BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycanda psixoloq xidmətləri neçəyədir?

Azərbaycanda psixoloq xidmətləri neçəyədir?

29-10-2016, 12:43
Oxunub: 4 324  Azərbaycanda psixoloq xidmətləri neçəyədir?Dəyanət Rzayev: “1 seansın qiyməti 40-50 manat arasında dəyişir ki, bu da baha hesab olunmur”

Psixologiya və psixiatriya - hər ikisi də ruhi sağlamlıqla bağlı sahələrdir. Hər ikisi eyni sahə ilə bağlı olsa da, aradakı yeganə fərq psixiatrların tibb təhsil almasıdır. Buna görə fiziki səbəblərdən doğan psixoloji problemlərin həlli üçün psixiatra müraciət edilir. Bu cür problemlərlə bağlı dərman müalicəsi müəyyən etmək psixiatrların işidir.

Psixoloji problemlə bağlı psixoloq yanına gedənlər dərman müalicəsi üçün psixiatra yönləndirilir. Ancaq Azərbaycanda insanlar psixoloq və ya psixiatr yanına getməyi özlərinə kompleks edir.

Bu mental xüsusiyyətlər isə bəzən sonda faciələrə səbəb olur. Qeyd edək ki, xarici ölkələrdə psixoloq yanına getmək bir növ rahatlıq məqsədi daşıyır. Qonşu Türkiyədə demək olar ki, insanlar tez-tez psixoloqa müraciət edirlər. Azərbaycanda isə quru söhbətə pul verməyin ağılsızlıq olduğunu düşünənlər çoxdur. Halbuki hər birimiz yolda öz-özünə danışan insanlarla, nəqliyyatda adi bir narazılıqdan coşan sürücülərlə və sair bu tipli hadisələrlə rastlaşırıq. Bu isə o deməkdir ki, Azərbaycanda çoxlarının ciddi psixoloji problemi var.

Maraqlıdır, Azərbaycanda psixoloq yanına getmək neçəyə başa gəlir? Ümumiyyətlə, insanlar hansı hallarda psixoloqa müraciət etməlidir?

Psixoloq Elnur Rüstəmov Azərbaycanda psixoloji xidmətin qiymətinin aşağı olduğunu dedi: “Əgər insanların iqtisadi, hüquqi problemləri varsa, psixoloqa müraciət etməsinlər. Əgər insanların ürəyində ağrılar varsa, kardioloqa getsinlər. Yox, əgər o ürək ağrısı psixoloji səbəblərdəndirsə, həkim tövsiyə etdikdən sonra psixoloq yanına getsinlər. İstər ailədaxili problem, istər uşaqların, istərsə də yeniyetmə problemi əgər psixoloji səbəblərdən qaynaqlanırsa, ona psixoloq dəstəyi vacibdir. Psixoloq dəstəyi dünyanın hər yerində var. Azərbaycanda psixoloji dəstəyin Avropa ilə müqayisə edilməsi qüsurludur. Çünki Avropada tətbiqi psixologiyanın yaşı Azərbaycandan çoxdur. Psixoloqla psixiatrın fərqini ayırd edə bilməmək yaxud da psixoloqa gedirəmsə, qonşular bilməməlidir kimi stiqmalar Avropada yoxdur. Bu kimi düşüncələr yalnız Azərbaycanda var. Düzdür, bu əvvəlki kimi deyil.

