BolgeXeber.Com » Ölkə » “Azəristiliktəchizat”ın sədri öz oğlunu isti maşınla təchiz edib - İTTİHAM VAR

“Azəristiliktəchizat”ın sədri öz oğlunu isti maşınla təchiz edib - İTTİHAM VAR

29-10-2016, 13:40
Oxunub: 18 293 “Azəristiliktəchizat”ın sədri öz oğlunu isti maşınla təchiz edib - İTTİHAM VAR“Azəristiliktəchizat” ASC-də həyata keçirilən maxinasiyalardan bir qismi də məhz istilik təchizatı borularının qanunsuz yerlərinin dəyişdirilməsi ilə bağlıdır

Əlbəttə ki, bu qayğının bütün şəhərimizə və yaxud da, heç olmasa paytaxtın mərkəzləşdirilmiş qaydada isidilməsi nəzərdə tutulan binalara şamil olunmasını hamımız arzu edərdik. Amma necə deyərlər, arzu-arzuluğunda qalır, reallıq isə reallığında. Bu günümüzün reallıqları da bunu göstərir ki, paytaxt sakinlərinin ötən son bir neçə ildə istilik təchizatı ilə bağlı qarşılaşdıqları problemlərin həll olunduğunu iddia etməyə hələ ki, heç bir əsas yoxdur. Çünki artıq qeyd etdiyimiz kimi, mövsümə hazırlıq dövründə görülməli olan və görülən işlər də eynilə ötən illərdə olduğu kimi, “Azəristiliktəchizat” ASC-nin rəhbərliyinin öz “planları” əsasında, müxtəlif nöqsan və çatışmazlıqlarla həyata keçirilib. Bu sahədə heç axsamayan yeganə məqam isə, dövlət tərəfindən hər il binaların istiliklə təchizatının yüksək səviyyədə təmin olunması məqsədilə ayrılan külli-miqdarda vəsaitlərin Yaşar Həsənovun rəhbərlik etdiyi qurum tərəfindən istehsal olunan istilik kimi “yoxa çıxarılması” ilə bağlıdır. Amma yox, fizikanın “qızıl qanunu”, yəni təbiətdə enerjinin yox olmadığını və yalnız bir haldan digərinə keçdiyini müəyyən edən qanun bu halda da öz işləkliyini saxlayıb. Sadəcə olaraq, heç bir fiziki qanun enerjinin şəkil dəyişərək maddi forma almasını nəzərdə tutmur. Yaşar Həsənov isə, buna da nail ola bilmişdir. Belə ki, aldığımız məlumatlara görə, “Azəristiliktəchizat”ın ötürücü borularından itən istilik, maddiləşərək son model “Range Rover” markalı avtomobilə çevrilmişdir. Yeri gəlmişkən, ASC-nin sədri də həmin avtomobili öz oğluna hədiyyə edib. İndi özünüz qərar verin ki, bu “çevrilmə”nin müəlliflərimi deyək, ixtiraçılarımı deyək, Nobel mükafatına layiqdirlər, ya yox?

Bunu da qeyd edək ki, bütün böyük kəşflərdə olduğu kimi, bu “çevrilmə”nin də təfərrüatları geniş ictimaiyyətdən gizlin saxlansa da, istənilən halda ASC-nin daxilindən olan sızıntılar müəyyən proseslərin gedişi barədə fikir aydınlığının yaranmasına səbəb olub. Məsələn, əldə etdiyimiz məlumatlarda bildirilir ki, artıq ötən saylarımızda da barəsində bəhs etdiyimiz “boru yerdəyişmələri” proseduru bu dahiyanə “çevrilmə”nin baş tutması üçün zəruri olan proseslərdən biridir. Bununla bağlı ötən yazılarda biz göstərmişdik ki, “Azəristiliktəchizat” ASC-də həyata keçirilən maxinasiyalardan bir qismi də məhz istilik təchizatı borularının qanunsuz yerlərinin dəyişdirilməsi ilə bağlıdır. Belə ki, bəzi ərazilərdə müəyyən iş adamları həmin boruların yaxınlığında yer alıb özlərinə kommersiya obyektləri tikirlər. Təbii ki, bu zaman borular müəyyən qədər “kənara çəkilməli” olurlar. Bu məsələni isə, yalnız Yaşar Həsənov həll edə bilər. Təbii ki, müəyyən məbləğdə pul müqabilində. Beləliklə, razılıq əldə olunandan sonra, elə “Azəristiliktəchizat” ASC-nin xüsusi briqadası tərəfindən “boruların yerdəyişməsi” əməliyyatı həyata keçirilir. Təbii ki, bu iş prosesi də müəyyən məsrəflər tələb edir. Amma bu məsrəflər artıq dövlətin vəsaitləri hesabına ödənilir. Beləliklə də, Yaşar Həsənov vətəndaşların istiliklə daha keyfiyyətli şəkildə təmin olunması üçün ayrılan pulları özünün qeyri-qanuni işlərinə yönəltmiş olur.

Bəli, bu təfərrüatları biz ötən saylarımızda dərc etdiyimiz materiallarda təqdim etmişdik. Amma biz axı onda bilmirdik ki, “boru yerdəyişmələri” sadəcə qeyri-qanuni qazanc əldə etmək üçün deyil, əslində böyük elmi təcrübə məqsədilə həyata keçirilir...

Qarşı tərəfin də münasibətini öyrənmək istərdik.