BolgeXeber.Com » Bölgə » Qazaxda səhiyyə adına rəzalət - NARAZILIQ VAR...

Qazaxda səhiyyə adına rəzalət - NARAZILIQ VAR...

24-08-2016, 16:35
Oxunub: 2 961 Qazaxda səhiyyə adına rəzalət - NARAZILIQ VAR..."Çarəsiz qaqlan xəstələr səhər saatlarında müəssisədən çıxaraq rayon ərazisində müxtəlif yaşayış məntəqələrinə yollanır və əhalidən dilənməklə pul alıb müəssisə rəhbərliyinə gətirirlər...”

Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda, biz ölkənin müxtəlif şəhər və bölgələrində yerləşən psixonevroloji dispanserlər, ruhi-əsəb xəstəxanaları və digər bu kimi səhiyyə müəssisələrindən bəzilərinin fəaliyyətində müşahidə olunan neqativ hallardan bəhs etmişdik. Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatlarda isə, Qazaxda yerləşən Rayonlararası Ruhi Xəstəxananın fəaliyyətinə dair ciddi iradlar irəli sürülür. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda müəssisənin baş həkimi Ramiz Mansurovun öz fəaliyyətində vəzifəsindən sui-istifadə, rüşvətxorluq və digər ciddi qanun pozuntularına yol verdiyi bildirirlir. Açıqlamalarda iddia olunur ki, rayonda formalaşmış ümumi ictimai rəyə görə məhz Ramiz Mansurovun son dərəcə yarıtmaz fəaliyyəti nəticəsində bu gün xəstəxanada vəziyyət olduqca acınacaqlı bir duruma gəlmişdir. Mənbələr iddia edirlər ki, xəstələrin sosial əmək reabilitasiyasını təşkil etməyə borclu olan bu səhiyyə ocağının baş həkimi özbaşına işlərlə məşğuldur. Bildirilir ki, bu xəstəxanada müalicə alan insanlar müəssisə rəhbərliyi tərəfindən dözülməz haqsızlıqlara məruz qoyulurlar. Belə ki, xəstələr bir çox hallarda ayrı-ayrı işlərə cəlb olunurlar. Baş həkim onların əməyindən xəstəxananın həyətyanı sahəsinin təmizlənməsində və hətta müəyyən tikinti işlərində istifadə edir. Bu isə məlum olduğu kimi, psixo-nevroloji xəstələrin istismarı kimi xarakterizə olunan yolverilməz haldır. Bu arada belə bir faktı da vurğulamaq lazımdır ki, Ramiz Mansurov tərəfindən xəstələrin istismar olunması onların yalnız müxtəlif işlərə cəlb olunmaları ilə tamamlanmır. Məsələ bundadır ki, hələ bir müddət əvvəl mətbuata daxil olan açıqlamalarda Qazax Rayonlararası Ruhi Xəstəxanasında müalicə alan xəstələrin məcburi qaydada dilənçiliyə cəlb olunmaları barədə iddialar da irəli sürülmüşdü. Bu barədə məlumatlarda deyilirdi: “Xəstəxanada müalicə olunan xəstələrin rayon ərazisində diləndiyi məlum olub. Xəstələrdən biri bu barədə dəhşətli faktlar açıqlayıb. Xəstəxanada məskunlaşan və müalicə olunan xəstə bildirib ki, müəssisənin rəhbərliyi xəstələri döyərək dilənməyə, “pul qazanmağa” vadar edir. Xəstənin dediyinə görə, müəssisə rəhbəri onlardan hər gün pul tələb edir. Hər gün səhər saatlarında ac-acına müəssisədən çıxarılan xəstələrə tapşırılır ki, axşama hər xəstə minumum 20-30 manat pul qazanmalıdır. Əks halda həmin xəstələrə nə yemək verilir, nə də onlar müəssisəyə buraxılmır. Çarəsiz qaqlan xəstələr səhər saatlarında müəssisədən çıxaraq rayon ərazisində müxtəlif yaşayış məntəqələrinə yollanır və əhalidən dilənməklə pul alıb müəssisə rəhbərliyinə gətirirlər...”

Digər tərəfdən isə, məlumatlara görə, Qazax Rayonlararası Ruhi Xəstəxanasında heç bir xəstənin pulsuz müalicə və müayinə olunmaq şansı yoxdur. Həmçinin daxil olan məlumatlarda, xəstəxana rəhbərliyinin buraya Səhiyyə Nazirliyi tərəfindən ayrılan dərman preparatları ilə də müəyyən maxinasiyalar törətdiyi bildirilir. Vurğulanır ki, burada müalicə olunan xəstələrə dərmanlar ikiqat bahasına satılır. Belə ki, müalicə alan xəstələrə pulsuz verilməli olan dərmanlar Qazaxda və qonşu rayonların müxtəlif ərazilərində fəaliyyət göstərən apteklərə satılır, elə bu səbəbdən də xəstələr zəruri dərman preparatlarını baha qiymətə həmin apteklərdən almağa məcbur olurlar.

Yeri gəlmişkən, redaksiyamıza daxil olan məlumatlarda Qazax Rayonlararası Ruhi Xəstəxanasın baş həkimi Ramiz Mansurovun bütün bu maxinasiyalar və qanun pozuntuları sayəsində sahib olduğu geniş biznes şəbəkəsi barədə də maraqlı açıqlamalar verilir. Bildirilir ki, bu şəbəkəyə yanacaqdoldurma stansiyası da daxil olmaqla bir çox kommersiya obyektləri daxildir. Lakin bu barədə növbəti saylarımızdan birində daha ətraflı oxuya biləcəksiniz...

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.