BolgeXeber.Com » Sosial » Ət monopoliyası: Qiymətlər bu üsulla qaldırılır - Ətin qiyməti yenə qalxacaq

Ət monopoliyası: Qiymətlər bu üsulla qaldırılır - Ətin qiyməti yenə qalxacaq

4-08-2016, 10:08
Oxunub: 3 556 Ət monopoliyası: Qiymətlər bu üsulla qaldırılır - Ətin qiyməti yenə qalxacaqStatistikaya nəzər salsaq, Azərbaycanda son beş ildə ətin qiyməti 2 dəfədən çox artıb

Son həftə qiyməti artımı ilə yadda qaldı. Çörəklə yanaşı, ətin qiymətində də artım müşahidə olundu. Hərçənd, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ətin qiymətinin artmasını təkzib etmişdi.

Statistikaya nəzər salsaq, Azərbaycanda son beş ildə ətin qiyməti 2 dəfədən çox artıb. Bu isə gələcəkdə ət bazarının dırnaqarası alovlanmasından xəbər verir.

Qaynarinfo.Az-ın əməkdaşı bazarda ətin qiymətini və artmın səbəblərini araşdırıb.

“Təzə Bazar”da ətin qiymətləri belədir:

1 kiloqram mal (inək) əti – sümüklü 6 manat, sümüksüz 8 manat;

1 kiloqram dana əti – sümüklü 8-9 manat, sümüksüz 11-13 manat;

Qoyun ətində isə artım çox cüzidir.

Qəssablarla söhbət zamanı məlum oldu ki, ət bazarında alıcılıq qabiliyyəti aşağı düşüb. Öz dilləri ilə desək, günləri milçək qovlamaqla keçir. Ətin bahalaşmasına gəlincə, qəssablar bir çox düyünləri bizə açdılar. Məlum oldu ki, bazara ət verənlər qiyməti 0.50 – 1.00 AZN artırıb. Üstəlik bazara mal gətirənlərin sayı da azalıb. Demək olar ki, mal saxlayanların sayı tükənməkdədir.

Buna səbəb yem və otun qiymətinin qalxmasıdır. Əvvəllər otun 1 bağlaması 1-1.5 AZN idisə, indi bu qiymət 2-3 manat arasında dəyişir. Bu da heyvandarlara sərf etmir.

Bundan başqa, ətin Rusiya bazarına yol tapması bahalaşmaya səbəb olub. Qəssabların sözlərinə görə, əvvəllər Gürcüstandan mal gətirmək olurdu, indi bu da mümkün deyil: "Ət monopoliyası"na rəhbərlik edənlər qiymətin qalxmasında maraqlıdır. Yay qurtarır, son ot biçimləri gedir. Bir azdan bazarlarda ot azalanda qiymətlər “at beli”nə qalxacaq. Belə getsə, ətin qiyməti 15 manata çatar".

Piştaxta arxasında yuxulayan qəssablardan məlumatımız bu qədər.

Araşdırmamız nəticəsində məlum oldu ki, bu ilin sonunadək ətin qiymətinin artması qaçılmazdır. "Ət monopoliyası"nın maraqları, maldarların durumu və bazardakı vəziyyət bundan xəbər verir.

Pişiyin əli çatmayanda, deyir "iylənib". Maraqlıdır, əlimiz ətə çatmayanda biz nə deyəcəyik?