BolgeXeber.Com » Bölgə » Ağcabədidə bələdiyyə qalmaqalı - İDDİA

Ağcabədidə bələdiyyə qalmaqalı - İDDİA

18-08-2016, 17:09
Oxunub: 2 971 Ağcabədidə bələdiyyə qalmaqalı - İDDİANamiq Salahov isə vəzifədən çıxsa da, yeni sədrdən etibarnamə alaraq, bələdiyyənin bütün işlərini yenə də özü idarə edib

Qəzetimizin ötən saylarından birində “Sarıcalının dəyişməz bələdiyyə sədri” sərlövhəli tənqidi yazı dərc olunmuşdu. Yazıda 2011-2014-cü illərdə Ağcabədi rayonu, Sarıcalı kənd bələdiyyəsinin sədri vəzifəsində işləmiş və elə həmin vaxtdan indiyə qədər də bu qurumu faktiki olaraq zəbt etmiş Namiq Salahovun özbaşınalıqlarından bəhs olunmuşdu. Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz digər materiallarda da biz qeyd etmişik ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini həyata keçirmək üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. Eyni zamanda da bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksər bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, şəxsi sərvətlərini artırmaq üçün səfərbər edirlər. Bu qəbildən olan şəhər, qəsəbə və kənd bələdiyyələrinin fəaliyyəti dövrü olaraq ətraf ərazilərdə bir neçə ağac və kol bitkilərinin əkilməsi, məhdud metrajlarda asfalt örtüyünün təzələnməsi ilə məhdudlaşır. Bəzi yerlərdə isə ümumiyyətlə bu qurumların mövcudluğu yalnız pul yığımları və torpaq alqı-satqısı prosesində müşahidə olunur.

O cümlədən Ağcabədidən aldığımız açıqlamalarda vurğulanır ki, Namiq Salahovun da fəaliyyətini səciyyələndirən əsas cəhətlərdən biri məhz onun həyata keçirdiyi torpaq maxinasiyaları ilə bağlıdır. Elə redaksiyamıza şikayət ərizəsilə müraciət etmiş Ağcabədi rayon sakini Alim İslamov da belə bir maxinasiyanın qurbanına çevrilmişdir. Belə ki, şikayətçi Namiq Salahovun hələ qanuni əsaslarla bələdiyyə sədri kimi çalışdığı dövrdə, qeyri-yaşayış məqsədilə istifadə üçün 900 kv.m-lik (9 sot) sahəsi olan torpaq ərazisi almaq üçün ona 15 min manat nəğd pul ödəyib. Bundan sonra, Namiq Salahov 2 sot torpaq sahəsini hərrac vasitəsilə sənədləşdirərək, Alim İslamova satıb. Qalan 7 sotu isə, guya ki, icarə müqaviləsi əsasında təqdim edəcəyinə söz verib. Lakin bir müddət sonra, şikayətçi üçün nəzərdə tutulan ərazinin başqa bir sahibi də meydana çıxıb. Məlum olub ki, həmin şəxsin bu əraziyə daha köhnə tarixdə imzalanmış sənədləri var. Mübahisəli ərazi üstündə qalmaqal yarandığından Alim İslamov həmin torpadan imtina edib və bələdiyyə sədrindən verdiyi pulları geri istəyib. Amma bu pulları Namiq Salahov indinin özünə qədər geri qaytarmır ki, qaytarmır.


Eyni zamanda da nəzərə alınmalıdır ki, bu şəxsin hal-hazırda heç bir qanuni səlahiyyətlərə malik olmadan Sarıcalı kənd bələdiyyəsinə rəhbərlik etməsinin özü də, əslində misli görünməmiş bir saxtalaşdırmanın təzahürüdür. Qeyd etdiyimiz kimi, 2014-cü ildə Namiq Salahovun fəaliyyətindən doğan narazılıqlar həddindən artıq çox olduğuna görə, bələdiyyə sədri tutduğu vəzifədən istefa verib. Lakin, vəzifədən çıxarkən Namiq Salahov öz yerinə qardaşının həyat yoldaşını təyin etdirib. Bizdə olan məlumata görə, həmin xanım eyni zamanda həm Ağcabədidə, həm də Bakıda həkim işləyir. Namiq Salahov isə vəzifədən çıxsa da, yeni sədrdən etibarnamə alaraq, bələdiyyənin bütün işlərini yenə də özü idarə edib. Beləcə bu vəziyyət 2016-cı ilin əvvələrinə qədər davam edir. Təxminən 5-6 ay bundan əvvəl isə, Sarıcalı bələdiyyəsinin rəhbərliyində yenidən dəyişiklik baş verir. Bu dəfə də sədr vəzifəsinə Namiq Salahovun doğmaca əmisi, Məhəmməd Salahov seçilir. Amma idarəçilik yenə də Namiq Salahovda etibarnamə əsasında qalır.

Ötən yazıda biz həmçinin mənbənin təqdim etdiyi açıqlamaya əsaslanaraq göstərmişdik ki, Namiq Salahov baş nazirin köməkçisi Tofiq Sarıcalınski və ARDNŞ-nin vitse-prezidenti Mikayıl İsmayılov tərəfindən himayə olunduğundan, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov da bu şəxsin törətdiyi qanunsuzluqların qarşısını almaqda çətinlik çəkir. Lakin bu günlərdə redaksiyamıza yeni daxil olmuş digər məlumatlarda bu iddianın həqiqətə tam uyğun olmadığı vurğulanır. Fərqli mənbələr israr edirlər ki, bu kimi iddialar Şahin Məmmədovu sadəcə “sığortalamaq” məqsədilə ortaya qoyulur. Əslində isə, Namiq Salahovun bütün fəaliyyəti tamamilə icra başçısının nəzarəti altında həyata keçirilir və bu “yalançı” bələdiyyə sədrinin əsas himayədarı da məhz Şahin Məmmədovun özüdür...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.