BolgeXeber.Com » Sosial » Həyat sığortası insanlara necə sərvət qazandırır?

Həyat sığortası insanlara necə sərvət qazandırır?

22-08-2016, 12:07
Oxunub: 3 034 Həyat sığortası insanlara necə sərvət qazandırır?Həyatını sığorta etdirsə, ailəsi milyardlar qazana bilərdi...

Biz azərbaycanlıların ən çox üstünlük verdiyimiz sığorta növü maşın sığortasıdır. Yolda qarşılaşdığımız avtomobil qəzaları zamanı, ildə bir dəfə sığorta şirkətlərini iş yerimizə dəvət edib, maşınımızı sığortalatdırmağımız... bunun bariz nümunəsidir. İcbari sığortadan gedir söhbət. Bu olmazsa, cərimə olunarıq çünki.

Amma bununla yanaşı, özəl sığorta da var ki, sürücülərimiz başına hansı qəza gəlirsə gəlsin, bunun şirkət tərəfindən qarşılanmasını arzulayır. Bu zaman da sığortanın sözügedən növü dövriyyəyə girir. Amma insanların həyatını sığorta etdirməsi, hər hansı təhlükələrə qarşı sığortaya müraciəti və... ölümü halında da ailəsinə çatan külli miqdarda vəsait dünyada geniş yayılmış təcrübə sayılır.

Bəzən bununla bağlı kriminal xronikalarda da xəbərlərlə rastlaşırıq. Həyatını neçə milyon dollara sığortalatdıran iş adamını məhz yaxınları qətlə yetirir. Təbii ki, sözsüz-söhbətsiz o milyonlara qonmaq üçün. Halbuki, bunun bizim bilmədiyimiz, amma dünya insanına məlum olan sərfəli, praqmatik tərəfləri də var. Necə ki, onlardan yararlansaq, ciddi gəlirlər əldə edə bilərik.

Son günlərin ən səs-küylü olaylarından olan Rövşən Lənkəranskinin qətlində də bu sual hallandı. Əcəba, həyatını sığorta etdirmişdimi? Məlum, bu cür şəxslər baş verə biləcək qətl və kriminal olaylara qarşı həyatlarını ciddi məbləğə sığorta etdirsələr, öləndən sonra yaxınlarına da böyük məbləğdə vəsait qalar. Amma onların keçirdiyi həyat tərzi, qəbul etdikləri prinsiplər bunu inkar edir.

İnsan həyatını itirəndə, kritik xəstəliyə tutulanda və....

Həyat sığortası, sığortalanan şəxs həyatını itirərsə, kritik xəstəliyə tutularsa, əmək qabiliyyətini itirərsə sığorta şirkəti tərəfindən müqavilədə qeyd olunan pul vəsaitinin sığorta olanana verilməsini təmin edən bir mexanizmdir. Bu vəsaiti müştəri istəyindən asılı olaraq özünə, ailəsinə və ya xəstəliyinin müalicəsinə sərf edə bilər. Sadə dillə ümumiləşdirib desək, həyat sığortasını iki kateqoriyada qiymətləndirə bilərik:

Yığım və investısıya xarakterli

Arzu olunmayan hallarda özünüzün və ailənizin çətinliklərdən qorunması
Həyat sığortası əmək qabiliyyətinin itirilməsi, hansısa sağalmaz xəstəliyə tutulmaq, hər hansı səbəbdən ölüm kimi hadisələrin qarşısını almır. Amma, bu hadisələrin hansısa biri baş verdikdə onun yaratdığı fəsadların, törədə biləcəyi ağır nəticələrin, ailə ilə bağlı planların pozulmasının qarşısını almaqda kömək edir. Əmək qabiliyyətinin itirilməsi vaxtı ailənizin maddi vəziyyətinin pisləşməməyinə kömək edir. Uzaq olmağını arzuladığımız hansısa kritik xəstəliyə tutulduqda müalicəsinə kömək edir. Həyatın reallığı olan ölüm halında isə ailəmizlə bağlı planlarımızın yarımçıq qalmamasına, onların çətinlik çəkməməsinə köməklik edir.
Müştəri istənilən məbləğdə yığım vəsaitlərini bir neçə dəfə artıra bilər. Məhsulun mövcudluğu qanunverilicilkdə həyat sığortası şirkətlərinə verilən güzəştlərin hesabına reallaşır. Bu güzəştlər sığorta şirkətini və müştərini bəzi vergilərdən azad edir və bunun sayəsində onların arasında bölünür.

Məsələn, əgər siz ayda 1000 AZN əmək haqqı alırsınızsa və ayda əmək haqqından 100 AZN yığım sığortası məhsuluna yönəldirsinizsə:

bu halda siz 36 aydan sonra 3600 AZN deyil 5600 AZN vəsait əldə etmiş olursunuz.
Həyatın yığım sığortası üzrə müqavilə 3 tərəfli bağlanır - sığortalanan şəxs, onun işə götürəni və sığorta şirkəti. Sığorta haqqı da işəgötürən şirkət tərəfindən işçinin maaşından tutulmaqla hər ay sığorta şirkətinə ödənilir.

