BolgeXeber.Com » Ölkə » Uşaqları zəhərləyən məktəb bufetləri...

Uşaqları zəhərləyən məktəb bufetləri...

4-11-2016, 10:50
Oxunub: 8 977  Uşaqları zəhərləyən məktəb bufetləri...Fazil Talıblı: “Azyaşlıların qidalanması üçün nəzərdə tutulmayan məhsullar satılır”; Bəşarət Məmmədov: “Məktəb bufetlərində standartdan kənar qidaların satılmasına icazə verilmir”

Eyyub Hüseynov: “Məktəb bufetlərinə valideynlər də nəzarət etməli, oranın standartlara uyğun işləməsinə nail olmalıdırlar”
Şagirdlərin əksəriyyəti tənəffüs vaxtı məktəblərin bufetinə qaçır. Burada isə sağlamlıq üçün təhlükəli olan, tərkibi, hazırlanma şəraiti bilinməyən pizza, tost, dönər, bulka, keks, çips, pirojna, suxarı, buterbrod və müxtəlif qazlı içkilərin satıldığı haqda zaman-zaman faktlar ortaya çıxıb. Məktəb bufetlərinə nəzarət demək olar ki, yox dərəcəsindədir.

Baş çəkdiyimiz bir neçə məktəb bufetində bunların şahidi olduq. Bufetlərini jurnalistlərin daxil olması qadağan edilsə də, biz valideyn qismində ora daxil olaraq, xeyli məlumatlar əldə etdik. Məlum oldu ki, bufetlər haqqındakı standartda qadağan edilmiş xeyli qidalar var ki, onlar hazırda bufetlərdə şagirdlərə sırınır. Bəli, məhz sırınır, çünki uşağın qidanın keyfiyyətini müəyyən etməsi mümkünsüzdür.

Şagirdlər məktəb bufetlərində qidaların baha satıldığını deyirdilər.

304 saylı orta məktəbdə olarkən şagirdlərdən biri məktəbdə daha çox kolbasa-çörəyi bəyəndiyini dedi: “Kolbasa-çörək və peraşkilər yaxşıdı. Ancaq pizzanın içindəki sosiska yaxşı dadmır. Biz daha çox suxari alırıq. Ancaq bizim məktəbdə qazlı sular satmırlar. Çöplü şirələr satılır”.

Məktəbin qarşısında övladını dərsdən götürməyə gələn bir neçə valideynlə də söhbətləşdik. Övladının 3-cü sinifdə oxuduğunu deyən Əminə Məmmədova uşağına məktəb bufetindən nəsə almağa icazə vermədiyini dedi: “Mən məktəb bufetində nələrin satıldığını, hansı şəraitdə bişirildiyini bilmirəm. Ona görə də buranın qidalarına etibar etmirəm. Özüm hər səhər uşağı dərsə gətirəndə mağazadan şirniyyat, su alıb çantasına qoyuram”.

Ümumiyyətlə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin ümumtəhsil və ilk peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən məhsulların siyahısı aşağıdakı kimidir: İçalat məhsulları (qaraciyər, dil və ürək istisna olmaqla), içalatı təmizlənməmiş quş, vəhşi heyvanların əti, suda üzən quşların yumurtası və əti, qabığı çirklənmiş yumurta, və həmçinin salmonellyoza görə qeyri-sağlam təsərrüfatdan olan yumurta, germetikliyi pozulmuş bankada olan, köpmüş, paslı, deformasiyaya uğramış, etiketsiz konservlər, termiki emala məruz qalmayan yaşıl noxud, çirklənmiş və ya anbar ziyanvericiləri ilə yoluxmuş yarma, un, quru meyvələr və başqa məhsullar, mənşəyi məlum olmayan ərzaq məhsulları, kremli şirniyyat məmulatları (piroq və tortlar), termiki emala məruz qalmayan, təbii halda olan kəsmik və xama, ev şəraitində hazırlanmış qatıq, göbələklər və onlardan hazırlanan məhsullar (kulinariya məmulatları), termiki emala məruz qalmayan içkilər və morslar, kvas, kənd təsərrüfatı heyvanlarında aşkarlanan xəstəliklərə görə qeyri-sağlam təsərrüfatdan alınan, çəlləkdə saxlanılan, pasterizə edilməmiş və qaynadılmamış süd, təbii halda olan və kəsmiyin hazırlanması üçün istifadə olunan süd və qatıq, termiki emaldan keçməmiş ətdən, quş ətindən, balıqdan hazırlanmış yeməklər, sirkə, xardal, qıtıqotu, istiotlu bibər və digər (kəskin) ədviyyatlar, xəmiri acıdan naməlum tərkibli tozlar, istiotlu souslar, ketçuplar, mayonezlər, qəlyanaltı konservlər, turşuya qoyulmuş tərəvəzlər və meyvələr, təbii kofe, alkoqollu, energetik içkilər, kulinariya yağları, donuz və qoyun piyi, marqarin və digər hidrogenləşdirilmiş yağlar, qazlaşdırılmış içkilər, bitki yağları əsasında süd məhsulları və dondurma, saqqız, çipsilər, tərkibində etanol olan (0,5%-dən artıq) qımız və turş süd məhsulları, ət qiyməsi ilə hazırlanmış makaron, ətli blinlər, studenlər, doğramac, paştetlər, siyənək balığından farşmak, üzərində sous gəzdirilmiş ətli və balıqlı yeməklər, yumurtalı makaronlar, qayğanaq, frityurda qızardılan piroqlar və ponçiklər.

