BolgeXeber.Com » Gündəm » «Nazirlikdə “AĞSU KLANI” formalaşıb…» - Müslümovun qaynına vəzifə verməsi qanunidirmi?

«Nazirlikdə “AĞSU KLANI” formalaşıb…» - Müslümovun qaynına vəzifə verməsi qanunidirmi?

15-09-2016, 18:06
Oxunub: 2 903 «Nazirlikdə “AĞSU KLANI” formalaşıb…» - Müslümovun qaynına vəzifə verməsi qanunidirmi?ƏƏSMN-də korrupsiya hallarının artması, nazirliyin vəzifəli şəxslərinin hətta pensiyalara belə tamah salması, ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirilir

“Dövlət Sosial Müdafiə Fondu (DSMF) ləğv edilərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tərkibinə daxil edildikdən sonra, burada yaranmış qeyri-müəyyənlik nəticəsində bir müddət pensiyaçıların hesablarından vəsaitlərin mənimsənilməsi halları səngimişdi. Lakin bu vəziyyət uzun çəkmədi”. ƏƏSMN daxilində gedən proseslərdən xəbərdar olan mənbə belə deyir.

Onun “AzPolitika.info”ya ötürdüyü məlumatlarda daha sonra iddia edilir ki, bu nazirlikdə kadrların təyinatında “hörmət” əsas rol oynadığından, hər bir vəzifə sahibi ilk növbədə verdiyini çıxarmaqla məşğuldur: “Artıq sentyabr ayından korrupsiyanın yeni mərhələsi başlayıb. “Yığıma” bir müddət fasilə verildiyindən, faiz nisbətləri də qaldırılıb. Əgər əvvəllər 50%-lə vətəndaşlar canlarını qurtarırdılarsa, indi 60 və daha yüksək faiz dərəcələri müəyyənləşdirilib”.

Məlumatlı mənbə qeyd edir ki, pensiya qanunvericiliyində vətəndaşların pensiya məbləğinin məhdudiyyət qoyulmadan ödənilməsi nəzərdə tutulsa da, nazirliyin rəsmiləri tərəfindən pensiyaların təyin olunması zamanı qanunun bu maddəsi təhrif olunur: “Belə ki, əgər pulun 50, 60 bəzən hətta 70 faizi nağd şəkildə geri qaytarılarsa, həmin pul tam olaraq ödənilir”.

ƏƏSMN-də korrupsiya hallarının artması, nazirliyin vəzifəli şəxslərinin hətta pensiyalara belə tamah salması, ölkədəki iqtisadi vəziyyətlə əlaqələndirilir: “Rəsmi statistikaya görə, ölkə üzrə təxminən 500 minədək iş yeri bağlanıb və bu da DSMF üzrə daxilolmaların azalmasına səbəb olub. Qanuna görə, vəsaitlərinin bir hissəsini bisnes qurumlarından, müəssisə və təşkilatlardan daxilolmalar hesabına formalaşdıran qurum, hazırda nəzərdə tutulmuş məbləğin heç 50 faizini belə toplaya bilmir. Lakin buna baxmayaraq, sosial sığorta ödəyicilərinin və dövlətin vəsaitləri heç bir qanun və norma gözlənilmədən talanır”.

Məlumatlı şəxs eyni zamanda nazir Səlim Müslümovun “Dövlət Qulluğu Haqqında” Qanunun tələblərini pozduğunu iddia edir: “Qanuna əsasən yaxın qohumlar tabeçilik münasibətində işləyə bilməz. Lakin Səlim Müslümovun qaynı DSMF-də ən mühüm «korrupsiya ocağı» kimi tanınan Hərbi Departamentin rəisidir. Bacısının həyat yoldaşı isə DSMF-nun Nəsimi şöbəsinin müdiri vəzifəsində işləyir. Bundan əlavə nazirlikdə qanunun qadağan etdiyi hallar üzrə tabeçilik münasibətlərində olan bir çox şəxslərin – o cümlədən Aparat rəhbəri Əjdər Cəbiyevin yaxın qohumları mühüm vəzifələrdə işləyir”.

Məlumatda DSMF sistemində “Ağsu klanı”nın formalaşdığı və onların bir-birilə yaxınlığından istifadə edərək, öz qanunsuz hərəkətlərini davam etdirdiyi bildirilir.

P.S. Yazıdakı məlumat və iddialarla bağlı Nazirliyin və adları çəkilən şəxslərin mövqeyini də işıqlandırmağa hazırıq.