Həyat sığortasının ən sərfəli cəhəti odur ki, işçinin əmək haqqından sığorta haqqı kimi sığorta şirkətinə ödənilən məbləğ gəlir vergisindən (14%) və Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta haqqından (25%) azaddır. Bu məbləğlər də sığorta şirkətinə edilən ödənişlərin üzərinə əlavə olunur.

28 növdən biri məşhurdur - avtomobil sığortası

“Sığorta haqqında” Qanunda deyilir ki, sığorta müqaviləsi sığorta olunanla sığortaçı arasında sazişdir. Bu müqaviləyə görə, sığortaçı sığorta hadisəsi zamanı sığorta olunana və ya xeyrinə sığorta müqaviləsi bağlanmış digər şəxsə sığorta ödənişi verməyi, sığorta olunan isə müəyyənləşdirilmiş müddətlərdə sığorta haqqı ödəməyi öhdəsinə götürür.

Sığorta müqaviləsində tərəflərin razılaşmasına əsasən başqa şərtlər də qoyula bilər. Deməli, sığorta vətəndaşın xeyrinə olan aktdır. Sadəcə, Azərbaycanda sığorta bazarı yenicə formalaşdığından vətəndaşlar arasında sığortanın həqiqi izahı anlaşılmayıb. Əsasən əyalətdə sığorta işin qeyri-ciddi baxışlar var.

Onu da deyək ki, Azərbaycanda konkret obyektlər üzrə ixtisaslaşmış sığorta şirkətləri yoxdur. Sığorta şirkətlərinin məşğul olması üçün 28 növ fəaliyyət var. Ölkədəki 30-a yaxın sığorta şirkəti bu 28 növ fəaliyyətin hər biri ilə məşğul olur. Bu da vətəndaşların tələbatının zəif olduğunu göstərir. Normal ölkələrdə sığorta şirkətlərinin tərkibində bir neçə bank olur, yəni onlar sığorta pulu yığır. Bu banklar vasitəsilə uzunmüddətli, qısamüddətli kreditlər, ipotekalar verilir. Bizdə isə tərsinədir. Əvvəl banklar, bankdan sonra isə sığorta şirkəti yaradılır. Əslində sığorta şirkətlərində dövriyyə banklara nisbətən qat-qat çox olmalıdır.

Azərbaycanda sığortanın ən çox yayılan növü şəxsi avtomobillərin sığortalanmasıdır. Apardığımız araşdırma zamanı məlum oldu ki, xüsusi nəqliyyat vasitələrinin sığortasının səviyyəsi 2005-2006-cı illərdə aşağı olsa da sonradan yüksələn xətt üzrə inkişaf edib. Nəyə görə məhz avtomobil? Ekspertlər deyir ki, maşını kreditə verirlərsə, kredit verən bank mütləq sığorta tələb edir. Üstəgəl, əhali avtomobillərini tıxacların və maşınların sayının artması nəticəsində yarana biləcək qəza şəraitindən özü sığortalayır. Buna görə maşınların sığortalanması sayı həddən artıq çoxalıb. Amma digər sahələrdə sığorta işi zəifdir.
Ekspertlər onu da deyir ki, sığorta şirkətləri inamsızlıq yaradırsa və ya bəhanələrlə dəymiş ziyanı ödəməkdən imtina edirsə, onda “Sığorta haqqında” Qanuna müraciət etmək olar. Qanunvericilik sığortaçı tərəfindən dəfələrlə pozulduqda onun ləğv edilməsi barədə Arbitraj Məhkəməsində iddia qaldırmaq mümkündür.

Dünyanın 10 fərqli sığortası bunlardır

Dünyada isə olduqca ilginc sığorta növləri mövcuddur. Qərargahı Amsterdamda yerləşən “Hullberry” Sığorta Şirkəti 10 müxtəlif, fərqli sığorta növü təklif edir.

Məsələn, əgər benzinin qiyməti 15%-dən çox artarsa, onda növbəti 1000 litr benzin üçün sığorta şirkəti əlavə xərcləri ödəmək öhdəliyi daşıyır. Sığortanın qiyməti illik 19,95 avrodur. Bunun Azərbaycan kimi benzin qiyməti ilə tez-tez oynanılan ölkədə tətbiq olunması arzuedilən olardı.

Digər ağlagəlməz sığorta növü: tutaq ki, siz evdən tələsik çıxdınız, açarlar evdə qaldı, qapı isə arxanızca bağlandı. Sığorta sizə günün və ya həftənin hansı hissəsindən asılı olmayaraq, 100 avroya qədər ödəniş həyata keçirəcək. Sığortanın qiyməti isə illik 18 avrodan başlayır.
Liftdə qalanlar da qazanırlar. Bu halda da “Hullberry” şirkəti liftdə itirdiyiniz vaxt üçün 75 avro təzminat ödəməyi vəd edir. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadək məbləğdədir.