Ancaq təəssüf ki, bu qidaların əksəriyyəti bufetlərdə satılır. Bir çox ölkələrdə məktəb bufetlərində uşaqlar uşaqların qida menyusu hazırlanarkən pediatr və digər mütəxəssislərin rəyi nəzərə alınır. Azərbaycanda isə bu, nəinki nəzərə alınmır, heç bufetdə işləyənlər belə həkim nəzarətindən keçmir. Hansı ki, normalda bu şəxslər 3-6 aydan bir həkim nəzarətindən keçməlidirlər.

Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı hazırda bütün bufetlərə nəzarət etmənin mümkün olmadığını dedi: “Bir neçə il öncə ictimaiyyət tərəfindən gələn sosial tələbi nəzərə alaraq və bu sahədə normativ tənzimləməni həyata keçirmək məqsədilə Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən məktəb bufetlərinə olan tələbləri özündə əks etdirən dövlət standartı təsdiq edib. O ərəfədə biz bu standartla bütün müvafiq icra hakimiyyəti orqanlarını, bu sahədə çalışan qurumları, məktəbləri, katrinq həyata keçirən özəl şirkətləri - hansı ki, məktəb bufetlərinə bu qidalanmanı təmin edirlər - hamısını o standartla tanış etdik. Məktəb direktorları ilə görüşlərimiz oldu və məlumat verildi. Çox təəssüf ki, biz də mətbuatdan, ictimaiyyətdən eşidirik ki, məktəblərin bufetində qadağan olunmuş ərzaqlar, cipsilər, suxarilər, qazlı sular, acılı, souslu, mayonezli, ketçuplu məhsullar satılır. Azyaşlıların qidalanması üçün nəzərdə tutulmayan məhsullar satılır.

Hazırda yoxlama aparmaq səlahiyyəti bizdə olmadığına görə mövcud vəziyyəti təhlil edə bilmirik. Amma valideynlər, məktəb rəhbərliyi tərəfindən ictimai nəzarət olmalıdır ki, bu standartın tələblərinin pozulmasına yol verilməsin".

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov məktəb bufetlərində standartdan kənar qidaların satılmasına icazə verilmədiyini və daim nəzarət olduğunu bildirdi: “Məktəbin qapısından içəridə nə varsa, məktəb rəhbərliyi buna nəzarət edir və cavabdehdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məktəb bufetlərinin əslində icarəyə verilmiş bir obyekt olduğunu dedi: “Bütün hallarda direktorlar məktəb bufetlərinə şərikdirlər. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi məktəb bufetlərində satılan ərzaq mallarının çeşidi, onun standartı barədə sənə qəbul edib. Lakin bu əhəmiyyətli sənədin tələbləri məktəblərin maksimum 30 faizində yerinə yetirilir. Biz dəfələrlə demişik ki, böyük tənəffüsdə belə uşaqların normal qidalanmağa vaxtı olmur. Çünki böyük tənəffüsün vaxtı çox azdır. Dəfələrlə təklif vermişik ki, məktəblərin koridorlarında avtomatik meyvə satan qurğular qurulsun ki, uşaqlar ora qəpik atıb heç olmasa meyvə ilə qidalansınlar. Bu, ciddi problemlərdən biridir. Məktəb bufetlərində arzuolunmaz qidalar, evdə bişirilən peraşkilər satılır. Bakı məktəblərini mərkəzləşdirilmiş qaydada qida ilə təmin edən ayrıca sovet vaxtından qalmış bir qurum var. Bu qurum müəyyən cavabdehlik daşıyır. Amma çox təəssüf ki, o qurum da bu işlərə kifayət qədər nəzarət edə bilmir. Məktəb bufetlərinə valideynlər də nəzarət etməli, oranın standartlara uyğun işləməsinə nail olmalıdırlar”.
 Uşaqları zəhərləyən məktəb bufetləri...
 Uşaqları zəhərləyən məktəb bufetləri...
 Uşaqları zəhərləyən məktəb bufetləri...