BolgeXeber.Com » Media » “Efirə pulla çıxan ekspertlər” iddiası aranı qarışdırdı

“Efirə pulla çıxan ekspertlər” iddiası aranı qarışdırdı

3-11-2016, 16:03
Oxunub: 3 597  “Efirə pulla çıxan ekspertlər” iddiası aranı qarışdırdıKamil Şahverdiyev: “Kim ekspertdən pul istəsə, alsa, işdən qovulacaq”

“Yeni Müsavat”ın ötən sayında tanınmış jurnalist, uzun illər telekanallardakı ailə-məişət xarakterli verilişlərdə ekspert qismində çıxış etmiş Seymur Verdizadənin müsahibəsi dərc olunub. Müsahibədə diqqəti çəkən əsas məqamlardan biri də bu sayaq verilişlərə çıxan ekspertlərin bunun üçün verilişlərə pul ödəməsi ilə bağlıdır. Jurnalistin sitatını yada salaq: “Təəssüf ki, Azərbaycan teleməkanında ekspertlərə pul ödənilmir. Sizə bir sirr açım, Azərbaycanda bir çox insanlar efirə çıxmaq üçün verilişin aparıcısına və telekanal rəhbərliyinə qeyri-leqal ödəmələr edirlər. Vəkillər, psixoloqlar bu məsələdə öndə gedirlər. Mən umurdum ki, verilişə çıxdığıma görə mənə qonorar verilməlidir. Amma sonra gördüm ki, mənim sağımda-solumda oturan adamlar pul ödəyib gəlirlər”.

Yetərincə ciddi olan bu ittihamla bağlı artıq etirazlar da başlanıb. Sosial şəbəkədə ictimai fikrə təsir edən şəxslər bunu Azərbaycan telekanalları üçün adi hal adlandırıblar və buna qarşı mübarizənin vacibliyini vurğulayıblar.

Tanınmış publisist, uzun müddət telekanalda çalışmış Həmid Herisçi də bu məsələ ilə bağlı öz təcrübəsində yaşadıqlarını “Yeni Müsavat”a danışdı. Dedi ki, ümumiyyətlə, televiziyalarda ödənişli layihələr olmalıdır və bu, labüddür: “Nədənsə bəzi televiziya işçiləri bunu gecikdirirlər. Məsələ aydındır. Gəliri gizlində saxlamaq və ondan vergi ödəməmək. ”Gecə kanalı"nda ödənişli əsaslarla verilişə çıxan qonaqlarımız vardı. Bəziləri rəsmi qaydada ödəniş edir, bu ödənişdən vergi tutulurdu. Verilişin aşağısında qaçan xətlə bildiriş gedirdi ki, “hazırda danışan ekspert ödənişli əsaslarla çıxış edir”. 2003-2004-cü illərdə bu, belə idi. Xüsusən də seçkilər zamanı mütəxəssis kimi çıxış etmək istəyənlər bu imkandan yararlanırdılar. Mən hiss edirdim ki, hansısa ekspert seçkilər zamanı mütəxəssis kimi çıxış etmək istəyir. Biz buna şərait yaradırdıq. Ümumilikdə isə hüquqşünas, həkimlər, psixoloq tayfası əksər hallarda çıxış üçün pul ödəyirdi. Hər ekspertin çıxışı üçün nə qədər pul ödədiyini deyə bilmərəm. Amma bizdə məbləğ böyük idi. Seçkiqabağı ekspertin çıxışı 5-7 min dollar idi. Barat Nuriyev bu məbləği vermişdi".

Müsahibimiz hesab edir ki, hazırda həftədə bir dəfə efirə çıxan verilişlərdə ekspert kimi çıxış etmək istəyənlər aylıq 3000 manat reklam ödənişi etməlidir. Çünki onların efirdə görünməsi onlar üçün böyük reklamdır və daha sonradan gəlir olaraq geri qayıdır: “Bundan başqa, onlar danışıqları ilə bağlı cavabdehlik hiss etməlidir. Görməlidilər ki, bu iş baha başa gəlib. Öncədən də ekspertə bildirilməlidir ki, ödəniş vacibdir”.

"Space" kanalının direktor müavini Kamil Şahverdiyev isə bu iddianı təkzib etdi. Dedi ki, bu məsələdə ancaq təmsil etdiyi kanalın adından danışa bilər: “”Space" kanalında nə bir ekspert, nə bir müğənni, nə bir hüquqşünas pul verib efirə çıxa bilməz. Bunu edən hansısa veriliş aparıcısını və ya kanal işçisini tapsaz, o adam dərhal işdən çıxarılacaq. Bizdə rəsmi qaydada elan olunub ki, kimsə efirə çıxarmaq üçün kimdənsə pul istəsə, o, dərhal işdən çıxarılacaq. 2006-cı ildən burda işləyirəm və o vaxtdan bu qaydanın şahidiyəm".

Müsahibimiz dünya kanallarında belə bir təcrübənin olduğunu desə də, Azərbaycanda bunun mümkünlüyünü istisna edir. Onun sözlərinə görə, bu təcrübə bizim ölkədə ifrata vara bilər.


Sevinc TELMANQIZI