BolgeXeber.Com » Analitika » Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar

Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar

10-10-2016, 10:04
Oxunub: 8 080 Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – FotolarYüksək təbəqələrə xitab edən brend mağazalarda işləməyin birinci şərti rus dilində danışıq qabiliyyətidir

Brend geyim mağazalarının bilinməyən dünyası, ağlasığmaz tələblər və MTN sorğusu... ; üstəlik, ayda 2000 manata yaxın qazanma imkanı

Xanımlar yaxşı bilir. Bir geyim mağazasına girəndə satıcı qızların üzük qaşı kimi insanı dövrəyə alması çox qəribə bir duyğudur. Nə arzuladığınızı soruşur, zövqünüzü öyrənir, kaprizlərinizə dözür (bəzənsə dözmür), sizi kassaya ötürənə qədər rahatlıq tapmırlar. Bir də seçdiyiniz əlbisəni, koftanı, şalvarı.... geyinəndən sonra başlayan kompliment yağışını xatırladızmı? “Oyyy, xanım, bu paltar sizi necə cavan göstərdi”, “İnanın, bu kofta sizə bir başqa hava qatdı, şarmınız artdı”... Bir saniyənin içində mağazadakı digər müştəri qadınlarla maraqlanan satıcılar da kompliment xoruna qoşulur, özü də necə inandırıcı şəkildə: “Bayaqdan çəkinirdim deməyə, mənim müştərim deyilsiz deyə. Amma bayaqkılar heç, bu sonuncu tam əyninizə biçilib...”

Beləcə, xoş sözlərin sərxoşluğu ilə kassaya yaxınlaşıb, paltarı aldızmı? Satıcı qız da adını o kassaya növbəti mal satışının qəhrəmanı kimi qeyd etdirdimi? İş tamamdır...Sirr də elə burada gizlənib.

MAĞAZA ŞÜŞƏLƏRİNƏ YAPIŞDIRILMIŞ ELANLAR VƏ İNTERNETDƏKİ SEÇİMLƏR – YERLƏ GÖY QƏDƏR FƏRQİ VAR...

Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar

Biz də həmin sirri çözmək istədik. Hər gün yanından ötüb keçdiyimiz bəzi mağazaların şüşəsinə yapışdırılmış “satıcı qız axtarılır” elanının arxa pərdəsini aralamaq istədik. Dedik, görəsən, bəzən qıcıqla qarşıladığımız, mağazaya girən kimi xəfiyyə misalı, arxamızca gəzən, nəfəsini boynumuzda hiss etdiyimiz bu məslək yiyələrinin bir günü necə keçir? Soruşub öyrənmək asandır, biz birbaşa “mətbəx”ə dalmaq istədik.


“Yeni Müsavat”ın reportyoru bu dəfə Bakı mağazalarında satıcı işi axtarışına çıxdı. Öncə şəhərin bəzi sıradan geyim mağazalarında turladıq. Məlum oldu ki, məvacibi 300 AZN –dən başlanan bu mağazalarda işə düzəlmək o qədər də çətin deyil. Yeganə tələb şirin dil, ünsiyyət qabiliyyəti və səbirdir. Bir də günün əsas hissəsini ayaqüstə dayanmaq əzmi. Bütün bunlar varsa, iş sənindir. Amma bizə işin bu qədər üzdə görünəni maraqlı görünmədiyi üçün.... gəzintinin masştabını daha geniş tutduq.

Belə məqsədlər üçün ən idealı isə iş elanlarıdır. Budur, internetdə axtarışa verdiyimiz “satıcı qız axtarılır” cümləsi üçün çıxan nəticələr. Seçimlər arasında brend mallar mağazasına satıcının tələb olunması yer alır. O qapısından içəri girməyə cəsarət etmədiyimiz, iki aylıq məvacibimizin bir ipək koftayla dəyərləndirildiyi mağazalar var ha, ondan... Orda satıcı olmanın dünyası nə qəribədir, kim bilir. Mən bu yazıda yaşadıqlarımı mərhələ-mərhələ, gün-gün, saat-saat anladacam. İşsiz bir insanın yaşantılarını olduğu kimi görəsiz deyə.

BREND GEYİM MAĞAZASINDA SATICI.... AYDA 2000 MANATA YAXIN QAZANC DEMƏKMİŞ...


