BolgeXeber.Com » Sosial » Dollar krediti olanları niyə banklara çağırırlar?

Dollar krediti olanları niyə banklara çağırırlar?

7-10-2016, 14:16
Oxunub: 3 663  Dollar krediti olanları niyə banklara çağırırlar?Son günlər ölkədə manatın dollara nisbətdə bahalaşması müşahidə olunur

Musavat.com-a daxil olan məlumata görə, artıq bir sıra banklar dollarla krediti olan müştərilərinə məktub göndərərək, borclarını yerli valyutaya keçirmələrini təklif edirlər.

Mövzu ilə bağlı bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, banklar manatın növbəti dəfə devalvasiyasının qaçılmaz olduğunu dərk edirlər:

“Dollar bir neçə aydan sonra ehtimal ki, 2 manatdan da baha olacaq. Belə olduğu təqdirdə isə müştərilər tərəfindən borcun qaytarılması tamamilə mümkün olmayacaq. Ona görə də banklar dollarla olan borcların manata keçirilməsini təklif edirlər ki, müştərilər ödənişi davam etdirsinlər. Eyni zamanda onu da qeyd edim ki, müştərilər də prinsipcə bundan maraqlıdırlar. Onlar düşünürlər ki, belə olarsa devalvasiya baş verdiyi təqdirdə borc artmayacaq. Bu baxımdan prinsipcə bu təklif hər iki tərəfin maraqlarına uyğundur. Ancaq bir məqam da var ki, banklar bunu indiki məzənnə ilə təklif edirlər. Bəzi müştərilər isə bununla razılaşmırlar. Müştərilər misal üçün deyirlər ki, biz dolların 0.78 AZN olduğu zaman kredit götürmüşdük və güzəşt edilməlidir. Banklar isə nəyinki, güzəşt etmirlər, hətta kredit üzrə faiz dərəcəsini də artırırlar. Bütün bunlara baxmayaraq, vətəndaşlara tövsiyə edirəm ki, dollar kreditlərini milli valyutaya çevirsinlər. Gələcəkdə vətəndaş bu məsələni qabardıb məhkəməyə də müraciət edə bilər ki, kreditin manata çevrildiyi məzənnə ilə razı deyil”.

Ekspert bankların bu çağırışının manatın məzənnəsinin möhkəmlənməsi ilə əlaqəli ola bilmədiyini vurğuladı:

“Bu qətiyyən mümkün olan hal deyil. Manat daha heç zaman kəskin bahalaşmayacaq. İndi sadəcə olaraq Mərkəzi Bank müvəqqəti olaraq geriyə addımlar atır. Bu da süni bir haldır. Biz bunu aprel, may aylarında da müşahidə etdik. Manatın bahalaşması ehtimalı yoxdur. Əksinə, ucuzlaşması ehtimalı var. Sadəcə olaraq bankların belə bir addım atmalarının səbəbləri yuxarıda qeyd etdiyimiz kimi vətəndaşın gələcəkdə borcu ödəməkdən yayınmasının qarşısını almaqdır. Ümumən bu addımı müsbət dəyərləndirirəm. Sadacə banklar yaxşı olardı ki, vətəndaşlara məzənnədə də güzəşt etsinlər”.
Bolgexeber.com