BolgeXeber.Com » Bölgə » Hacıqabulda 9 ayın nəticələri müzakirə olundu

Hacıqabulda 9 ayın nəticələri müzakirə olundu

19-10-2016, 11:12
Oxunub: 3 301 Hacıqabulda 9 ayın nəticələri müzakirə olundu2016-cı ilin 9 ayının yekunları müzakirə olundu, görülən işlərdən danışıldı, qarşıda duran vəzifələr müəyyənləşdirildi

Oktyabrın 18-də rayon İcra Hakimiyyəti Başçısı Aparatında həm 2016-cı ilin 9 ayı ərzində Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunlarına, həm də Dövlət Müstəqilliyinin bərpasının 25 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Yığıncaqda RİHB-nın şəhər, qəsəbə, kənd İƏD üzrə nümayəndələri rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ayrı-ayrı idarə, müəssisə, təşkilat rəhbərləri, bələdiyyə sədrləri, sahibkarlar iştirak edirdi.
Tədbir başlamazdan öncə rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov və bir qrup tədbir iştirakçısı ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzdülər.
Sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etdirildi.
Tədbiri açan rayon İcra Hakimiyyətinin Başçısı Əhməd Muxtarov öncə dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Müstəqilliyimizin əldə olunmasında xalqımızın keçdiyi keşməkeşli yollardan danışdı. Qeyd etdi ki, müstəqilliyimizin yaranmasında ən böyük zəhməti ulu öndər Heydər Əliyev çəkib. Onun siyasi müdrikliyi və qətiyyəti sayəsində ölkəmizdə vətəndaş həmrəyliyi bərqərar oldu, əmin-amanlıq və sabitlik bərpa olundu. Vurğuladı ki, çox sevindirici haldır ki, ulu öndərimizin ideyaları bu gün yaşayır və onun siyasi kursu ölkə Prezidenti İlham Əliyev tərəfindən yeni məzmun və keyfiyyətlə davam etdirilir. Müstəqil respublikamız günü-gündən inkişaf və tərəqqi edir, dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilir.Bir daha xalqımızı və hacıqabulluları müstəqillik günü münasibəti ilə təbrik edən RİH Başçısı Əhməd Muxtarov 2016-cı ilin 9 ayında rayonda görülən işlərdən, qarşıda duran vəzifələrdən danışaraq tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, oktyabr ayının 7-də Respublika Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmiş,
dövlətimizin başçısı öz nitqində 9 ayın yekunlarını təhlil edərək, ilin sonuna qədər görüləcək işlər haqqında ətraflı məlumat vermişdir.
Dünya iqtisadiyyatı üçün çox ağır olan 2016-cı ildə davam edən böhranlı vəziyyətin respublikamızdan da yan keçmədiyindən, neftin qiymətinin kəskin şəkildə düşməsindən, əksər ölkələrdəki siyasi və hərbi böhrandan, Avropanı bürüyən miqrant problemi, dünyanın müxtəlif bölgələrindəki qanlı toqquşmaların, müharibələrin vəziyyəti getdikcə kəskinləşdirdiyindən danışmışdır. Qeyd etmişdir ki, dünya iqtisadiyyatında böhranlı vəziyyətin yaşandığı bir zamanda ölkəmiz öz yolu ilə gedir, öz iradəsini yerinə yetirir.
Dövlət başçımızın qeyd etdiyi kimi, bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik və siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq.
Ona görə də bu gün Azərbaycanda inkişaf və sabitlik var.
Məhz bu sabitliyin nəticəsidir ki, ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendum keçirmişik. Referendum bir daha sübut etdi ki, xalqımız dövlətimizin apardığı siyasəti dəstəkləyir və bu siyasətin alternativi yoxdur.
İclasda qeyd edilmişdir ki, ilin 9 ayında ölkəmizdə dövlət investisiyalarının həcmi azalmış, tikinti sektoruna az sərmayə qoyulmuşdur. Bu, müəyyən qədər iqtisadi tənəzzülə gətirib çıxarmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, sənayemiz artmışdır. Doqquz ayda sənayemizin qeyri neft sektoru 3,6 faiz, kənd təsərrüfatı 2,4 faiz artmışdır. Dövlət başçımızın vurğuladığı kimi kənd təsərrüfatı sahəsindəki artım getdikcə yüksələcəkdir. Çünki kənd təsərrüfatı sahəsində apardığımız işlər yaxın gələcəkdə daha böyük həcmdə nəticə verəcəkdir.