Və başladıq... Elandakı nömrəyə zəng edirəm, nömrə birbaşa mağazaya aid deyil. “Gənc Baku” adlı işədüzəltmə şirkətinin telefon nömrələridir. Fikir verirəm, internetdəki əksər iş elanlarının (aşbaz, təmizlikçi, usta köməkçisi, şirniyyat mağazasında köməkçi) altında bu şirkətin nömrəsi yazılıb. “Satıcı qız” olmaq istədiyimi deyirəm, görüş təyin edirlər. Mən bir az çoxbilmiş davranmaq üçün hansı brend mağazada iş təklif olunduğunu soruşuram. Bəlkə birbaşa mağazaya gedim deyə. Onlar məndən də çoxbilmiş çıxır və deyirlər ki, nə telefonda, nə də ilk görüşdə bu mağazanın adını deyirlər. Hələ mən onlarla görüşəcəm, onlar məni sorğudan keçirəcəklər, bir neçə mərhələlik sual-cavabdan uğurla keçsəm... ya qismət. Olsa nə gözəl. Olmasa da şansım açıq olsun. “Biz niyə telefonda mağazanın adını deyək ki? Onda heç bizə ehtiyac qalmazdı ki...”

Prinsipcə məntiqlidir. Firmanın yerləşdiyi “Qafqaz Biznes Center”ə baş vururam. Üçüncü mərtəbədə yerləşən kiçicik bir otaq, iki xanım əməkdaş.

Müxbirimizin layihə anındakı selfisi
Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar



Biri “mənim kimi” iş axtaran bir cavan oğlanla söhbətləşir. Məni qəbul edən xanımsa şəcərəmi araşdırmağa başlayır. Niyə satıcı olmaq istəyirəm, daha öncə bu sahədə təcrübəm olubmu, evliyəmmi, uşağım varmı, iş qrafiki mənimçün problemdirmi? Sual yağışı rəsmən. Bir az da xarici görünüşümü, doğma dildə və rus dilində yaxşı danışdığımı nəzərə alıb, məni bu işə layiq görürlər. Özü də qarşımda üç seçim var: Biri Elmlər Akademiyasında yerləşən bir kişi brend geyimi mağazası, o biri ikisi isə Port Bakuda yerləşən iki qadın brend geyim mağazaları. Elmlər Akademiyasındakı mağazada maaş 350 AZN-dən başlanır, digər ikisində isə 450 AZN-dən. Amma qazanc təkcə bu deyil. Bonus da verilir, satılan malların sayına, qiymətinə uyğun olaraq, faiz də qazanıram: “Daimi müştəriləriniz olsa, siz heç maaşa da baxmırsız. İngilis dilini bilən satıcılar var ki, xarici müştərilərinə hər dəfə ən bahalı malları satıb, elə faizlə dünyanın pulunu qazanırlar. Oradan bir xanım gəlmişdi, dedi ki, mən ayda 2000 manata yaxın pul qazanıram. Mallar bahadır, satılanda da çox pul qazanır satıcı”.

5 AZN MÜQAVİLƏ HAQQI, İLK AYIN MAAŞININ 30 FAİZİ...
Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar



Brend geyim mağazasında işləmək üçünsə şərt rus dilini mükəmməl bilmək, 1-3 il iş təcrübəsi və 45-ə qədər yaş həddi. 1 ay müddətində firmanın qeydiyyatında olduğum üçün həmin zaman kəsimində mənə istənilən sahədə iş tapmağı öhdələrinə götürürlər. “Mağazada bir gün işlədiz və xoşunuza gəlmədisə, çıxdızsa, biz sonradan sizə başqa təkliflər də təqdim edəcəyik”. Belə deyirlər.

