BolgeXeber.Com » Analitika » Təhsildəki problemlər təcili həllini gözləyir - Müdaxilə zərurəti...

Təhsildəki problemlər təcili həllini gözləyir - Müdaxilə zərurəti...

4-11-2016, 16:08
Oxunub: 3 524  Təhsildəki problemlər təcili həllini gözləyir - Müdaxilə zərurəti...Çox istərdik ki, bu ifadələr şablon kimi qəbul edilməsin

Etiraf olunmalıdır ki, son vaxtlar ölkə təhsilinin vəziyyətində gözlənilən irəliləmələr, dövlət tərəfindən bu sahəyə göstərilən yüksək qayğı və diqqətin layiqli nəticələri müşahidə olunmadıqca, cəmiyyət daxilində təhsil sisteminə bilavasitə rəhbərlik edən konkret simaya, yəni ölkənin Təhsil nazirinə qarşı səsləndirilən sərt fikir və rəylərin də xüsusi çəkisi artır. İlk növbə bu səbəbdən ki, məhz təhsil naziri, istənilən digər bir ölkədə də olduğu kimi, bu sahədə cərəyan edən bütün proseslərə görə məsuliyyət daşıyır. Əlbəttə ki, əgər bu proses özü ilə pozitiv daşıyırsa, bir rəhbər olaraq, nazirin də bunda danılmaz xidmətləri var. Lakin bizim hal-hazırda müzakirə etdiyimiz halda, dediyimiz kimi, daha çox şikayət və narazılıqlar diqqəti cəlb edir.

Çox istərdik ki, bu ifadələr şablon kimi qəbul edilməsin. İlk növbədə tamamilə birmənalı olaraq vurğulamaq lazımdır ki, ölkə rəhbərliyi, şəxsən dövlət başçısı tərəfindən həqiqətən də təkcə təhsilimizin deyil, bütün digər sahələrin də inkişafı üçün kifayət qədər diqqət də ayrılır, maliyyə vəsaitləri də verilir, islahatlar çərçivəsində iri layihələr reallaşdırılır, sahənin inkişafı stimullaşdırılır və dəstəklənir. Bir sözlə inkişaf üçün zəruri olan bütün şərt və tələblər qarşılanır, təmin olunur. Razılaşın ki, belə bir əlverişli mühit, daha yüksək nəticələrə iddialı olmaqda tam haqlıdır.

Amma gözləntilər özünü doğrultmur. Bu da mənfi rəyi, dövlətin bu sahədə siyasətini həyata keçirməkdə məsul olan qurumun fəaliyyəti barədə mənfi rəyi formalaşdırır. Bu arzuolunmaz haldır. Amma əsassız deyil. Əsassız olsaydı, artıq gündəmdən düşmüşdü. Təhsil müəssisələrində əsassız pul yığımı halları mövcuddurmu? Mövcuddur. Əgər mövcuddursa, bu kimi halların müzakirəsi əsnasında, artıq başqa xarakterli ittiham və iddiaların da səslənməsi tamamilə gözləniləndir. Elə səsləndirilir də. Bəzi ifadələrdə isə, hətta tarixi üç, dörd, beş il olan epizod və hadisələr də xatırlanaraq, bu günkü prosesləri və ya durumu şərtləndirən əsas kimi təqdim oluna bilir. Məsələn, belə bir ittiham təxminən dörd il bundan əvvəl səsləndirilib: “...İddia edilir ki, Mikayıl Cabbarov ailəsi ilə bərabər Barselonaya uçarkən stüardessadan ekonom-klassda əyləşən bir sərnişini bizness-klassa keçirməsini tələb edib. Mikayıl Cabbarov da bildirir ki, o, 5 nəfər ailə üzvü ilə birlikdə beznes-klassda istirahətə gedirmiş. Cəmiyyətdə isə belə bir sual doğur: O, hansı vəsaitlə biznes-klassda ailəsi ilə birlikdə dünyanı gəzir, istirahət edir? Onun rəsmi əmək haqqının cəmi min manat olması bildirilir. Bu pulla isə 5 nəfərlə iki-üç uçuş etməkdən ötrü ən azı 1 illik əmək haqqını toplamaq lazımdır...” Xatırladaq ki, həmin vaxt Mikayıl Cabbarov Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru vəzifəsində çalışırdı. Göründüyü kimi, bir qədər sərt formada da olsa, hələlik sadəcə sual səsləndirilir. Amma dərhal da bunun ardınca açıqlama xarakterli məlumat yer alır: “...“İçərişəhər” dövlət qoruğu direktorunun Fərhad Əliyevlə də biznes ortaqlığı bəlli oldu. Mikayıl Cabbarovun ailə üzvləri keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin məşhur “Prestij” mağazalar şəbəkəsinin qızıl sektoruna nəzarət edirdilər. Həmçinin onların Bakı şəhərinin sabiq merinin bəzi ailə üzvləri ilə Azərbaycan kinoteatrının yaxınlığında yerləşən şərikli obyektləri var. Mikayıl Cabbarov özü isə, o dövrdə Fərhad Əliyevin müavini işləyirdi. Bundan əlavə, Cabbarovların Xalçaçılıq muzeyinin arxasında qızıl-brilyant satışı mağazası fəaliyyət göstərir. Bütün bunlar M. Cabbarovun hansı vəsaitlə yüksək klasslarda uçduğuna, istirahət etdiyinə aydınlıq gətirir, amma əsas məsələ hələ ki, sual olaraq qalır (qeyd: mətn redaktə olunub)...”

İki il sonra. Mikayıl Cabbarov artıq bir ildir ki, ölkənin təhsil sisteminə rəhbərlik edir və onun bu fəaliyyətinə böyük gözləntilər yönəlib. