BolgeXeber.Com » Bölgə » Qubada bələdiyyə büdcəsi talanır - İTTİHAM VAR

Qubada bələdiyyə büdcəsi talanır - İTTİHAM VAR

21-09-2016, 17:20
Oxunub: 3 080 Qubada bələdiyyə büdcəsi talanır - İTTİHAM VARZakir Müslümov hazırda Qubanın mərkəzində bir neçə ticarət obyektinin, Qəçrəş və Təngaltıda istirahət mərkəzlərinin, həmçinin Bakıda bir neçə mənzilin də sahibidir

Biz artıq yazılarımızda dəfələrlə belə bir fikri vurğulamışıq ki, ilk növbədə mövcud olduğu ərazidə yaşayan əhalinin əsas ictimai sosial-məişət problemlərinin həllini üçün yaradılmış yerli özünü idarə orqanları – bələdiyyələr, təəssüflər olsun ki, əksər hallarda hələ də Rayon İcra Hakimiyyəti orqanlarının bir strukturu kimi fəaliyyət göstərirlər. İlk növbədə qeyd olunmalıdır Məlumdur ki, bu gün əksər regionlarda nəticə etibarı ilə rayon rəhbərliyinin xeyir-duası olmadan bələdiyyə sədri seçilməyin özü də çox müşkül işdir. Bələdiyyələrin hüquqi baxımdan müstəqil, seçkili orqan olduqları halda İH-dən bu qədər asılı olmaları prinsipial olaraq qəbuledilməzdir. Real həyatda isə bu asılılığı izah edən, bəzi hallarda onu hətta doğruldan, kifayət qədər əsaslı arqumentlər vardır. Məsələ bundadır ki, bu qurumların böyük əksəriyyətinin hələ də öz funksiyalarını effektiv şəkildə icra edə bilməmələri yerlərdə bəzən ciddi narazılıqların yaranmasına yol açır. Vəziyyətdən çıxış yolunu, problemin həllini isə yenə də müvafiq RİH-dən tələb edirlər. Həm də nəzərə almaq lazımdır ki, bu tələbi təkcə yuxarı hakimiyyət orqanları deyil, həm də əhali özü irəli sürür. Digər tərəfdən isə, bu və ya digər dərəcədə səlahiyyət və sərbəstliklərə nail olmuş əksəriyyət bələdiyyə strukturları da imkanlarını əməli iş üçün deyil, digər instansiyalarla çəkişmələr üçün səfərbər edirlər.

Redaksiyamıza daxil olan məlumatlarda da Quba şəhər bələdiyyəsinin sədri Zakir Müslümovun fəaliyyət üçün məhz belə bir taktikaya üstünlük verdiyi bildirilir. Həmin məlumatlarda göstərilir ki, Qubada keçirilən demək olar ki, bütün dövlət və yerli əhəmiyyətli tədbirlərdə Zakir Müslümovun RİH-nin, eləcə də rayonda fəaliyyət göstərən digər dövlət təsisatlarının, maliyyə, inşaat və sairə struktur rəhbərləri ilə daima bir arada görünməsi bələdiyyə rəhbərliyinin də rayonda aparılan quruculuq işlərində yaxından iştirak etməsi təəsüratını yaradır. Halbuki, bu qurumun işi rayon ictimaiyyəti tərəfindən yalnız fəaliyyətsizlik və yaxud qeyri-effektiv fəaliyyət kimi qiymətləndirilr. Dəfələrlə ölkə mətbuatında Quba bələdiyyəsinin bu və ya digər problemlə bağlı məsuliyyətdən boyun qaçırması halları müzakirə olunmuşdur. Kütləvi informasiya vasitələrinə və digər instansiyalara ünvanlanan şikayət ərixələrində isə iddia olunur ki, Quba şəhər bələdiyyənin büdcəsinə yığılan vəsaitlərin hara xərclənməsini sədrdən başqa bilən yoxdur. Şəhər sakinləri isə, bələdiyyə sədri tərəfindən külli miqdarda maliyyə israfçılığına yol verildiyini, həmçinin ayrı-ayrı şəxslərə qanunsuz torpaq satışının əsil biznesə çevirildiyini iddia edirlər. Bu kimi ittihamların irəli sürüldüyü açıqlamalardan birində deyilir: “Zakir Müslümov müxtəlif vəzifələrdə çalışan dost-tanışları, yaxın adamları və qohumları sayəsində, eləcə də bir sıra nüfuzlu şəxslərin adından istifadə etməklə gəlirlərini artırmaqla, büdcə vəsaitlərini təyinatdankənar xərclərə yönəltməklə məşğuldur. Rayonun əksər kənd bələdiyyələrinin sədrləri də Zakir Müslümova yaxın şəxslərdir. O, adamlarını qeyd olunan vəzifələrə gətirmək üçün əlaqələrindən istifadə edib və sonda planlarını reallaşdırmağa müvəffəq olub. Quba bələdiyyəsinin fəaliyyətindəki nöqsanların sayı-hesabı yoxdur. Fiziki şəxslərdən yığılan torpaq və əmlak vergisi, fiziki və hüquqi şəxslərdən icarə haqqı, küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödənişlər, avtodayanacaq ödənişləri, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən əldə olunan vəsaitlərin hansı işlərə sərf edildiyi barədə camaata hesabat verilmir. Yuxarılara təqdim olunan hesabatların şəffaflığına isə şübhə var. Çünki həmin hesabatlarda şişirdilmiş rəqəm və məlumatlar göstərilir. Bələdiyyə tərəfindən toplanılan vergilərin heç də hamısı büdcəyə keçirilmir, bir sıra yollarla özününküləşdirilir...”

Yeri gəlmişkən, təqdim olunan açıqlamalara görə, Zakir Müslümov hazırda Qubanın mərkəzində bir neçə ticarət obyektinin, Qəçrəş və Təngaltıda istirahət mərkəzlərinin, həmçinin Bakıda bir neçə mənzilin də sahibidir.

Bununla belə, mövcud durumla bağlı şikayətçilər artıq uzun müddətdir ki, ən müxtəlif instansiyalara müraciətlər ünvanlasalar da, hələlik nə nə Quba Rayon İcra Hakimiyyəti, nə də heç bir digər müvafiq qurum onların şikayətləri ətrafında lazımi araşdırmalar aparmayıb. Qeyd etmək lazımdır ki, yaranmış bu vəziyyət Quba sakinlərinin ciddi narahatlığına və haqlı narazılıqlarına səbəb olur. Ümid etmək istərdik ki, ən yaxın vaxtlarda Quba RİH-nin rəhbərliyi şəhər bələdiyyəsinin fəaliyyətinin təftiş olunması və neqativ halların aradan qaldırılması üçün lazımi ölçülər götürəcəkdir.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istərdik.