Cari ilin 9 ayında nəzərdə tutulan əsas sosial layihələr icra edilmişdir. Bu müddətdə 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb. 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük yol, içməli su, infrastruktur layihələr icra edilibdir.
Doqquz ayda ölkədə 154 min iş yeri yaradılmışdır ki, onların 36 mini daimi iş yerləridir.
Bu gün beynəlxalq tədbirlər məkanına çevrilən Azərbaycan idman sahəsində də uğurlu nəticələr əldə etmişdir. İdmançılarımız Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanmışlar. Medalların sayına görə idmançılarımız müsəlman aləmində birinci, MDB məkanında ikinci, Avropada 7-ci, dünyada 18-ci yerdə dayanırlar.
RİH Başçısı 2016-cı ilin 9 ayında bütün sahələrdə əldə olunan nailiyyətlərin məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin məntiqi nəticəsi olduğunu nəzərə çatdırdı. Qeyd etdi ki, iqtisadi islahatlar və Dövlət Proqramının icrası ilə bağlı 2016-cı ilin 9 ayında rayonda gördüyümüz işlər, həyata keçirilmiş tədbirlər və rayonun sosial-iqtisadi göstəriciləri qənaətbəxş olmuşdur.
Sonra 2016-cı ilin 9 sayında Hacıqabul rayonunun sosial-iqtisadi inkişafının yekunları barədə RİHB-nın məruzəsi dinlənildi.
Məruzədə qeyd edildi ki, 2016-cı ilin 9 ayında rayon üzrə ümumi məhsul buraxılışının həcmi 168 346.9 min manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 2 307.2 min manat və ya 1,4 % çoxdur.
Məhsul buraxılışı həcmində qeyri-dövlət sektorunun payı 67,2 % təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1 % çoxdur. Bu ilin 9 ayında kənd təsərrüfatı məhsulu buraxılışı həcmi 101534,4 min manat, sənayedə məhsul buraxılışının həcmi 2995.8 min manat, ticarətdə məhsul buraxılışının həcmi 54348,0 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatında 8,8 %, sənayedə 0,1 %, ticarətdə 17,6 % artım müşahidə edilmişdir.
2016-cı ilin 9 ayında Hacıqabul rayonunda iqtisadiyyatın bütün sahələrinə yönəldilmiş əsas kapitala investisiyaların ümumi həcmi 6799.8 min manat, o cümlədən tikinti quraşdırma işlərinin həcmi 6533.3 min manat olmuşdur.
2016-cı ilin məhsulu üçün 13 793 hektar sahədə taxıl əkilmişdir ki, bu da ötən ilin taxıl əkini ilə müqayisədə 330 hektar artıqdır. Taxıl əkininin 7130 hektarını buğda, 6633 hektarını isə arpa əkini təşkil etmişdir. 13 793 hektar taxıl sahəsindən 47 310 ton məhsul əldə edilmişdir ki, bu da ötən ilin məhsulu ilə müqayisədə 3 329 ton və ya 7,6% çoxdur. İstehsal olunmuş taxılın 25 922 tonunu buğda, 21 388 tonunu arpa təşkil edir. Bir hektara düşən məhsuldarlıq 0,1 sentner artaraq 34.3 sentnerə çatmışdır.
İlin 9 ayında 1572 hektar sahədə bostan, 778 hektar sahədə tərəvəz, 376 hektar sahədə qarğıdalı, 40 hektar sahədə kartof, 526 hektar sahədə pambıq, 632 hektar sahədə yonca, 160 hektar sahədə şəkər çuğunduru, 40 hektar sahədə soya olmaqla cəmi 4094 hektar sahədə yazlıq əkin aparılmışdır ki, bu da keçən ilin müvafiq dövrünün yazlıq əkini ilə müqayisədə 437 hektar çoxdur. Qeyd etmək istərdim ki, şəkər çuğunduru və soyanın rayon ərazisində əkini ilk dəfə olaraq həyata keçirilmişdir.
İlin 9 ayında 20 096 ton tərəvəz, 8785 ton meyvə, 439 ton kartof istehsal olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 12 ton, meyvə istehsalı 3 ton, kartof istehsalı 11 ton çox olmuşdur.
Rayonda heyvandarlıq məhsulları istehsalında da artım qeydə alınmışdır. Hesabat dövründə süd istehsalı 15 ton artaraq 12 385 tona, ət istehsalı 744 ton və ya 11,5 % artaraq 7234 tona, yumurta istehsalı 4866 min ədəd və ya 2,1 % artaraq 235 820 min ədədə çatmışdır. Rayon üzrə iribuynuzlu heyvanların baş sayı 507 baş və ya 1,3 % artaraq 38 264 başa, xırda buynuzluların sayı isə 4948 baş və ya 0,7 % artaraq 135 486 başa çatmışdır.
