BolgeXeber.Com » Ölkə » Azərbaycan Dənizçilik Kollecində direktorla müavini arasında gərgin mübarizə gedir

Azərbaycan Dənizçilik Kollecində direktorla müavini arasında gərgin mübarizə gedir

24-10-2016, 17:38
Oxunub: 3 454 Azərbaycan Dənizçilik Kollecində direktorla müavini arasında gərgin mübarizə gedirNamiq Ağamalıyevin gəlişindən sonra təhsil müəssisəsində uzun illərdən bəri mövcud olan problemlərin sırasına yeniləri əlavə olunub

Bu ilin may ayının sonlarına yaxın Nazirlər Kabineti Təhsil Nazirliyinin Azərbaycan Dəniz Balıq Sənayesi Kollecilə bağlı mühüm bir qərar qəbul edib. Həmin qərara əsasən Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyətinin tabeliyinə verilib və Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlandırılıb. Çoxları elə zənn edirdi ki, Dəniz Balıq Sənayesi Kollecinin adı dəyişdirildəkdən və onun Təhsil Nazirliyinin nəzdindən alınıb «Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi»nə verildikdən sonra adıçəkilən təhsil müəssisəsində uzun illərdən bəri mövcud olan problemlər öz həllini tapacaq. Lakin bunun tam tərsini baş verdi. Belə ki, qeyd olunan dəyişiklikdən sonra Azərbaycan Dənizçilik Kollecində mövcud olan nöqsanların sırasına yenilərin əlavə olunduğunu vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, kollecdə təcrübəli və işgüzar müəllim kollektivi fəaliyyət göstərsə də, təhsil ocağı bir sıra müasir avadanlıqlarla təmin olunmayıb: «Bu gün Azərbaycan Dənizçilik Kollecində mühasibat uçotu, gömrük işi, gəmiqayırma, gəmi energetik qurğularının istismarı, gəmi enerji avadanlıqlarının və avtomatik vasitələrinin istismarı, gəmi sürücülüyü, gəmilərin təmiri, ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə ilə yanaşı, balıqçılıq ixtisası üzrə mütəxəssislər hazırlanır. Lakin deyilənlərə görə, kolleci bitirən tələbələrin böyük əksəriyyətinin ixtisaslarına uyğun işlə təmin olunmalarında ciddi əngəllər, süni maneələr müşahidə olunur. Çünki kollecin direktoru Namiq Ağamalıyev məzunların işlə təmin olunması məsələsində müəyyən maraqlarını reallaşdırmağı düşünür. Belə ki, direktor daha çox həmyerlilərinin, yaxınlarının övladlarının və onunla «razılığa» gələn tələbələrin ixtisaslarına uyğun işlə təmin olunmalarına yardımçı olur. Digərləri isə «azad təyinat»la taleyin ümidinə buraxılır». Bu arada, Namiq Ağamalıyevin rəhbərlik etdiyi təhsil ocağında nizam-intizam, eyni zamanda davamiyyət sarıdan ciddi problemlərin olduğunu qeyd edən mənbənin bildirdiyinə görə, yeni tədris ilinin başlanmasından hələ az bir müddət keçməsinə baxmayaraq, Azərbaycan Dənizçilik Kollecində kollektiv daxili münasibətlərdə yüksək gərginlik müşahidə olunmaqdadır: «Deyilənlərə görə, buna səbəb isə kollecin direktor müavini Arzu Əliyevanın öz işində yol verdiyi ciddi qanun pozuntularına davam etməsidir. Qeyd olunur ki, direktor müavininin özbaşınalıqları bir tərəfdən müəllim-tələbə münasibətlərinin, digər tərəfdən də kollecin müəllimləri ilə rəhbərlik arasında mövcud münasibətlərin arzuolunmaz bir səviyyəyə düşməsinə yol açıb. Bildirilir ki, bu gün Azərbaycan Dənizçilik Kollecində müşahidə olunan gərginliyin əsas səbəbi məhz Namiq Ağamalıyevin adıçəkilən təhsil müəssisəsinin rəhbərliyinə gətirilməsilə bağlıdır. Belə ki, bir neçə müddət idi ki, kollecin direktor vəzifəsini müavin Arzu Əliyeva icra edirdi. Belə güman etmək olar ki, Arzu Əliyeva bu vəzifəyə təyinat alacağına da böyük ümidlər bəsləyirdi. Lakin Namiq Ağamalıyevin təyinatı onun bu xəyallarının üstündən xətt çəkmiş oldu. Deyilənlərə görə, kollecə Namiq Ağamalıyevin direktor təyin olunması Arzu Əliyevanın gələcəyə dair olan planlarını alt-üst etib. Odur ki, hazırda kollecin direktoru ilə onun müavini arasında gərgin mübarizə gedir. Bunun nə ilə nəticələnəcəyini isə zaman göstərəcək».
Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.