BolgeXeber.Com » Gündəm » Pul ver, yoxsa işdən çıxardaram!

Pul ver, yoxsa işdən çıxardaram!

29-09-2016, 10:29
Oxunub: 3 528 Pul ver, yoxsa işdən çıxardaram!“Bəs bu pullar hardan gəlir?”

Mətbuat orqanlarının ölkəmizdə baş verən məmur özbaşınalıqlarını dəfələrlə işıqlandırmasına baxmayaraq, nəticə çıxaran olmur. Nəinki mətbuat, hətta prezident Dövlət məmurları ilə keçirdiyi hər toplantıda büdcədəki yeyintilərə bir son qoyulmasını dönə-dönə tapşırır.
Bu toplantılardan bir müddət sonra sular durulur, sakitlik olur, amma sonra yenə də şokedici hadisə baş verir və gündəm zəbt olunur.
Aylıq maaşı 1500-2000 AZN olan İcra başçıları və digər məmurlarımız 150000-200000 AZN qiyməti olan xarici brend istehsalı olan avtomobillər sürür, “villa” deməyə utanacağımız saraylarda yaşayır. Axı bu maaşla belə şəraitə sahib olmaq mümkün deyil.
Onda belə bir sual ortaya çıxır: “Bəs bu pullar hardan gəlir?”
Beyləqan rayonu haqqında araşdırma aparakən maraqlı bir yazı ilə rastlaşdıq.
Hadisə 1 aprel 2013-cü ildə baş verib, amma İcra başçılarının və bu kimi vəzifəsindən sui-istifadə edən məmurların əlavə pulu hardan əldə etdiyi ilə bağlı az da olsa təsəvvür yaradır.
Sözügedən tarixdə Beyləqan RİH-in başçısı Vaqif Abdullayevlə iş adamı Tərlan Kamaloğlu arasında İcra Hakimiyyəti yaxınlığındakı parkda münaqişə yaşanmışdı.
İcra başçısı həmin parkda kafe və çayxanası olan iş adamından ərazinin abadlaşdırılması üçün 10 min manat istəyib. Ancaq iş adamı vəsaiti ödəməkdən imtina edib. Bundan qəzəblənən Vaqif Abdullayev Tərlan Kamaloğluna camaatın gözü qarşısında təhqiramiz söyüşlər deyib. Ailə üzvlərinə ünvanlanan söyüşləri həzm edə bilməyən Tərlan Kamaloğlu yerdən qaldırdığı kərpici icra başçısının üzünə vurub. Bunun ardınca iş adamı zərbənin təsirindən yerə yıxılan V.Abdullayevi təpikləməyə başlayıb.
İstirahət parkında dincəlməyə gələn vətəndaşların səyi nəticəsində münaqişə səngiyib, sahibkar rayon polis şöbəsinə aparılıb. Ancaq icra başçısı bu məsələyə görə sahibkarın həbs edilməsini istəməyib. Vaqif Abdullayev rayon polis şöbəsinə T.Kamaloğlunun sərbəst buraxılmasını tapşırıb. Böyük ehtimalla bu motivli həbs icra başçısına sərf etməyib.
Digər maraqlı bir fakt isə Vaqif Abdullayevin döyülməsinin rayonun vəzifəli şəxsləri tərəfindən sevinclə qarşılanması olmuşdu. Çünki RİH-in başçısı mütəmadi olaraq vəzifəli şəxslərdən “təzminat” tələb edir və bu “təzminat” ödənmədiyi təqdirdə onları işdən azad edəcəyi ilə hədələyir.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda prezident İlham Əliyev sahibkarları incidən icra başçılarını belə xəbərdarlıq edir: “İcra başçıları sahibkarları məcbur etməməlidir. Belə hallar da var. Onlara abadlıq işləri gördürür, sonra pulunu vermirlər. Hər bir rayonun öz büdcəsi var. Hər bir rayona mütəmadi qaydada dövlət tərəfindən, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır və o vəsaitlə iş görmək lazımdır. Sahibkarları bu işlərə cəlb etmək lazım deyil. Kim istəyir kömək etsin. Amma bəzi hallarda onları məcbur edirlər, onlar böyük həcmdə xərc çəkirlər, sonra da pulunu vermirlər. Belə olmaz. Əgər kimsə fikirləşir ki, mənə bu məlumatlar çatmır, səhv edir. Bütün məlumatlar çatır və buna son qoyulmalıdır.”
Bolgexeber.com