Sevinməyə tələsmişəm. Məlum olur ki, bu mağazalarda işə götürülmək üçün də ikimərhələli bir danışıqdan keçməliyəm. Mağazanın menecerləri məni qəbul edəcək, testdən keçirəcək, uyğun olub-olmadığımı müəyyənləşdirəndən sonra sınaq müddəti verəcəklər və sair. “Niyə belə uzun mərhələlidir ki”, soruşuram, cavab gecikmir: “Xanım, brend mallar mağazası nədir, anlayışınız var? Oradakı hər bir mal sərvət dəyərindədir. Hər yoldan keçən adamı işə götürsələr, nələr olar? Onlar o insana anbarlarını, mallarını etibar edirlər...”
Mənə satıcılıq dünyasının “qapılarını açan” firma ilə qanun-qaydasına uyğun olaraq müqaviləmizi bağlayırıq, 5 AZN məbləğindəki xidmət haqqını ödəyib, çekimi də alıram. İşlə təmin etmə xidmətlərinin göstərilməsi haqqında müqavilədə isə qeyd olunur ki, müqavilə üzrə xidmət haqqı müqavilənin tərtib edilmiş imzalanması və qeydə alınması üçün 5 AZN müəyyənləşdirilib. Bundan başqa, seçilmiş vakansiya üzrə vətəndaş işə başladıqda işlədiyi müddətin məvacibinin 30 faizini şirkət hesabına köçürməli və ya nağd qaydada hesablaşmalıdır. Şoka girirəm. Necə yəni? Hər ay məvacibdən 30 faiz? Məlum olur ki, bu, işlədiyim ilk bir ay üçün keçərlidir. Sonrası özümə qalır... Buna da şükür.

İNDİKİ GƏNCLƏR OTURAQ İŞ İSTƏYİR - 3 AY PULSUZ İŞLƏMƏYƏ RAZI OLAN İŞSİZ “TƏKİ OFİS İŞİ OLSUN” DEYİR

Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar



Mən “iş tapan” xoşbəxt vətəndaş olaraq sənədləşmənin bitməsini gözlədiyim zaman otaqdakı qardaşla firma işçisinin söhbətinə qulaq müsafiri oluram. Ali savadlı olan oğlana heç cür iş bəyəndirə bilmirlər. Nə deyirlərsə, ağız büzür. Məlum olur ki, bir qayda olaraq, “ofis işi” istəyir. Necə deyərlər, əli-ayağı təmiz. Sonda firma işçisi ona bir hüquq firmasında iş tapır. Qardaşın gözünə işıq gəlir. Amma axırda öldürücü zərbə: “İlk 3 ay pulsuz işləyəcəksiz. Razısız?” Tərəddüd etmədən “olsun” deyir müştəri, təki hüquq firması olsun, təki oturaq iş olsun... Otaqdakı içi mən qarışıq hamı təəccüblənir. İş axtaran adamın bütün təklifləri sonalayıb da, 3 ay pulsuz işə razılaşmasına... Mənimlə maraqlanan əməkdaş deyir ki, indiki gənclər dəhşətdir. İstədikləri ancaq bir şeydir: “oturaq iş olsun, firma olsun, əlim-ayağım təmiz olsun”...

İKİNCİ MƏRHƏLƏ – MTN SORĞUSU KİMİDİR MÜBARƏK...

Müqavilə hazır, baş vuracağım ünvanlar müqaviləyə əlavə edilmiş kağızda yazılıb. İlk ünvan Zərifə Əliyeva küçəsində yerləşən “Sinteks” firmasıdır. Gedənə qədər düşünürəm ki, bu firma elə mağazanın özüdür. Yanılıram növbəti dəfə. Bu, iş görüşməsinin ikinci mərhələsidir. Natalia adlı xanım məni qəbul edərək, rus dilində iş söhbətinə başlayır. Unutdum yazmağı, amma brend mağazalarda işləməyin birinci şərti rus dilində danışıq qabiliyyətidir. Niyə? Çünki ora daha çox rusdilli müştərilər gəlir.

Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar

Natalia xanımla “MTN sorğusunun” ikinci mərhələsini keçirik. Eyni suallar, təkrar-təkrar dəqiqləşdirmələr, müstəntiq ədası ilə ehtimal olunan hansısa yalanı tutmaq üçün eyni sualı bir neçə dəqiqədən sonra yenidən təkrarlamalar. (Kaş ki, bunu bir jurnalistə qarşı etdiklərini bilsələr. Necə deyərlər, axı bu, tərəciyə tərə satmaqdır -müəl.) Xarici görünüşdən bal alıram, rus dilində danışıq qabiliyyəti, satıcılıq psixologiyası barədə mərhələni də “eyvallah” deyib, keçirəm. CV yazdırırlar. Artıq məni üçüncü mərhələ, yəni, birbaşa mağazanın menecerləri gözləyir.

