BolgeXeber.Com » Müsahibə-Reportaj » KVN-çilər ancaq pul yuyur - Qorxmaz Əlili

KVN-çilər ancaq pul yuyur - Qorxmaz Əlili

28-09-2016, 18:41
Oxunub: 4 781 KVN-çilər ancaq pul yuyur - Qorxmaz ƏliliQorxmaz Əlilicanzadə: "Bir dəstə köhnə KVN-çilər alıblar bu incəsənəti əllərinə, serialdan tutmuş, kinoya kimi hər şey çəkirlər"

Respublikanın əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadə Unikal.org-a müsahibəsində ölkənin mədəni həyatı ilə bağlı maraqlı məqamlara toxunub.

-Qorxmaz müəllim, efirlərdə əvvəlki kimi görsənmirsiniz. Bu nə ilə bağlıdır?

-Kino çəkilişlərinə başım qarışıb. Özümü kino sahəsinə tərəf vermişəm. Seriallara lazım olanda çağırırlar, lazım olmayanda çağırmırlar. Demək istəyirəm ki, yəqin lazım deyilik də...

-Gələcəkdə yenə aparıcı kimi fəaliyyət göstərməyinizi planlaşdırırsınızmı?

-Artıq aparıcılıq dövründə deyiləm. Yaş özünü göstərir. Aparıcılıq cavanlığı sevir. Demək olar ki, aparıcılıqla vidalaşmışam. Amma verliş aparmaq lazım olarsa, yenidən bu haqda fikirləşərəm. Bir şərtlə ki, yaşıma uyğun olsun.

-Son zamanlar mətbuatda açıqlamalarınıza, müsahibələrinizə rast gəlmirik…

-Mən ümumiyyətlə müsahibə vermirəm. Jurnalistlərdən qaçıram. Jurnalistlərin 5 faizinin içində azərbaycançılıq hissi var. Qalan 95 faizi mənfi işlərlə məşğul olur. Əksəriyyətində Azərbaycan millətinə, incəsənətinə, mədəniyyət işçilərinə hörmət yoxdur. Ancaq çalışırlar ki, xalqı, incəsənət adamlarını yıxıb sürüsünlər. Mən bu cür jurnalistləri azərbaycanlı saymıram. Həqiqi jurnalist saydıqlarım doğrudan da çalışırlar ki, millətin yaxşı nəyi varsa onu üzə çıxartsınlar. Kölgəli yerləri axtaran jurnalistlər gedib öz kölgələrin axtarsınlar.

-Nəyə görə jurnalistlərə qarşı bu qədər aqressiyanız var?

-Əgər sənin sənətdən anlayışın varsa mənə sənətim haqqında sual ünvanla. Təzə qrup yaranmışdı. Məni onun təqdimatına çağırmışdılar. Tədbir başlayan kimi jurnalistlər suallara veridilər. Toya gedəcəksiz? Qiyməti neçəyə olacaq? Mən də dedim, ay bala, bura toy yeri deyil axı! Bu kişilərə sənətdən, yaradıcılıqdan sual verin. Toy nə vaxtdan bizim problemli yerimiz olub? O cür jurnalistlərin səviyyəsi toy səviyyəsindədir. Mən sözümü təqdimatda dedim və zalı tərk etdim. Efirdə də müğənnilər bir-birlərinin yaradıcılığına söz deyə bilmir. Çünki bir-birinin yanında gözü kölgəlidirlər. Bir birlərini tərifləyəcəklər, aparıcılar da dəxilsiz olaraq onlara qoşulacaq. Müğənni oxuyur aparıcı "möhtəşəm ifa” deyir. O aparıcı heç başa düşmür möhtəşəm ifa nədir? Biri xaric oxuyur, aparıcı deyir möhtəşəmdir. Yalançılıq bizim efirimizi bu səviyəyə gətirib çıxardı. Aparıcı muğamın kökünü bilmədən, qəzəli səhv oxudu, müğənni xaric oxudu möhtəşəm deyir.

-Siz uzun müddət efirlərdə aparıcılıq etmisiniz. Gənclər təcrübənizdən istifadə edirlərmi? Onlara irad tutursunuzmu?

-İrad tuturam. Başlarını yelləyirlər ki, Qorxmaz müəllim, düz deyirsən. Eləsi də var deyir ki, yox Qorxmaz müəllim sizin dediyiniz səhvdir. Bu gənc 60 yaşlı kişinin səhvini tutur. Düzdür, cavanlar məndən ədəbiyyatı, tarixi yaxşı bilə-bilər. Amma yaradıcılıq nöqteyi nəzərdən 20-25 yaşlı şəxs, 60 yaşlı adamdan çox bilə-bilməz. Bir dəfə Məmmədbağır Bağırzadəyə dedim ki, sən bu cavan müğənnilərə niyə demirsən ki, düz oxusunlar. O mənə belə cavab verdi:- "Vallah deyirəm, sonra məndən inciyirlər, salam vermirlər, arxamca danışırlar, yanımdan düz keçirlər. Amma ustadlarımız bizi danlayanda sevinirdik. Sevinirdik ki, bizi öyrədirlər”. Elə cavanlar var deyir, "sevinirəm ki, İncəsənət Universitetinə daxil olmamışam. Amma bu gün bütün Azərbaycanda məşhuram, Qorxmazdan heçdə əskik deyiləm. Mən 3 minə toya gedirəm, heç Qorxmazı aparan yoxdur”. Belə çıxır ki, toy müğənnilər üçün böyük etalondur. Əgər ona 5-10 min pul verilirsə o böyük sənətkardır?

