BolgeXeber.Com » Analitika » Turistləri heyran qoyan paytaxtın yerli sakinləri niyə xoşbəxt deyil?

Turistləri heyran qoyan paytaxtın yerli sakinləri niyə xoşbəxt deyil?

5-08-2016, 10:21
Oxunub: 3 374  Turistləri heyran qoyan paytaxtın yerli sakinləri niyə xoşbəxt deyil?Ekspert bunu ən əvvəl iqtisadi amillərlə bağlayır

Bakı sakinlərindən fərqli olaraq xarici turistlər bu qədim cənub şəhərinə heyranlıqlarını gizlətmirlər. Əllərindəki fotoaparatla az qala hər bir daşın, hər bir döngənin fotolarını çəkir, bir binaya dəqiqələrlə tamaşa edirlər. Bakının kafe və restoranlarında zövqlə əylənir, buranın çox gözəl şəhər olduğunu dilə gətirməkdən çəkinmirlər.

Xüsusən son vaxtlar sayları artan ərəb turistlər Bakının havasını cənnət hesab edirlər. Bəs görəsən, turistlərin gözünü oxşayan Bakını yerli sakinləri niyə o qədər bəyənmir, hər addımda tənqid edirlər? Ərəbləri heyran qoyan şəhərdə biz niyə xoşbəxt deyilik?

İqtisadçı ekspert Rəşad Həsənovun bu suala özünəməxsus yanaşması var.

Onun fikrincə, səbəblərdən biri Azərbaycan manatının dəyərdən düşməsindən sonra turizm xidmətlərinin xaricilər üçün ucuzlaşmasıdır. Digər səbəbləri isə o, belə sıraladı: “Bizim İslam dini ilə bağlı ərəb ölkələri ilə müəyyən yaxınlığımız var. Ərəblərin Azərbaycanda istirahət etməyə meyl etməsinin əsas səbəblərindən biri də ölkəmizdə İslam və Qərb mədəniyyətlərinin paralel olaraq mövcud olmasıdır. Bu da onların Azərbaycana meyl etməsinə təkan verir. Ölkəmizdə Qərb mədəniyyətinə məxsus istirahət və əyləncə məkanları da var. Onların bir çoxu ərəb ölkələrində faktiki olaraq qadağandır. Eyni zamanda Azərbaycan həm də bir İslam ölkəsidir və müsəlman adət-ənənələri, ibadət və sair insanlar tərəfindən heç bir halda pis qarşılanmır, diskriminasiya ilə üzləşmir. Ona görə də insanlar özlərini rahat hiss edə bilirlər. Azərbaycanda pulun varsa, istədiyin cür əylənə, istirahət edə bilərsən, bəzi hallarda isə qanunların belə üzərindən keçmək olur. Bu isə qayda-qanunlara, sivil davranışlara yiyələnməmiş ərəb üçün rahat şərait hesab olunur. O baxımdan onlar Bakıya meyllidir”.

Ekspertin sözlərinə görə, bəzi ərəblər isə Azərbaycana biznes məqsədi ilə yanaşırlar: “Onlar da adət-ənənələrin yaxın olmasından dolayı üstünlük verirlər. Həm də Azərbaycanı bir çox ölkələrlə, o cümlədən ərəb ölkələri ilə viza rejimi sadələşib. Bu özü də turizm prosesinə təkan verən amillərdən hesab olunur. Ərəblərin Bakını sevməsinin digər səbəbinə gəlincə, istənilən ölkədə yerli media nümayəndəsi turistə yaxınlaşırsa, turist ona müsbət cavab verməyə bilməz. Turist ölkədə qonaqdır, o mənfi söz demək istəməz. Xüsusən Azərbaycan kimi ifadə azadlığı nisbətən məhdud olan ölkədə turistlər də mümkün qədər qonaq olduğu hər yerdə yaxşı sözlər deməyə çalışırlar, öz yerlərini daha isti etmək istəyirlər. Lakin bu, o demək deyil ki, Azərbaycana gələn ərəblər ölkəmizdə hər şeyi bəyənirlər. Burada bir amil də var ki, istirahət məqsədilə hansısa şəhərə getmək orada yaşamaqdan fərqlidir. Onlar burada dincəlməyə gəliblər, qayda-qanun baxımından burada rahat nəfəs alırlar”.

R. Həsənovun fikrincə, bizim insanlarımızın gündəlik qayğıları, problemləri daha çoxdur və onlar şəhərin imkanlarından istifadə edə bilmirlər, gözəlliklərindən zövq ala bilmirlər: “Bakı bu günə qədər dünyanın ən bahalı şəhərlərindən hesab olunur. Lakin gəlir baxımından Bakı əhalisi digər ölkələrlə müqayisə oluna bilməz. Bu mənada paytaxt əhalisində sosial gərginliyin olması təbiidir. Lakin bu, o demək deyil ki, insanlar şəhəri sevmir. Sadəcə, əhali qısamüddətli dövrdə sürətli təbəqələşmənin nəticələrini hələ də həzm edə bilmir. Təbəqələşmə o qədər güclüdür ki, imkansız insanlar arasında psixoloji sarsıntı yaşanmaqdadır”.
musavat.com