BolgeXeber.Com » Bölgə » İsmayıl Vəliyevin Neftçala fiaskosu: icra başçısı “fövqəlnazir” də zərbə altına qoyub

İsmayıl Vəliyevin Neftçala fiaskosu: icra başçısı “fövqəlnazir” də zərbə altına qoyub

12-09-2016, 16:08
Oxunub: 5 093 İsmayıl Vəliyevin Neftçala fiaskosu: icra başçısı “fövqəlnazir” də zərbə altına qoyubPrezident İlham Əliyev sonuncu dəfə Neftçalada 2014-cü ildə olub. Artıq iki ildən çoxdur ki dövlət başçısı bu rayona səfər etmir

Referendum ərəfəsində cənub və şimal zonalarına gedən ölkə başçısı Neftçalaya ayaq basmır. Bunun gerçək səbəbləri üzə çıxıb və kifayət qədər ciddi gərginlik yaranıb. Belə ki, cumhuriyyet.az-ın əldə etdiyi xəbərə görə, İ.Əliyev Neftçalaya icra hakimi təyinatında gözlədiyi nəticəni almayıb.
Dövlət başçısı İsmayıl Vəliyevi bu rayona rəhbər vəzifəyə göndərərkən Neftçalanı inkişaf etdirməyi, abadlıq-quruculuq işləri həyata keçirməyi, əhalinin sosial problemlərinin həllindi ciddi dönüş etməyi tapşırıb. Eləcə də bu təyinatda rolu olan fövqəladə hallar naziri Kəmaləddin Heydərov da prezident qarşısında öhdəliklər götürüb və yaxın qohumu olan İ.Vəliyevin adından söz verib ki prezident bu təyinatdan məyus olmayacaq. Lakin dövlət rəhbərinin qərarı özünü doğrultmayıb və İ.Vəliyev himayədarı olan nazir qohumunu da, özünü də pis vəziyyətə salıb.
Belə ki, Neftçala onun təyin olunduğu gündən etibarən qara günlərini yaşayır. Rayonla qonşu bölgələrdə müəyyən qədər irəliləyiş olsa da, Neftçala geri qalıb. İ.Vəliyev prezidentin ayırdığı büdcə vəsaitlərini təyinatı üzrə xərcləməyib.
Eyni zamanda yol tikintisinə bir neçə dəfə ayrılmış vəsaitlər mənimsənilib və 2014-cü ildən sonra İ.Əliyev üçün Neftçala hələlik bitmiş mövzuya çevrilib. Hətta dövlət rəhbəri FHN rəhbərinə də iradını və narazılığını bildirdiyi deyilir. İddialara görə, prezident nazirin təqdim etdiyi kadrın yarıtmazlığından şikayətlənib.
Cumhuriyyet.az-a daxil olan məlumata görə, K.Heydərov İ.Əliyevi inandırmağa çalışıb ki qüsurlar aradan qaldırılacaq və səhvlər icra başçısına çatdırılacaq. Amma İ.Vəliyev öz istəklərini reallaşdırmağa davam edir və nə naziri pis duruma saldığına görə narahatdır, nə də ölkə başçısının narazılığından.
Bir müddət qabaq K.Heydərovun Neftçalaya getməsində qeyri-rəsmi səbəb də bu məsələni müzakirə etmək və rayondakı vəziyyətlə tanışlıq olub. Nazir öyrənmək istəyib ki, rayonda hər hansı iş gedibsə prezidenti arxayın şəkildə dəvət etmək olsun. Amma FHN rəhbəri gördüklərindən dəhşətə gəlib və başçı qohumundan heyrət edib. İnana bilməyib ki, bu dərəcədə məsuliyyətsizlik ola bilər. İ.Vəliyev Neftçalanı elə günə salıb ki bərbad demək adi ifadədir.
Rayonda nə sosial-iqtisadi inkişaf gedib, nə abadlıq-quruculuq işləri aparılıb, nə də sahibkarların fəaliyyətinə əlverişli şərait yaradılıb. Əksinə, nazirin qulağına çatıb ki iş adamlarından prezidentə saysız-hesabsız şikayətlər ünvanlanıb. K.Heydərov məyus və üzgün şəkildə Neftçalanı tərk edib və aydın olub ki 2014-cü ildən prezident niyə rayona səfər etmir.
Adi bir fakt: iyunda Neftçaladan olan 18 sahibkar rayonda yaranmış dözülməz şəraitdən ölkə prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, vergilər naziri Fazil Məmmədova, elologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırova, Dövlət Əmlak Komitəsinin sədri Kərəm Həsənova müraciət ünvanlayıblar. Həmin müraciətə imza atanlardan biri olan sahibkar Nazim Əlihüseynov mətbuata müraciət edərək atdığı imzadan imtina edib. İmtinaya səbəb isə Neftçala rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin sahibkara birbaşa təzyiqi ilə nəticələnib. Məlumatda bildirilir ki, İsmayıl Vəliyev “Məkan” restoranının sahibi olan Nazim Əlihüseynova açıq şəkildə bildirib ki, ya atdığı imzadan imtina edəcək, ya da restoranını bağlayıb, gedib evində oturacaq. Təbii ki, bu sözlərdən sonra iş adamı ikinci varianta üstünlük verib və atdığı imzadan imtina edib.
Başqa fakt: Neftçala rayonunda 27 min nəfər əhalinin yaşadığı, 11 yaşayış məntəqəsini birləşdirən və uzunluğu 30 km olan Şorsulu-Xolqarabucaq-Xəzərkənd avtomobil yolunun hazırki durumu heç də ürək açan deyil. Qeyd edək ki, bu yolun yenidən qurulması üçün Prezidentin 12 iyun 2012-ci il tarixli sərəncamı ilə dövlət büdcəsindən Neftçala Rayon İcra Hakimiyyətinə ilkin olaraq 5 milyon manat vəsait ayrılıb.
Təmir və yenidənqurma işlərini “Texnoyol” MMC Azərbaycan şirkəti həyata keçirib. Hələ yol çəkilən vaxt işin keyfiyyətsiz görülməsi ilə bağlı yerli sakinlər müxtəlif instansiyalara narazılıqlarını bildirir. Bu işdə də ciddi yeyintiyə yol verilib. Kəsəsi, Neftçalada qanunsuzluqlar barədə mətbuat səhifələrində kifayət qədər xəbərlər yer alıb. İsmayıl Vəliyev adını internetdə axtarış verməklə həmin faktlarla tanış olmaq mümkündür…