-Qormaz müəllim bu gün Azərbaycanda sizin cavan həmkar yoldaşlarınız "əməkdar artist”, "xalq artisti” adını alıb. Bəs buna necə baxırsız?

-Ataların bir sözü var, "hər parıldayana qızıl deməzlər”. Nə olsun prezident bu adı verib? Prezidentə adları təqdim edirlər, o da inanır təqdimata qol çəkir. Bu gün xalq artisti adını alan şəxslərin əksəriyyətinə söz demək olmur. Cavanına bir söz deyəndə cavab verir ki, mən respublikanın ən cavan əməktar artistiyəm, sən kimsən? Azərbaycanının ən cavan əməktar artisti Müslüm Maqomayev olub. Xalq artisti, əməkdar artist adın varsa, o demək deyil ki, sən əla oxuyansan və ya böyük sənətkarsan. Bir sözlə əvvələr cavanlarla tez-tez əlaqə saxlayır, onların yaradıcılıq işləri ilə maraqlanırdım. İndi cavanlar öyrənmək istəmirlər. Heç hövsələləri yoxdur ki, 6 ay öz üzərlərində işləsinlər. Deyirlər tez çıxım efirə, məni tanısınlar. Onların məqsədi sənət yox, tanınmaqdır.

-Qorxmaz müəllim niyə seriallara az-az çəkilirsiniz?

-Serial çəkənlər yaxşı bilirlər ki, Qorxmazın reytinqi, hörməti var. Qısqanclıqdan çağırmırlar, çəkmirlər. Elə bil mən 15-20 dəfə seriallarda oynamışam, onları bezdirmişəm və cavanlara da yol vermirəm. Mənim 60 yaşım var, sənin 25 yaşın. Mənimlə sənin aranda nə problem ola bilər. Sən öz rolunu oynayırsan, mən də öz rolumu. Bu haqda danışmaq istəmirəm. Bir qrup şəxs mafiya yaradıblar. Bir dəstə köhnə KVN-çilər alıblar bu incəsənəti əllərinə, serialdan tutmuş, kinoya kimi hər şey çəkirlər. Əlbəttə, bizim samballı seriallarımız da var. Amma serillar var ki, onun rejisoruna baxırsan, haradan gəldiyi bəlli deyil. Vaxtilə KVN-də qapıda bilet cıran olub, indi gəlib serial çəkir, adında qoyur, rejisor. Elxan Cəfərov, Rövşən İsax, Kənan M.M İncəsənət Universitetini bitirib. Bilirsən ki, bu adam aktyorluq, rejisorluq işini bilir və bu işin içində bişib.

-KVN uşaqlarının bu sahədə fəaliyyəti sizi qane etmir?

-Bilirsiz KVN uşaqlarının işi gənclər arasında öz fəaliyyətdir. Onların işinə yaradıcılıq deməzdim. Bu gənclər arasında bir məşğuliyyətdir. KVN-i Sovetin dövründə icad etdilər. Bu qrupun içindən çıxan gənclər gələcəkdə peşəkar ola bilərdilər. Onların içərisindən çox az peşəkar çıxdı. KVN-dən çıxan yaxşı yazıçılar var. Amma aktyorluğa gəldikdə, məktəb, rejisor görməyəndən necə aktyor ola bilər?. Onlar öz fəliyyətlərində nə bacarırlarsa onu ortalığa çıxarırlar. Bir daha deyirəm KVN ona görə yaratdılar ki, gənclər avaraçılıqdan uzaq olsunlar. Amma bizim KVN-çilər Moskvada qələbə qazanandan sonra özlərini əl çatmaz kimi gördülər. KVN komandasının üzvü Bəhrəm Bağırzadə çox istedadlı adamdır. Amma o birilər bilmirəm hansı sənətlərindən danışırlar?

-Siz əməlli başlı KVN uşaqlarından narazısınız ki, ….

-Narazı deyiləm. Nəyimə lazımdır? Onlara vaxtilə o qədər pul buraxdılar ki,... KVN-ə verilən o pullar vaxtilə Hacıbaba Bağırova, Nəsibə xanım Zeynalovaya, Siyavuş Aslana və başqalarına ayrılsaydı bizim kinomuz çox inkişaf edərdi. Kino çəkilir tarixdə qalır. KVN-çilərin oynadığı rol tarixdə qalmır. Onlar bu rolu oynadılar getdi. KVN-də oynanılan mövzular bu gün var, sabah yoxdur. KVN-çilərin vaxtı ilə Heydər Əliyevin qarşındakı çıxışına indi kim baxsa gülməyəcək. 10 ildən sonara buna heç kim gülmür. Bir sözlə klassik yumor başqa, gündəlik yumor başqadır. Bunların oynadığı sənət deyil. Bir qrup KVN-çilərin adamları var. Buraxılan pullar hesabına bir-iki kino və yaxud serial çəkirlər. Hesab edirəm ki, bütün bunların hamısı pul yumaqdır. Biz sənət adamları, peşəkarlar qalırıq qapı dalında. Bu düzgün siyasət deyil.

Həmçinin oxuyun