BolgeXeber.Com » Sosial » İnsanları təngə gətirən bahalaşma deputatları da dilə gətirdi

İnsanları təngə gətirən bahalaşma deputatları da dilə gətirdi

18-10-2016, 15:54
Oxunub: 3 153 İnsanları təngə gətirən bahalaşma deputatları da dilə gətirdiParlament üzvləri vahid qiymət sisteminə keçməyi təklif edirlər...

Bazarlarda qiymət artımı davam edir. Xüsusən gündəlik tələbat mallarının qiymətinin durmadan artması insanları daha çox narahat edir. Əhali demək olar ki, hər gün marketlərdə yeni qiymətlərlə rastlaşır. Son bir ayda manatın dəyərdən düşməsi prosesi dayansa da, bahalaşma prosesi dayanmır. Xaricdən gətirilən ərzaq məhsulları ilə yanaşı, yerli istehsal mallar da günbəgün bahalaşır.

Bu məsələyə münasibət bildirən deputatlar isə hesab edirlər ki, həm bazarda qiymətlərə nəzarət güclənməli, həm də qiymət artımını ortaya çıxaran səbəblərin aradan qaldırılması üçün addımlar atılmalıdır.

“Yeni Müsavat”a açıqlamasında ölkədə gedən bahalaşmaya münasibət bildirən Milli Məclisin deputatı Zahid Oruc qiymət artımlarının istənilən halda arzuolunmaz bir tendensiya olduğunu qeyd etdi: “Şübhəsiz ki, bahalaşma hiss olunur və parlament üzvlərinin büdcəsinə vurduğu ziyandan daha çox təmsil etdiyimiz insanların maraqları baxımından bunu alqışlamaq mümkün deyil. Dünyada da qiymət artımlarını məqbul sayan nə sadə vətəndaş var, nə də vəzifə adamı. Dövlət başçısı da sonuncu müşavirədə bu məsələyə toxunaraq, komandasından iqtisadi və inzibati addımlar atmağı tələb etdi. Düşünürəm ki, son bahalaşmanın bir sıra səbəbləri var. Onlar bir tərəfdən idxal olunan mallara tətbiq olunacaq əlavə gömrük rüsumları nəticəsində baş verib, digər tərəfdən qış fəslinin yaxınlaşması qiymət artımında müəyyən qədər rol oynayır. Təbii ki, iqtisadiyyatın daxili strukturunda da hökm sürən problemlər mövcuddur. Möhtəkirlik halları, inhisarçılıq meyilləri olduğu üçün bazarda yüksək qiymətlər diktə oluna bilir. Azərbaycan hələ ki, qeyri-neft sektoruna tam keçə bilməyib, xaricdən asılılıq qalmaqdadır. Bunlar bahalaşmada rol oynayır. Biz parlament üzvləri olaraq, hökumətlə bu yöndə ən sərt addımların atılmasını tələb etməliyik ki, vətəndaşlarımızın, xüsusən də aztəminatlı insanlarımızın həyatında problem yaranmasın. Parlament üzvlərinin bu məsələdə şəxsi problemləri ilə bağı ağlamasına ehtiyac görmürəm. Çünki bütün hallarda deputatların aldığı maaş onların normal yaşamasını təmin edir. ən başlıca məsələ müxtəlif əhali kateqoriyaları ilə bizim aramızda olan fərqi yaxınlaşdırmaqdır”.

