BolgeXeber.Com » Sosial » Azərbaycanda kişiyə «yox», qadına «gəl» deyirlər

Azərbaycanda kişiyə «yox», qadına «gəl» deyirlər

22-08-2016, 18:41
Oxunub: 3 606 Azərbaycanda kişiyə «yox», qadına «gəl» deyirlərKərpic zavoduna işə yalnız qadınlar götürülür

Bizimyol.info portalının oxucusu redaksiyaya iş elanları olan bir sayt göndərib. Məsələni maraqlı edən də odur ki, burada yalnız qadınlar işə dəvət edilir, kişilər yox. Reklamçı, dizayner, operator, satıcı, kassir, ofisiant və s. iaşə və xidmət sahələrində ancaq qadınlar tələb olunur. Halbuki, bu işləri eyni zamanda kişilər də görə bilərlər. Parfümeriya mağazasına satıcı və ya təndirçi xanımın istənilməsini anlamaq olar, baxmayaraq ki, hər iki sahədə kişilər də işləyə bilərlər. Amma kərpic zavodu və toyuq fabrikinin kəsim sexinə israrlı şəkildə xanımların tələb olunması diqqətimizi çəkdi. “Bu sahələrdə qadınlar işləyə bilməz”, demirik, amma bu sahələrdə kişilərin işləyə bilməyəcəyinə həmin müəssisələr hansı səbəbdən qərar verib, maraqlı olan budur. Ya da ekspeditor niyə yalnız qadın olmalıdır? Həm kişi, həm qadın ola bilməzmi?

Elanları axtarıb tapdıq. Kərpic zavodunun elanında yaş aralığı 30-40 (yəqin qüvvətli qadınlar lazımdır), iş qrafiki səhər saat 8-dən, axşam 7-dəkdir. Yalnız bazar günləri istirahət verilir. Əməkhaqqı isə 250-300 manatdır. Quşçuluq fabrikində də yaş aralığı 20-40, əməkhaqqı 250-300 manatdır. Iş qrafiki səhər saat 8-dən axşam 8-dəkdir. Yəni 10 saat. Ayda cəmi 2 dəfə istirahət verilir. Bu isə əmək qanunvericiliyinin pozulmasıdır, artıq işlədilən saatlar üçün əlavə haqq, həm də ikiqatı verilməlidir. Amma yenə də xanımların nə iş görəcəkləri qeyd edilmir.

Elanlarda göstərilən telefonlara zəng elədik. Məlum oldu ki, bu, işədüzəltmə mərkəzidir. “Pergament Group”un əməkdaşı bildirdi ki, kərpic zavoduna tələb olunan qadınlar kərpicin soyudulması ilə məşğul olurlar. Hətta bir mütəxəssis kimi izah da elədi ki, sobadan qaynar çıxan kərpiclərin üzərinə su tökürlər ki, soyusun. “İşləyən qadınlar deyirlər ki, işimiz elə də ağır deyil”, deyə xanım bildirdi. Sorşduq, “bəs niyə yaş 30-40 aralığıdır”? Belə cavab verdi: “Daha gənc xanımlar çox vaxt belə işdə işləmək istəmirlər, “bizi satıcı yolla”, deyirlər. Ona görə də onları başqa işlərə göndəririk. Belədə əgər istəyən varsa, buyurub gəlsin”. Maraqlandıq ki, “bəs kərpici soyutmağa niyə məhz qadın tələb olunur, kişi yox”? Cavab verdi ki, “hazırda kişilər üçün vakansiya yoxdur, yerlər dolub. Xanımlar üçün vakansiyaları da 2-3 gün ərzində doldurmalıyıq. Tanışlarınız varsa əlavə 2 nəfər də gətirə bilərsiz. Orada kişi də çoxdur, qadın da. Amma biz zavoda ən çox qadınları göndərdiyimizə görə, deməli kollektiv daha çox qadınlardan ibarətdir”.

Elanların hamısı bu mərkəzə aidmiş. Quşçuluq fabrikindəki vakant yerlərlə bağlı mərkəzin əməkdaşı dedi ki, “Siyəzən Broyler” şirkəti Xızı istiqamətində yerləşdiyindən oraya əsasən 20 Yanvar Metrostansiyası, Xırdalanda yaşayanları göndərirlər. Saat 6.30-da metroda olmaq lazımdır ki, servis avtobusu işçiləri vaxtında götürə bilsin. Işin özünə gəldikdə isə, dedi ki, kəsim sexində toyuqlar aparatlarda kəsilir, onların tüklərinin təmizlənməsi, için ayrılması, yuyulması, paketlənməsini də qadınlar görür. Sadalananların bir çoxu əllə edilir. Burada da fiziki iş qabiliyyəti olanlar lazımdır, göstərilən yaşdan bir qədər az və ya çox, fərq eləmir. Soruşduq, “güc lazımdırsa, nə üçün bu işlərə xanımlar istənilir”? Müsahibimiz bunu bir növ müntalitet və bacarığa bağladı: “Kişilər gedib toyuq içi təmizləməyəcəklər axı, baxın görün kişilər elə işlərə gedir? Hazırda əlimdə xadimə işləri də var. Amma hansı kişi gedib hoteldə xadimə işləmək istəyər? Getsələr də, belə işləri bacarmırlar. Qadınlar isə əksər sahələrdə bacarıqlıdırlar. Kişiləri fabrikə yalnız fəhlə olaraq göndəririk, orada hinlərin yuyulub-təmizlənməsi işlərinə baxırlar”.

Zəng vurmuşkən ekspeditor işi ilə də maraqlandıq. Məlum oldu ki, işçi tələb edən təchizatçı firmalardır. Mağazalara, satış mərkəzlərinə malların paylanması işini sürücü ilə birgə həyata keçirən xanımlar lazımdır. Hətta oradaca mənə iş təklif etdi. Dediyinə görə Əhmədli Metrostansiyasına yaxın mağazadır. Birinci ay 250 manat verirlər, yaxşı işləyəndə növbəti ay 300-400 manat olur. Dedim, “deysən daha çox xanımlar üçün vakant yelər təklif edirsiz”. Dedi, “xanımlara hər yerdə iş var, bilirsiniz”. Səbəbini isə “ölkənin vəziyyəti budur”, kimi izah elədi. Mənasını açıqlamağı xahiş etdik, daha “dərinə” getmədi, “bizə verilən vakansiyalar bunlardır”, dedi. Kişilər üçün mühasibat, ofisiant, kuryer, fəhlə işləri varmış. Amma xanımlara vakant yerlər daha çoxdur. Əlavə elədi ki, “kişilərə möhtac qalmırıq”. Elanlarda təklif olunan əməkhaqqı məbləğlərindən görünür ki, qadınlar üçün iş yerləri çox olsa da, onların əməyini ucuz satın alırlar. Ən yüksək məvacib cəmi iki yerdə təklif olunub: xəz-dəri qalereyası, bir də təndirçi, qalanlar əsasən 250-300 manatdır. Reklamçının işi də faizə bağlıdır.