BREND GEYİM MAĞAZASININ ŞƏRTLƏRİ – İLK AY 18 MİN MANATLIQ MAL SATMALI, MÜŞTƏRİ İLƏ 1 METR MƏSAFƏ SAXLAMALISAN...

Bu dəfəki göndərişim isə Port Bakuyadır. Mağazaların adını yazıb, reklam etmək istəməsəm də, deyim ki, adlarını moda jurnallarından oxuduğum iki mağazada iş görüşməsinə yollanıram. Natalia, Nərmin xanımlar və Eldar müəllim. Hər üç menecerlə söhbət məni gözləyən imtahandır.

İlk söhbətləşdiyim menecer Natalia xanımdır. Mənə brend geyim mağazaları dünyasının sirlərini açır. Deyir ki, bu cür mağazada çalışmaq bir başqa plankanı aşmaq deməkdir: “Burda başqa cürdür, tələblər sərtdir. Siz hər mərhələyə çatdıqca, maaşınız artır. 450 manat maaşınızdır. Amma ilk bir ayda 18 min manatlıq mal satmalısız, həmin ay bu məbləğin 0.8 faizini və məvacibi alırsız. Maksimal planka isə 27.000 manatlıq satış həyata keçirməkdir. Burda malların qiyməti minimal 300-400 manatdır. Çətinlik odur ki, bura gələn müştərilər başqa cürdür. Xarakterləri, kaprizləri ilə fərqlidilər. Amma hər bir qalanın açarı var. Burda psixoloji dayanıqlılıq şərtdir. İşin özündə də dayanıqlı olmalısan. Rəqabət güclüdür. Siz dayanmalı və özünüzə səbrlə baza yaratmalısız. Rəqabətsiz mümkün deyil. Bəzi müştərilər yaxınlaşır ki, mən uşaq-muşaqla danışmaq istəmirəm, bu mənada yaşı və zövqü olan satıcı xanımı tərcih edirlər”.

Bu yerdə telefonuma qəfil zəng gəlir. Cavab vermək istəməsəm də, menecer xanım israr edir ki, cavab verim. Tanımadığım nömrədir, cavab verəndə məlum olur ki, modern.az saytından bir həmkardır. Jurnalistlər arasında sorğu keçirir. “Sizcə, jurnalistikada....” deyə bir cümlə ilə sözə başlayan həmkarıma qırıla-qırıla “sonra danışsaq olarmı”, deyirəm, özüm jurnalistikanın partizan şinelini geyindiyim bir vaxtda gələn bu zəngi isə ilahi bir təsadüf hesab edib, qayıdıram iş söhbətinə...

10 SAAT AYAQ ÜSTƏ, BİR SAAT FASİLƏ

Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar


İş qrafiki ilə söhbətə davam edirik. Menecer xanım izah edir ki, burda üç qrafikli rejimdir. Birinci qrafikə əsasən, səhər 10-un yarısından axşam 7-ə kimi, ikinci qrafik günorta 12-dən axşam 9-a kimi, üçüncü qrafik isə günorta saat 2-dən axşam 10-a kimidir. Həftə içində bu üç qrafik əsasında iş gedir, bir gün biri, digər gün isə o biri... Cəmi bir gün istirahət günüdür. Gün ərzində isə 1-cə saatlıq fasilə. Yarım saat nahara, 15/15 dəqiqə olmaqla çay fasiləsinə. Bəzən satıcılar heç çay fasiləsinə çıxmırlar, nahar-çay fasiləsini bir yerdə, 1 saat olaraq istifadə edirlər. Amma gün boyu ayaq üstə dayanmaq şərtdir, oturmaq olmaz. Bəxtimdən hündürdaban ayaqqabı geyinmək şərti yoxdur, əksinə dabansız ayaqqabı tələb olunur. Tələblərə Natalia xanımın təqdimatında davam: “Siz bütün anbarı əzbər bilməlisiz, qiymətləri də həmçinin. Sizə brend, malın keyfiyyəti, parçası barədə məlumat verəcəm. Bura gələn müştəriyə o, lazımdır. Ola bilər ki, digər mağazalarda bununla maraqlanmırlar. Amma bizim müştəriyə keyfiyyət parametrləri lazımdır. Burda hətta müştəridən 1 metr məsafədə dayanmalısan. Davranış, satış mərhələləri barədə treninqlər var. Siz onlardan keçəcəksiz. Biz göndərəcəyik. Bir az çalışandan sonra o treninqlərdə olacaqsız”.