Deputat Fazil Mustafa isə bunun qarşısını almaq üçün daxili istehsalın artırılmasının vacibliyini vurğuladı: “Bu proses gözlənilən idi. Çünki devalvasiyadan sonra əhalinin itkilərinin müəyyən qədər kompensasiya edilməsi vacib idi. Bu istiqamətdə daha geniş bir proqram işlənib ortaya qoyulmalı idi. Xüsusən də iş adamlarının və sahibkarların böyük itkiləri var idi. Ölkəyə gələn malların böyük əksəriyyəti dollarla alınıb gətirilir. Daxili bazarda manatın dəyərdən düşməsi qiymət artımının başlıca səbəbidir. Çünki daxili istehsal zəifdir. Bu problemi aradan qaldırmaq isə bir ayın işi deyil, onu kökündən həll etmək istiqamətində ciddi işlər aparılmalı idi. İndiyə qədər regionların inkişafı ilə bağlı müəyyən işlər görülsə də, konkret olaraq istehsala üstünlük verilməsi məsələsi, istehsal müəssisələrinin stimullaşdırılması məsələsi bir qədər ləng aparılıb. Əhalinin kənd təsərrüfatında müəyyən dərəcədə üstün şərtlərlə çalışma imkanı olmayıb, bu nəzərə alınmayıb. Gəlirli sahələrin hamısında qiymət aşağı olduğundan istehsalçı buna maraqlı olmur. Bu baxımdan daxili bazarda qiymətlərin artmasının səbəbi həmin məhsulların xarici bazardan valyuta ilə alınmasıdır. Artıq malı gətirən hər hansı şəkildə qiyməti aşağı sala bilmir. Çünki o dollarla aldığı məhsulu manata çevirəndə qiymət fərqini nəzərə almalıdır ki, özünə də xeyir qalsın və biznesini inkişaf etdirə bilsin”.

Deputatın sözlərinə görə, bu problemin həlli yolu əhalinin maaşlarının qaldırılması, minimum əmək haqqının yüksəlməsi, insanların ehtiyac meyarının daha yüksək səviyyədə, 200 manat civarında götürülməsidir: “Bahalaşma gözlənilən idi və onun qarşısını almaq üçün istehsalı stimullaşdırmaq lazım idi. Hər yanda supermarket açılır, hamı satır, ancaq heç kim istehsal etmir. Hamısı xaricdən gətirilən məhsullardır. Daxili istehsal da xarici rəqabətə dözə bilmədiyinə, tələbata cavab vermədiyinə görə gəlir gətirmir. Bu problemləri sərt iqtisadi islahatlar aparmaqla nisbətən ortadan qaldırmaq mümkündür”.

Milli Məclisin deputatı Çingiz Qənizadənin sözlərinə görə, bahalaşmanın həm obyektiv, həm də subyektiv səbəbləri var: “Obyektiv səbəbləri dolların bahalaşması, milli valyutanın dəyərdən düşməsidir. Təbii ki, bu ölkəyə gətirilən malların qiymətinə mütləq təsir etməlidir. Ancaq çox təəssüflər olsun ki, ölkədə istehsal olunan məhsulların da süni şəkildə qiyməti artırılır. Bəzi işbazlar hu bahalaşmada maraqlıdır. Bu yaxınlarda Nazirlər Kabineti bir qərar qəbul elədi, ölkədə istehsal olunan, lakin ona bərabər olaraq xaricdən gətirilən bəzi malların, o cümlədən meyvə-tərəvəzin, toyuq ətinin və sairin qiymətini qaldırdı. Bu sadəcə ona xidmət edir ki, ölkədə istehsal olunan məhsulların daxili bazarda reallaşması asanlaşsın və bu sahədə çalışan insanlar gəlir əldə etsinlər. Amma əgər bu gün xaricdən gətirilən toyuq ətinin hər kiloqramında 1 manat artım müşahidə olunacaqsa, bu o demək deyil ki, ölkədə istehsal olunan toyuğun da qiymətini 1 manat artırmaq lazımdır. Çox təəssüf ki, buna meyl edən sahibkarlar var. Əhalinin pis vəziyyətdə olmasından istifadə edib varlanmağa çalışan insanlar var. Mən təbii ki, bunu pisləyirəm. Cənab prezident də qətiyyətlə bunu qeyd edib ki, bazarda qiymətlərə nəzarət olmalıdır, tənzimlənmə olmalıdır, süni qiymət artımına gedənlərə qarşı mübarizə aparılmalıdır. Xaricdən gətirilən bəzi məhsulların gömrük rüsumunun artırılması yerli istehsalçılar üçün əlverişli şərait yaradır. Ancaq yerli istehsalçıların da bəziləri süni qiymət artımına getməklə əhalidə narazılıq yaradırlar. Bu hallara qarşı mübarizə aparılmalıdır. Bütün hallarda ölkə ərzaq məhsullarının qiymətinə nəzarəti olunmalıdır və vahid qiymət sistemində keçilməlidir. Çalışmalıyıq ki, nə istehsalçıların, nə də istehlakçıların hüquqları pozulmasın”.