“Aqrolizinq” vasitəsilə bu ilin 9 ayında kənd əməkçilərinə 345,3 ton müxtəlif növ mineral gübrələrin və 260 litr herbisidin 70 % güzəştlə satışı həyata keçirilmişdir.
2007-ci ildə tikintisinə başlanılmış, mənbəyi Ağsu rayonu ərazisində Yuxarı Şirvan kanalının qolundan su götürən ümumi uzunluğu 53,95 km və su keçirmə qabiliyyəti 5 kub metr/san olan Hacıqabul magistral beton kanalının 28,1 km-lik hissəsi, Padar magistral beton kanalın 12,5 km-i tikilərək başa çatdırılmışdır. 5 km-ə yaxın təsərrüfatdaxili kanallar da tikilərək istismara verilib. Növbəti mərhələdə kanalın Qarasu və Muğan qollarının tikintisi və rayonun Padar-Qarasu-Muğan ərazisində 5560 hektar yararlı sahələrdə kompleks meliorasiya işlərinin aparılması nəzərdə tutulur. Artıq Hacıqabul Magistral kanalından ayrılan 7,1 km-lik Qarasu magistral kanalının tikinti işlərinə başlanılmışdır. Bu kanal vasitəsilə Padar-Qarasu ərazilərində 2000 hektara yaxın həyətyanı və əkin sahələrinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2013-cü il tarixli sərəncamı ilə yaradılmış 1625 hektar iri əkinçilik təsərrüfatının və 440 hektar sahədə əkilmiş pambığın suvarma suyu ilə təminatı bu kanal vasitəsilə həyata keçirilmişdir.
Cari ildə 526 ha sahədə pambıq əkini həyata keçirilmiş, hazırda pambıq yığımı mütəşəkkil qaydada həyata keçirilir. Növbəti ildə pambıq əkininin 1200 hektara çatdırılması yönündə fəaliyyətimizi davam etdirməliyik.
Rayonda baramaçılığın inkişafı da qarşımızda duran prioritet məsələlərdən biridir. Cari ildə baramaçılığın inkişaf etdirilməsi məqsədilə 11000-dən çox tut (çəkil) ağaclarının əkilməsi nəzərdə tutulmuşdur.
Əhalinin həyat səviyyəsinin göstəricisi olan orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 manat artaraq 297.4 manat təşkil etmişdir. Rayon əhalisinin pul gəlirləri ötən dövrün müvafiq dövrü ilə müqayisədə 15 628 min manat və ya 7,6 % artaraq 220 253 min manata çatmışdır. Məşğul əhalinin sayı 700 nəfər artaraq 35.9 min nəfər olmuşdur. Məşğul əhalinin 5.6 min nəfəri və ya 15,6 %-i dövlət sektorunda, 30.3 min nəfəri və ya 84,4 %-i qeyri-dövlət sektorunda çalışır.
Cari ilin 9 ayında rayon Məşğulluq Mərkəzinə 2684 nəfər işaxtaran kimi müraciət etmiş, işə düzələnlər 737 nəfər olmuşdur. 187 nəfərə işsizlik statusu verilmişdir. Hesabat dövründə rayon üzrə 1145-i daimi olmaqla cəmi 1240 yeni iş yeri açılmışdır.
Hacıqabullular möhtərəm Prezidentimizin rayonumuza göstərdiyi diqqət və qayğıya özlərinin yüksək əmək və siyasi fəallığı ilə cavab verərək rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində bundan sonra da ardıcıl işlər həyata keçirəcəklər.

Məruzə ətrafında rayon Təhsil Şöbəsinin müdiri Şükür Məmmədov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Beydulla Qarayev, Qarasu Bələdiyyəsinin sədri İslam Hüseynov, Meyniman kənd İƏD üzrə nümayəndə İslam Hüseynov çıxış etdilər.
Hesabat yığıncağında məruzə və çıxışlar dinlənilərək RİH Başçısının 2016-cı ilin 9 ayında gördüyüişlər qənaətbəxş hesab edildi. Müvafiq qərar qəbul olundu.
Bolgexeber.com
Hacıqabulda 9 ayın nəticələri müzakirə olundu
Hacıqabulda 9 ayın nəticələri müzakirə olundu