaşlı uşağa artıq davranışları uzunmüddət müşahidə olunmaqla, autizm diaqnozunu qoymaq olar. Azərbaycanın “müasir tibb”ində isə 3 yaşdan yuxarı diaqnoz qoyulur ki, bu da uşağın müalicəsini gecikdirir və ya heç edir.

Autizmin əlamətləri bunlardır: psixi inkişaf pozğunluğu, davranış çatışmazlığı, ətrafa qarşı reaksiyanın olmaması, adı belə çağırıldıqda eşitməməsi, nitq qüsuru, qavramaq qabiliyyətində ləngimə və ya “donma”. Amma maraqlı ondadır ki, autizmli insanlar arasında qabilliyyətli, düşüncəli olanlar da var, və ya olub. Təkcə bir fakt bu fikri təsdiqləyər. Autizm barədə tibbi qiymət ötən əsrdə meydana gəlsə də, əvvəlki yüzilliklərdə bu sindromun yüngül formada daşıyan məşhurların olduğu ehtimal olunur. Tədqiqatlarda həmin məşhurların davranışı haqqında yazılan qeydlər bunu deməyə əsas verib. Fizik İ.Nyuton, F.Kafka -çex yazıçı,T.Anderson -amerikalı siyasətçi, H.Ford- sənayeçi, Mosart və Bethoven kimi məşhur bəstəkarlar və başqaları. Bunu deməkdə məqsədim odur ki, bir gün bu xəstəliklə qarşılaşan olsa, qorxmasın.

Autizmli xəstələrin vaxtında, kiçik yaşlarında diaqnozu və müalicəsi onun böyüdükcə cəmiyyətə qarışmasına təkan verər. Bu sahədə psixoloqlar, AVA sistemi ilə çalışan (xüsusi davranış, qavrama metodikasınna sahıb) mütəxəsislər xüsusi rol oynayır. Bu sistemin biliciləri Davranış Analizi üzrə Beynəlxalq Komisiyyanın(BACB) sertifikatına malik olmalıdırlar. Autistlərin müalicəsində hamının sevimli heyvanı olan delfinlərin də rolu böyükdür. Bu xarici ölkələrdə xüsusi terapiya formasıdır. Yaxud, Britaniyada Musiqi Terapiyası Cəmiyyəti var. Bu cəmiyyətin vitse-prezidenti Erik Uorik adlı şəxs “Autistlərin mülicəsində Musiqi Terapiyası” adlı təlim kitabı ilə məşhurdur. Həmkarı Cülyetta Alvin ilə birgə hazırladığı bu kitabda musiqinin müalicədə oynadığı rol və təlqın formaları göstərilir.
Autizm sindromlu insanların pəhrizlə yaşaması mütləqdir. Misal üçün, ağ undan hazırlanmış qidalar, biskvit, kartof qızartması qadağandır. Əvəzində, yalnız keçi südü, sarımsaq, yaşıl zeytun kimi qidalar daha xeyirlidir.

Hamı Rəfaelin valideynləri kimi olsa...

Bütün sahələrdə olduğu kimi autist insanların problemləri də çoxdur. Azərbaycanda belə xəstələrə əllillik dərəcəsi verilmir. Bu yuxarıda oturan bir qisim “baş”ların səyi və istəyinə əsaslanır. Halbuki, belə uşaqların cəmiyyətə qazanılması və həyatdan tədric olunmaması üçün çox işlər görülməlidir. Bu iş bir qisim uşağı xəstə olan valideyn sayəsində həll olunmağa çalışılır. Onlardan biri də Rəfayelin valideynləridir. Özü Qarabağ qazisi olan Əhməd Rəhmanov sosial şəbəkədə “Valideyn komitəsi” adlı səhifə yaradıb. Ülkər xanımla birlikdə autizmlə bağlı yeni məlumat tapan kimi onu təbliğat olsun deyə səhifədə yerləşdirirlər. Bu da bir köməkdir. Əhməd Rəhmanov dəfələrlə birgə şikayət, nə isə iş görməklə əlaqədar autistli və ya peyvəndin qurbanı olmuş ailələrə müraciət etdiyini deyir. “Bu ailələrin heç nəyə ümüdi yoxdur, onlar bu xəstə uşaqlarla yaşamğı taleyin qisməti kimi qəbul edirlər.”

Hər il aprelin 2-si BMT- nin xüsusi qərarı ilə autist xəstələrə diqqətin artırılmasına yönəldilmiş tədbirlər planı hazırlanır. Təəssüflə qeyd edirəm ki, bu vaxta qədər evlərimizdə autist uşaqların böyük qismi kənarda qalıblar. Onlara “ağıldan kəm”, “başı işləməyən” alçaldıcı adlar qoyublar. Bəlkə də, Səhiyyə Nazirliyi işini bilən əsil nazirlik olsaydı, indi onlar küncdə-bucaqda ailəsinə yük olmazdı. Bivec nazirlik.....

Azərbaycanda autistlərlə məşğul olan mütəxəsislər yetərincə deyil. Bu vaxta qədər yeğanə olan “Autizm” mərkəzi fəaliyyət göstərir. “Autizm” Defektoloji və Psixoloji Yardım Mərkəzinin yaradıcısı Çiçək Məmmədlinin də uşaqları bu xəstəlikdən əziyyət çəkirlər. Bu xanımın çətinliklə də olsa yaratdığı mərkəz qəzet, sayt, buklet vasitəsiylə təbliğatlandırma aparır. Ailələrə, uşaqlara əlindən gələni etməyə çalışır. Amma bu yetərli deyil.

Yenə yaxın Türkiyəyə, Rusiyaya nəzər salanda orada saysız xüsusi qurumlar, psixoloqlar, loqopedlər komandası, yardım proqramları fəaliyyət göstərir. Hətta xəstəsi olan ailə üzvlərinin səbrli olması üçün psixoloji yardım da verilir. Bizdə isə xəstə uşaqlı valideynlər uşaqların dərdi ilə birlikdə cəmiyyətdən uzaq düşürlər.



Xəyalə Süleyman qızı