BolgeXeber.Com » Müsahibə-Reportaj » MQP Qorbaçovun Bakı səfərinə etiraz etdi

MQP Qorbaçovun Bakı səfərinə etiraz etdi

9-07-2010, 14:35
Oxunub: 6 432 [img=left]uploads/1278668212_V[1].Beyturan-foto.jpg[/img]
Vüqar Bəyturan:”Keçmiş SSRİ prezidentinin əli Azərbaycan türklərinin qanına batıb”

Məlum olduğu kimi, keçmiş SSRİ prezidenti Mixail Qorbaçovun beynəlxalq konfransda iştirak etmək üçün Bakıya səfəri gözlənilir. Bu səfərin baş tutub-tutmayacağı hələ bəlli olmasa da, ölkə ictimaiyyəti bu xəbəri müxtəlif prizmalardan qiymətləndirməkdədir. Azərbaycanda türk millətçiliyi ideologiyasına əsaslanan Milli Qurtuluş Partiyasının bu məsələyə münasibətini öyrənmək üçün MQP Mətbuat Xidməti partiyanın lideri Vüqar Bəyturana müraciət edib. MQP başqanı Qorbaçovun şər imperiyası olan SSRİ-nin dağılmasında bilərəkdən olmasa da, müəyyən xidmətlərinin olduğu üçün beynəlxalq aləmdə bu siyasətçiyə rəğbətlə yanaşıldığını bildirib.

Fəaliyyəti dövründə onun atdığı addımlara görə Azərbaycan maraqlarından çıxış edən hər bir təşkilatın və şəxsin Qorbaçova nifrət hissi ilə yanaşmasının vacibliyini vurğulayan Vüqar Bəyturan keçmiş SSRİ prezidentini Azərbaycanın 20 faiz torpaqlarının işğalı ilə nəticələnən Qarabağ münaqişəsinin başlanğıc dövründə ermənipərəst mövqe tutmaqla, erməni tərəfinə əsassız ərazi iddialarını irəli sürmək üçün şərait yaratdığına, eləcə də milli azadlıq mübarizəsini beşiyində boğmaq məqsədilə Bakıya qoşun yeritdiyinə, dinc vətəndaşların qətlinə fərman verdiyinə görə beynəlxalq tribunal qarşısında cavab verməli olduğunu söyləyib. Azərbaycanda valideynləri övladsız qoyan birisinin rahat şəkildə ölkəmizə gələ biləcəyinə şübhə ilə yanaşan partiya rəhbəri Qorbaçova təhlükəsizliyi naminə səfər barədə qərarına yenidən baxmağı məsləhət görüb. Azərbaycanın siyasi hakimiyyətinə müraciət edən Vüqar Bəyturan 20 yanvar şəhidlərinin ruhunu rahatsız etməməyə və Azərbaycan türklərinin qanına əli batan Qorbaçovun beynəlxalq konfransda iştirak bəhanəsilə Bakıya gəlişini əngəlləməyə çağırıb.