BolgeXeber.Com » Sosial » "Qaçqınkom"da mənzil bazarlığı fırıldağı - VİDEO

"Qaçqınkom"da mənzil bazarlığı fırıldağı - VİDEO

18-10-2016, 12:43
Oxunub: 3 378 "Qaçqınkom"da mənzil bazarlığı fırıldağı - VİDEOAğdam rayonundan məcburi köçkün olan bir ailə bu soyuqlu havada özlərinə məxsus mənzildə yaşaya bilmir

Azinforum.az İnformasiya Portlına müraciət edən İsmayılova Aynurə Xalid qızı və onun ortancıl oğlu İsmayılov Ayxan Eldəniz oğlu ailənin real vəziyyətilə bağlı mənzərəni anlatıblar. Şikayətçi xanım bildirir ki, keçmiş həyat yoldaşı İsmayılov Eldəniz onları dövlət tərəfindən ailə üçün ayrılan mənzilə buraxmır:
“Bu soyuqlu havada mən və iki oğlum qalmışıq küçədə. Nə qədər onun-bunun evində yaşamaq olar? Bizim birgə nigahımızdan üç oğlumuz var. Uzun müddət ailəli olmuşuq. Yalnız ötən il məhkəmənin qərarı ilə boşanmışıq. Bir neçə il ailəlikcə Yasamaldakı tələbə yataqxanasında yaşadıq. Sonra dövlətin qaçqınlar üçün Muşfiqabad qəsəbəsində inşa etdiyi mənzilə köçürüldük. Ailəmizin 5 nəfər olduğunu nəzərə alıb bizə 3 otaqlı mənzil verdilər.
Həmin vaxt həyat yoldaşım bildirdi ki, özünə düşən payı istəyir. Çünki o, daima bizimlə yaşamırdı. Dedi ki, ona çatan payı versək, çıxıb gedəcək. Biz də çıxılmaz vəziyyətdə qaldığımız üçün, həmin evi iki otaqlıya dəyişdik. Üstündə bizə 5.500 manat pul verdilər. Həmin pulu qəpiyinə kimi keçmiş həyat yoldaşıma verdik ki, bizdən əl çəksin. Ailə başçısı olduğu üçün, ev onun adına rəsmiləşdirildi. O, 5.500 manatı xərcləyib qurtarandan sonra, yenidən gəlib evdə yaşmaq istədi. Üstəlik bizi həmin evdən çıxardı. Bundan sonra, boşanmaq üçün Qaradağ rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə bizim boşanmağımız barədə qərar çıxardı.

Ancaq ümumi yaşamaq hüququ olan mənzilimizin bölünməsinə dair qərar çıxarmadı. Çünki həmin mənzillər şəxsi mülkə aid deyil. Yəni qanunvericiliyə görə, həmin mənzildə onunla yanaşı mənim və övladlarımın yaşamaq hüququ var. Ancaq buna məhəl qoyulmur. Biz həmin evə yaxın düşə bilmirik. Bizi söyüb qovur. Dəfələrlə ərazi üzrə aidiyyəti olan 10-cu polis bölməsinə müraciət etsək də, sahə müvəkilli onunla bacara bilmir. Mənim bir azyaşlı oğlum bu vəziyyətə görə məktəbdə təhsil ala bilmir. Böyük oğlum isə ön cəbhədə hərbi xidmət keçir. Xahiş edirik şikayətimizi əlaqədar qurumlara çatdırın ki, bizim öz mənzilimizdə yaşamaq hüququmuz təmin edilsin”.

Ailənin Ayxan adlı ortancıl övladı da redaksiyamıza təşrif buyurmuşdu. O da düşdükləri acınacaqlı vəziyyət barədə ətraflı danışdı və bildirdi ki, hara şikayət edirlərsə, onları “qaçqınkoma” yönəldirlər. Dediyinə görə, bir neçə dəfə orda olsa da, şikayətlərinə baxan olmayıb. Azinforum.az Ayxanla edilən söhbətin videoyazısını oxuculara təqdim edəcək.

Redaksiyadan: Azinforum.az bildirir ki, şikyətin məzmunu ilə tanış olduqda məlum olur ki, ailənin hazırda acınacaqlı vəziyyətə düşməsinin səbəbkarlarından biri də məcburi köçkünlərə verilən mənzillərin bölüşdürülməsilə məşğul olan qurumdur. Göründüyü kimi, bu məsələdə böyük bir qanunsuzluğa yol verilib. Satılması qadağan olunan mənzil ətrafında bazar açılıb və nəticədə ailəyə qanuni düşən mənzil 5.500 manat pulun müqabilində başqa adama verilib. Şikayətçilər bizə həmin “barterin” hansı şəraitdə kimlərin vasitəçiliyi ilə həyata keçirildiyi barədə ətarflı məlumat verdilər. Hətta həmin mənzilin hansı adda şəxsə verildiyi də bizə məlumdur. Apardığımız araşdırmadan sonra, bir ailənin hazırda küçələrdə qalması hesabına baş tutan “barter” əməliyyatının təfsilatı barədə ətraflı məlumat verəcəyik. Təbiidir ki, bu işə məhsul olan dövlət qurumlarının da, mövqeyini dinləməyə çalışacayıq…