Lotereyada bəxti gətirməməyin də sığortası var imiş. İldə 52 dəfə lotereya oynayan, lakin heç nə uda bilməyən - bəxti gətirməyən şəxs sığorta şirkətindən 2500 avro pul ala bilər. Sığorta hadisəsinin baş vermə ehtimalı 1/4900-dür.

Nəzərə alsaq ki, altı rəqəmli lotereyanın baş prizini udmaq şansı 1/14 milyona bərabərdir, o zaman bu ehtimal heç də pis deyil. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.
Əgər ölkədə yeni “quru” qanun, tutaq ki, içki içilməsini qadağan edən qanun qəbul olunarsa, sığorta olunan kompensasiya olaraq 500 avro alacaq. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.

Başqa planetlilər tərəfindən oğurlanma - bu da bir sığorta növü yaradır. Yəni əgər sığorta olunan şəxs öz iradəsi olmadan (zorla) başqa planetlilər tərəfindən Yer kürəsindən qaçırılarsa, sığorta ödənişi həyata keçirilir. Sığorta müqaviləsində belə qeyd olunur. Belə olan halda zərərçəkənə 5000 avro ödəniş verilir. Amma, o şərtlə ki, həkimdən və aviokosmik orqanlardan arayış təqdim olunsun. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadəkdir.
Bax, indi yazacağımız sığorta növü tam azərbaycanlılara uyğundur. Bu sığorta növünün adı təqsirsiz halda həbsxanaya düşməkdir. Təqsiri olmadan dəmir barmaqlıqlar arxasına düşməkdən qorxanlar sığorta şirkəti ilə müqavilə bağlaya və belə hal baş verərsə, 500 avro sığorta ödənişi ala bilər. Sığortanın qiyməti: illik 12 avrodan 28 avroyadəkdir.

Xarici filmlərə mövzu olan sığorta növünə keçək. O toylarda keşişin, nikah məmurunun yanında adamdan “sən bu adamla (qadınla, kişi ilə) evlənmək istəyirsənmi” sualı verirlər ha. Qarşı tərəf də ani emosiyalar burulğanına düşüb, “yox” cavabı verir. Evlənəcəyi şəxsin “hə" cavabından əmin olmayanlar bu sığorta növünə müraciət edir. Nəticədə də əgər “yox” cavabı alırlarsa, şirkət onlara 100 avro ödəyir. Sığortanın qiyməti yenə də eynidir - illik 12 avrodan 28 avroyadək.
Gəlib çatdıq günümüz Azərbaycanı üçün real sığortaya. Şirkət təklif edir ki, özünüzə və ya dostlarınıza gizli kameraya çəkilməkdən qorunmaq üçün sığorta şəhadətnaməsi hədiyyə edəsiniz. Əgər belə bir vəziyyətə düşsəniz, zərərçəkən 1000 avroya qədər ödəniş ala bilər. Sığortanın qiyməti illik 12 avrodan 28 avroyadək.

Xəyanətə uğradığını öyrənən kişinin sığorta şirkətindən 500 avro ödəniş almaq hüququ var. Sığortanın qiyməti - illik 12 avrodan 28 avroyadək.

Bizdəki şərtlər və qiymətlər...

Azərbaycanda fəaliyyət göstərən böyük sığorta şirkətlərinin həyat sığortası üçün lisenziyası var. Keçirdiyimiz sorğu zamanı öyrəndik ki, həyat sığortası etdirmək istəyənlər kateqoriya ilə sığortalanır. Belə ki, bu, sığortalının iş və statusu ilə əlaqəli bir prosesdir. Azərbaycan insanının orta aylıq əməkhaqqı 300 manat həddində olsa da (bu, standartlara görə, aşağı rəqəmdir), orta aylıq əmək haqqı alan hər bir vətəndaş çox az bir məbləğə öz həyatını sığorta etdirə bilər.

Hesablamalar zamanı öyrəndik ki, qulluqçu kateqoriyasında aylıq 300 manat əmək haqqı alan bir müəllim və ya bir həkim ildə 7 manat 20 qəpik ödəməklə öz həyatını sığorta etdirə bilər. Müqavilə əsasında həyata keçirilən sığorta prosesi bir illik nəzərdə tutulub. Sığortalı bir ildən sonra müqaviləsini yeniləyərək növbəti il üçün sığortalanmış olur.

Həyat sığortasının ən vacib detalı: əgər sığortalanın başına sığorta müddəti ərzində bədbəxt hadisə gələrsə, onda onun əmək haqqının 10 və ya 12 misli miqdarında sığorta haqqı onun ailəsinə ödənilir. Yəni sığorta şirkəti tərəfindən edilən ödənişin həcmi qanunvericiliyin qoyduğu qayda ilə hesablanır. Sığorta ödənişinin maksimal həddi işçinin bir illik əmək haqqı fondundan 10-12 dəfə çox ola bilər.

Sevinc TELMANQIZI