BolgeXeber.Com » Gündəm » Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub

6-12-2010, 17:20
Oxunub: 6 492 İdarənin nəzdində yeni alay yaradılıb

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr və struktur dəyişikliyi olub. Bu barədə İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə yeni təyin olunan Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, təxminən 10 gün bundan əvvəl daxili işlər naziri Ramil Usubovun müvafiq əmri ilə idarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis kapitanı Cəmşid Hənifəyev tutduğu vəzifədən azad edilib. Ramil Usubovun başqa bir əmri ilə isə Xətai rayon Dövlət Yol Polisi İdarəsində inspektor vəzifəsində çalışan Vaqif Əsədov Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

V.Əsədovun sözlərinə görə, İdarənin nəzdində yeni alay yaradılıb və Bakının polis İdarələrinin bir çox əməkdaşları həmin alayın tərkibinə daxil edilib. Alayın say tərkibi isə 400-dən artıqdır. Ramil Usubovun müvafiq əmri ilə C.Hənifəyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin xüsusi müşayiət bölüyünün komandiri vəzifəsinə təyin olunub.

Qeyd edək ki, Vaqif Əsədov Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsinə ikinci dəfə təyinat alır.