BolgeXeber.Com » Gündəm » “Süni uşaq qidalarını nə qədər tanıyırıq?” VİDEOSORĞU

“Süni uşaq qidalarını nə qədər tanıyırıq?” VİDEOSORĞU

22-09-2016, 10:08
Oxunub: 3 092 “Süni uşaq qidalarını nə qədər tanıyırıq?” VİDEOSORĞUDünyada hökm sürən sivilizasiyanın gətirdiyi yeniliklər bir çox hallarda insanların ziyanına olur

Son illərin ən çox müzakirəyə səbəb olan mövzularından biri də körpələrə verilən uşaq qidalarıdır. Yeni doğulan uşaqlara ana südü əvəzinə mənşəyi bəlli olmayan süni qidalar vermək nə dərəcədə düzgündür? Bu qidalar uşaqların orqanizmində nə kimi fəsadlar törədə bilir?
Bu kimi suallara cavab tapmaq üçün BTV əməkdaşları şəhərdə sorğu keçirdi.

Respublikanın Baş Pediatrı, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstutunun direktoru Nəsib Quliyev bildirib ki, uşaqlar üçün ən ideal qida ana südüdür: "Həmin süni qidalar inək südünün bazasında hazırlanan qidalardır. Təbiətin belə bir qanunu var ki, canlının hasil etdiyi qida onun maksimum özü üçün spesifik və maksimum adekvatdır. Bu o deməkdir ki, inəyin südünü insanın balasına vermək olmaz. Biologiyada buna bioloji katastrof deyirlər. Bunlar sübuta ehtiyacı olmayan aksiomlardır. Amma təssüflər olsun ki, insanlar özləri-özlərinə problem yaradırlar. Ona görə ki, təbiətin qanunlarını pozurlar".
Valideynlərin isə bu məsələyə münasibəti tam fərqlidir. Sözügedən qidalar daha asan hazırlandığına və canqurtaran olduğuna görə övladlarının qida rasionuna ən azı bir dəfə də olsa bu məshsullardan qatdıqlarını deyirlər.
Hətta bəzi valideynlər ana südünün olmamasından şikayətlənirlər ki, Nəsib Quliyev bu fikri tamamilə absurd hesab edir. Uşaq ana bətninə düşən gündən onun orqanizmində müəyyən dəyişikliklər baş verir və bu dəyişiklik, südün gəlməsinə şərait yaradır.
Araşdırmalar zamanı maraqlı bir fakt da ortaya çıxdı: belə ki, süni uşaq qidalarını ixrac edən əsas ölkələrdən biri olan Almaniyada, belə qidaların istifadəsi Azərbaycandakı istifadədən dəfələrlə azdır. Demək, belə ölkələr öz ticari maraqlarını təmin etmək üçün xam insanlar axtarırlar. Belə “canqurtaran” məhsulları ortaya çıxarıb, satırlar, ancaq öz ölkələrində bu məhsullardan maksimum dərəcədə istifadə etməməyə çalışırlar.
Azərbaycan labaratoriyalarında bu məhsulların kimyəvi tərkibini tam şəkildə analiz etməyin mümkünsüzlüyü süni uşaq qidalarına qarşı şübhəni artırır.
Ancaq istər dövlət, istərsə də özəl Tibb mərkəzlərində fəaliyyət göstərən bəzi həkimlər uşaq qidaları istehsalçıları ilə sıx əlaqə saxlayır.
Nəsib Quliyev bu məsələyə də öz fikrini bildirib: “Uşaq qidalarının satışı ilə məşğul olan distribütorlar pediatrlarla əməkdaşlıq edirlər: "Əgər pediatr uşağa süni qida verilməsini məsləhət görürsə, bu, həmin həkimin savadının aşağı olmasını göstərir. Uşağı müayinə edən pediatr analara ancaq onu tövsiyə etməlidir ki, ilk altı ayadək övladını yalnız ana südü ilə qidalandırsın. Altı aydan sonra isə ana südü ilə yanaşı əlavə qidalar da vermək olar. Bu qidalar isə, yumurta sarısı, mannı və digər sıyıqlar ola bilər. Daha yaxşı olardı ki, bu qidalar da mağazalarda satılan hazır yox, ev şəraitində hazırlanan qidalar olsun. Ağıllı analar uşaqlarına konservantlarla konserviləşdirilib uzun müddətli istifadəyə yararı olan qablaşdırılmış uşaq yeməkləri vermirlər. Ticari hədəfləri naminə körpələrin orqanizmini korlayan belə istehsalçılara qarşı yalnız biz yox, bütün cəmiyyət mübarizə aparmalıdır ".
Təəssüflər olsun ki, Nəsib müəllimin dediklərinə ölkəmizdə çox az sayda həkim və valideynlər riayət edirlər.
Bolgexeber.com