Bura ilə bu qədər. Menecerlərə rəhbərlik edən Eldar Əliyevlə görüşüm isə ən çətini olur. Çünki müəllim həyat yoldaşımın iş yerindən, məvacibindən, qayınanamın bizimlə yaşayıb-yaşamamasından tutmuş, uşaqlarımın məktəb həyatına qədər hər şeyi bitdə-bitdə soruşur. Heç bir kompleks keçirmədən bu sualları verən menecerə eyni rahatlıqla “sizə nə” deyə bilməsəm də, utancaqlıqla bunun işimə nə dəxli olduğunu soruşuram. Cavab verir ki, onlar mənə sərvət dəyərində dükanlarını etibar edirlərsə, barəmdə hər şeyi də bilməlidilər. Daha öncəki iş yerimdən, mağazadan niyə ayrıldığımı soruşur. Filmlərdən eşitdiyim cümləni təkrarlayıram: “Mən bu işi yüksək səviyyədə görmək istəyirəm. Brend mağazada satıcı olmaq bu işdə bir üst təbəqədir”. Adam diqqətlə üzümə baxır, cümlənin havasına düşdüyü hər halından bəllidir. (Binəva, gerçək işimin cümlələrlə oynamaq olduğunu hardan bilsin?)
Prinsipcə, ilkin təəssüratının yaxşı olduğunu deyir və Nərmin adlı digər menecerə yönləndirir. Eyni səbirlə digər menecerin yanına gedib, aşağı-yuxarı eyni sualları cavablayıram. Sonda hər üçü ilə də sağollaşıram, “günün sonuna qədər sizə cavab verəcəyik” deyirlər. Qayıdıram redaksiyaya, yazacağım xeyli yazılar, müsahibələrim yarımçıq qalıb.

İŞƏ QƏBUL OLUNURAM, BU DA TƏLƏB OLUNAN SƏNƏDLƏR

Elə redaksiyaya qayıdan kimi yazılar da dəniz kimi tökülür üstümə. Bir də axşama yaxın menecerdən zəng gəlir: “Xanım, biz öz aramızda danışdıq və razılaşdıq ki, sizinlə işləyək. İndi iş üçün lazım olan sənədlərin siyahısını sizə göndərəcəyik. Bunları toplayın, gəlin, işə başlayın.



Bir dəqiqə keçməmiş sənədlərin siyahısı da gəlir: Şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, diplomun surəti, şəkil (3 ədəd), əmək kitabçası, sosial sığorta kartının surəti, sağlamlıq haqqında arayış, iş yerindən xasiyyətnamə....

Jurnalist Bakıda ”brend” mağazada işə düzəldi, bütün sirləri açdı – Fotolar

Beləcə, gözlədiyim, günlərdir araşdırıb, bir günə tapdığım işi əldə edirəm. Təbii ki, bu məqamda projeyə uyğun olaraq bəzi sənədləri əldə etmək, bəzilərini isə dost yardımı ilə düzəltmək mümkün idi. Bir neçə gün bu dünyanın içində olmaq üçün dediklərimi etmək çətin deyildi. Amma bu, bütün hallarda sənəd saxtalaşdırması ola bilərdi və hətta belə ülvi məqsəd üçün, öncədən müvafiq qurumları, Mətbuat Şurasını xəbərdar etsək də, buna getmək olmazdı.

Sonda... Əsas məqsəd bir azərbaycanlı işsiz, satıcı qadının brend bir mağazada rus dilini bilməklə yüksək qazanclı bir işi necə əldə etməsinin mümkünlüyünü sizə çatdırmaq idi. Bəli, mümkündür, bir qədər axtarış, bəzi biliklərə, peşə vərdişlərinə sahib olmaqla bu ölkədə gerçəkdən də işsiz qalmaq mümkünsüzdür. Əsas odur ki, işləmək qabiliyyəti və həvəsi olsun. Əks halda, “mən ofisdən başqa yerdə işləmərəm” məntiqi ilə daim narazı-narazı deyinmək qaçılmazdır.

Sevinc TELMANQIZI