BolgeXeber.Com » İqtisadiyyat » Oqtay Haqverdiyev: “Hər bankın özünün “krişası” var”

Oqtay Haqverdiyev: “Hər bankın özünün “krişası” var”

7-10-2016, 10:20
Oxunub: 3 634 Oqtay Haqverdiyev: “Hər bankın özünün “krişası” var” “50 milyon “semiçka” puludur”

Nazirlər Kabinetinin keçmiş şöbə müdiri, tanınmış iqtisadçı-ekspert Oqtay Haqverdiyev bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. İqtisadçı ilə əlaqə saxlayıb səhhəti ilə bağlı maraqlandıq. Oqtay Haqverdiyev artıq iki gündür ki, xəstəxanada müalicə aldığını, səhhətində ciddi problem olmadığını bildirdi: “İnfarkt, filan yoxdur, amma ürəkdə bir qədər ağrılar var. İki gündür ki, xəstəxanadayam, səhhətim bir qədər düzəlib”.

İqtisadçı-ekspert səhhətindəki problemlərə baxmayaraq bəzi suallarımızı da cavablandırdı.
“Hökumətin gömrük rüsumları ilə bağlı verdiyi sonuncu qərar barədə nə deyərdiz” sualına ekspert cavab olaraq bildirdi ki, qərar o qədər də anlaşılan deyil: “Bunların hamısı dövlət büdcəsini doldurmaq üçündür... Ölkədə artıq işsizlərin sayı artıb. Ətrafımızda gördüyümüz hər 5 nəfərdən 3-4-ü işsizdir. Əslində bütün bunları hər kəs görür, lakin bu barədə hələ ki, ciddi tədbir görülmür. Halbuki, bununla bağlı dövlətin kağız üzərində xüsusi proqramları var”.
“Məlum devalvasiyadan sonra ölkədə bir neçə bank bağlanıldı, bu proses bundan sonra da davam edə bilərmi” sualımıza isə ekspert bu cür cavab verdi:

“Hər bankın özünün "krişası" var. Nə oyun çıxarır onu heç kim bilmir. Bank sistemi ilə məşğul olmaq lazımdır. O mənada ki, bank sisteminin bir məqsədi, bir funksiyası var - iqtisadiyyata işləmək, yəni iqtisadiyyat inkişaf etmək üçün kreditləşməni etməlidirlər. Bu yollarla müəyyən inkişafa nail olmaq olar, yoxsa xeyri yoxdur. Kimsə İrandan nəsə gətirir, alver edir, bundan da necə deyərlər, “fatıya tuman olmaz”. Burada böyük qlobal iş görülməlidir. Bankların nizamnamə kapitalına Mərkəzi Bank 50 milyon qoyub. Amma 50 milyon nədir ki? “Semiçka” pulu... Heç olmasa, 200 milyona çatdırılsa idi, onda istər-istəməz təbii yolla bir çox banklar ya müflisləşəcək, ya da birləşəcəklər. Bu proses belə olmalı, belə getməlidir. Yoxsa müxtəlif yollarla “Bunun lisenziyasını verirəm, digərini vermirəm” kimi məsələlər gətirib yaxşı nəticəyə çıxartmaz. Necə ki, indi bank sistemində krizisdir".