BolgeXeber.Com » Bölgə » Ağcabədidə icra başçısını saya salmayan bələdiyyə sədri... - İllərdiir görəvdədir...

Ağcabədidə icra başçısını saya salmayan bələdiyyə sədri... - İllərdiir görəvdədir...

10-08-2016, 10:50
Oxunub: 3 277 MAğcabədidə icra başçısını saya salmayan bələdiyyə sədri... - İllərdiir görəvdədir...Ağcabədi rayonu, Sarıcalı kənd bələdiyyəsinin keçmiş sədri Namiq Salahov bu qurumu artıq beş ildən artıq müddətdir ki, tam müstəqil formada (əslində burada özbaşına kəlməsi daha münasib olardı) idarə edir

Mövzuya dair dərc etdiyimiz yazılarda biz dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Lakin bu gün haqqında bəhs edəcəyimiz bələdiyyə orqanında formalaşmış vəziyyət bir qədər fərqlidir. Məsələ bundadır ki, Ağcabədi rayonu, Sarıcalı kənd bələdiyyəsinin keçmiş sədri Namiq Salahov bu qurumu artıq beş ildən artıq müddətdir ki, tam müstəqil formada (əslində burada özbaşına kəlməsi daha münasib olardı) idarə edir. Həm də bu özbaşınalığı, keçmiş bələdiyyə sədri – icra başçısının mənə gücü çatmaz, kimi ifadələrlə də təsdiq edir. Amma bu arxayınlığın səbəbi barədə bir qədər sonra danışarıq. Hələlik isə, Sarıcalı bələdiyyəsinin məhz keçmiş sədr tərəfindən necə idarə olunduğu və ümumiyyətlə onun barəsində bizimdovr.az-a daxil olmuş şikayətin mahiyyəti barədə bəzi açıqlamalar verək.

Beləliklə, redaksiyamıza daxil olmuş şikayət ərizəsində Ağcabədi rayon sakini Alim İslamov bildirir ki, Namiq Salahov 2011-2014-cü illər ərzində Sarıcalı kənd bələdiyyəsinin sədri olmuşdur. Elə həmin vaxt, şikayətçi qeyri-yaşayış məqsədilə istifadə üçün 900 kv.m-lik (9 sot) sahəsi olan torpaq ərazisi almaq üçün bələdiyyə sədrinə 15 min manat nəğd pul ödəyib. Bundan sonra, Namiq Salahov 2 sot torpaq sahəsini hərrac vasitəsilə sənədləşdirərək, Alim İslamova satıb. Qalan 7 sotu isə, guya ki, icarə müqaviləsi əsasında təqdim edəcəyinə söz verib. Lakin bir müddət sonra, şikayətçi üçün nəzərdə tutulan ərazinin başqa bir sahibi də meydana çıxıb. Məlum olub ki, həmin şəxsin bu əraziyə daha köhnədən qalma sənədləri var. Mübahisəli ərazi üstündə qalmaqal yarandığından Alim İslamov həmin torpadan imtina edib və bələdiyyə sədrindən verdiyi pulları geri istəyib. Amma bu pulları Namiq Salahov indinin özünə qədər geri qaytarmır ki, qaytarmır. Hətta əməkdaşımızla baş tutmuş telefon söhbəti zamanı keçmiş bələdiyyə sədri ümumiyyətlə Alim İslamovdan pul almadığını da bəyan edib. Amma şikayətçi bildirir ki, həmin pulu sədrə iki nəfər vətəndaşın şahidliyi ilə verib.
İndi də keçək bu qalmaqallı məsələnin başqa bir maraqlı cəhətinə. Qeyd etdiyimiz kimi, Namiq Salahov 2011-2014-cü illər ərzində Sarıcalı kənd bələdiyyəsinin sədri olub. Lakin, artıq 2014-cü ildə onun fəaliyyətindən doğan narazılıqlar həddindən artıq çox olduğuna görə, bələdiyyə sədri tutduğu vəzifədən istefa verib. Ən maraqlısı isə budur ki, vəzifədən çıxarkən Namiq Salahov öz yerinə qardaşının həyat yoldaşını təyin etdirib. Bizdə olan məlumata görə, həmin xanım eyni zamanda həm Ağcabədidə, həm də Bakıda həkim işləyir. Namiq Salahov isə vəzifədən çıxsa da, yeni sədrdən etibarnamə alaraq, bələdiyyənin bütün işlərini yenə də özü idarə edir. Beləcə bu vəziyyət 2016-cı ilin əvvələrinə qədər davam edir. Təxminən 5-6 ay bundan əvvəl isə, Sarıcalı bələdiyyəsinin rəhbərliyində yenidən dəyişiklik baş verir. Bu dəfə də sədr vəzifəsinə Namiq Salahovun doğmaca əmisi, Məhəmməd Salahov seçilir. Amma idarəçilik yenə də Namiq Salahovda və yenə də etibarnamə əsasında qalır.
Göründüyü kimi, bütün bu özbaşınalıqların tamamilə cəzasızlıq şəraitində baş alıb getməsi, həqiqətən də Namiq Salahovun Sarıcalıda müstəsna səlahiyyətlərə sahib olmasından xəbər verir. Mənbə vurğulayır ki, keçmiş bələdiyyə sədri özü bu səlahiyyətlərin ona baş nazirin köməkçisi Tofiq Sarıcalınski və ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən verildiyini və məhz bu səbəbdən də Ağcabədi RİH-nin başçısı Şahin Məmmədovun ona gücü çatmadığını bildirir...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.