BolgeXeber.Com » Gündəm » Ceyhun Cəfərov hələ də borcunu qaytarmayıb - ŞİKAYƏT

Ceyhun Cəfərov hələ də borcunu qaytarmayıb - ŞİKAYƏT

24-08-2016, 12:48
Oxunub: 2 878 Ceyhun Cəfərov hələ də borcunu qaytarmayıb - ŞİKAYƏTKürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun özünə məxsus olan bağ evində işlətdiyi fəhlələrin pullarını verməməsi səbəbindən yaranmış problem hələ də öz həllini tapmayıb

Bu barədə növbəti dəfə redaksiyamıza müraciət etmiş vətəndaş Amil Nəsirov xəbər verib. Xatırladaq ki, “Bizim Dövr”ə ilk müraciətində Amil Nəsirov Bakının Mərdəkan qəsəbəsində yerləşən və Ceyhun Cəfərova məxsus olan bağ evində bir neçə nəfərdən ibarət briqada üzvləri ilə birlikdə təmir-rikinri işlərində çalışdıqlarını, lakin bunun müqabilində icra başçısından qazandıqları pulu ala bilmədiklərini söyləmişdi. Bu xüsusda şikayətçi təqdim etdiyi ərizədə yazır: “Ceyhun Cəfərov bağ evində bizi işlədib, amma pulumuzu vermir. Bir ildir ki, sürünürük. Düz bir il bundan əvvəl əvvəl mən və digər yoldaşlar Ceyhun Cəfərovun Mərdəkanda yerləşən bağ evində təmir-tikinti işlərinə başladıq. Burada işlədiyimiz müddət ərzində bizə deyildi ki, işinizi bitirin, pulunuzu axırda alacaqsınız. Hər gün səhər saat 7-dən axşama qədər həmin bağda işlədik. Sonda bütün işimizi də qüsursuz yerinə yetirib, təhvil verdik. Dedilər ki, haqqınızı 2 gün sonra gəlib götürərsiniz. İki gün oldu 2 həftə, 2 həftə oldu 10 ay, 10 ay oldu 1 il... Hələ də bir qəpik belə ala bilməmişik. Ceyhun Cəfərovdan pulumuzu tələb etdik. Çünki biz aylarla əzab-əziyyət çəkmişik ki, o, dəbdəbəli, saray kimi evdə yaşasın. Bir icra başçısının bu qədər cılız hərəkət edə biləcəyi heç birimizin ağlına gəlməzdi. İndi bizə deyir ki, gedin, pulunuzu Tofiqə vermişəm, ondan alın. Adama deyərlər ay başçı, biz Tofiq üzü görmüşük ki, Tofiq axtarmağa göndərirsən bizi? Bizim danışığımız sizin yaxınlarınızla olub. Məsuliyyəti üzərinizə siz götürmüsünüz. Pulu da siz ödəməlisiniz. Biz sonra yenə pulumuzu tələb edəndə dedi ki, sizin pulunuzu Tofiq götürüb xaricə qaçıb. Bu qədər biabırçılıq görməmişdik. Üç-beş fəhlənin haqqını verə bilməyən bir şəxs o boyda rayona görəsən necə başçılıq edir? Biz ondan nə borc istəmirik, nə dilənmirik, nə xərac tələb etmirik. Gəlib qapısında, evində əzab-əziyyətlə işlədiyimiz, alın təri ilə qazandığımız pulumuzu istəyirik...” Baş verənlər barədə qəzetimizdə tənqidi material dərc olunandan sonra isə, Ceyhun Cəfərov vəzifə səlahiyyətlərində sui-istifadə etməklə, təhdid taktikasına keçməyə üstünlük verib. Belə ki, başçının köməkçisi Amil Nəsirovla telefon əlaqəsi saxlayıb və şikayətçi icra hakimiyyətinə dəvət olunub. Lakin bura gələndən sonra, köməkçi vətəndaşa bildirib ki, başçı bu gün onu qəbul edə bilməyəcək və görüş gələn həftəyə qədər təxirə salınıb. Amma Amil Nəsirov qəbul otağında bir qədər də gözləmək qərarına gəlib. Bu zaman onu müşahidə kameralarından görən Ceyhun Cəfərov isə, şikayətçinin bu hərəkətindən hiddətlənib. Sonra təkrar Amil Nəsirova yaxınlaşan köməkçi başçının hirsləndiyini deyib və onun sözlərini vətəndaşa çatdırıb: “Başçı deyir ki, bu niyə çıxıb getmir? Onu istəyir ki, bu saat zəng edib rəisi çağırım bura, tutub onu atsınlar içəri..?” Bundan sonra şikayətçi vətəndaş icra hakimiyyətini tərk etməyə məcbur olub.

Həmçinin Kürdəmirdən aldığımız digər məlumatlara əsaslanara, biz dərc etdiyimiz materiallarda bunu da qeyd etmişik ki, Ceyhun Cəfərov başçı kimi fəaliyyətində də öz vəzifə səlahiyyətlərindən daha çox şəxsi mənafeyi üçün yararlanmağa üstünlük verir. Belə ki, rayondan aldığımız açıqlamalara görə, Kürdəmirə icra başçısı təyin edildikdən dərhal sonra Ceyhun Cəfərov eynilə əvvəllər rəhbərlik etdiyi Tərtər rayonunda olduğu kimi, əsasən iş adamlarını sıxışdırmağa başlayıb. Başçı ilk gündən bütün gəlirli sahələri nəzarəti altına almağa başlayıb. Bu isə, Kürdəmirdə ciddi narazılıqların yaranmasına səbəb olub.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.