Azərbaycandakı psixoloji dəstəyin qiymətinə gəlincə isə bu elə də baha deyil. Avropa ölkələrində psixoloq yanına getmək 150-300 avrodur. Düzdür, bu qiymət mütəxəssisdən onun təcrübəsindən asılı olaraq dəyişir. Azərbaycanda psixoloji dəstəyin ödənişi Avropa ilə müqayisə olunanda aşağıdır. Yəni baha deyil. Adi Rusiya ilə də müqayisə etsək görərik ki, aşağıdır. İnsan var ki, özündə xəstəlik axtarır. Bu cür insanlar iki aydan bir gedib analiz verirlər. Analizə də kifayət qədər pul xərcləyirlər. Ancaq demirlər ki, o analizin qiyməti bahadır. Ancaq ailədaxili problemi, fobiyası olan adam 3 ay psixoloqa gedir və 200 manat pul xərcləyirsə, bu baha olur. Axı psixoloq həkimdən fərqli olaraq hər pasiyentlə 1 saat müddətində işləyir. Ancaq həkim 1 saat müddətində 4 nəfər xəstə qəbul edir. Bunu da nəzərə alın. Əslində bu da adətənənələrdən qaynaqlanır. Sözə pul verməzlər. Söz deməklə nə düzələcək ki, bunu nənəm və ya rəfiqəm də mənə deyir düşüncəsi var. Ancaq bunun metodikası var. Hansı problemə görə hansı psixoterapiya tətbiq olunacaq”.

İnsanların neçə seansa rahatlıq tapacağı məsələsinə gəlincə isə psixoloq bunun adama və problemə bağlı olaraq dəyişdiyini dedi: “Avropa ölkələrində psixoloji xidmət tibbi sığortaya aiddir. Amerika və Avropa ölkələri psixoloqların qarşısına şərt qoydu ki, elə bir terapiya edin ki, qısamüddətli və problemə köklənmiş terapiya olsun. Bu terapiyalar göstərdi ki, 7-8 seansa problemlər müəyyən qədər həll olunur. Elə problem var ki, dərindir. İnsan 3 ay müddətində psixoloqa gedir. O 3 ay müddətində həftədə iki dəfə gedir. Onu da 3 aya vursaq, bu 24 saat edir. Əgər sizin narahatçılığınız varsa, psixoloqa gedib problemi həll edə bilirsinizsə, bunun nəyi pisdir?! Necə olur ki, insanlar əyləncə mərkəzinə pul xərcləyirlər, of da demirlər. Amma özünün ruhsal probleminə pul xərcləməyə narahatdırlar. Necə olur ki, hansısa rəqqasənin oynamağına 50 manat verir, amma psixoloqun işləməyinə 25-30 manat verə bilmir. Biz nə qədər ailələrlə, uşaqlarla işləyib onları həyata geri qaytarmışıq. Nə qədər ailələri boşanmadan geri qaytarmışıq”.
Digər psixoloq Dəyanət Rzayev isə bir seansın 40-50 manat arasında dəyişdiyini dedi: “Avropada psixoloji xidmət tibbi sığortaya daxildir. Amma bizdə elə bir şey yoxdur. Psixoloq da haradasa işləyirsə, həmin yerin icarə haqqı və digər xərcləri var. Bu işin asan bir iş olmadığını da nəzərə almaq lazımdır. Bu mənəvi bir işdir. Ancaq bu gün bu sahədə fırıldaqçılar çox olduğu üçün psixoloqlara etibar azalıb. Bizim yanımıza gələnlərdən eləsi olmayıb ki, nəticəsiz olsun. Bizə müraciət edənlər çoxdur. Bir kurs 12 seansdı və həftədə 1 dəfə keçirilir. 1 seansın da qiyməti 40-50 manat arasında dəyişir ki, bu da elə də baha hesab edilmir. Bizə daha çox ailə problemləri ilə bağlı müraciət edirlər”.

Qeyd edək ki, bugünlərdə xanım deputat Kamilə Əliyeva “Psixoloji yardım haqqında” qanun layihəsinin müzakirəsi zamanı psixoloqları insanları soymaqda ittiham edib. O bildirib ki, həmin yerlərdə işləyənlərin çoxu müəyyən sertifikat almaqla insanların, xüsusilə də uşaqların gələcək taleyi ilə məşğul olurlar ki, bu da qanunaziddir.

Günel MANAFLI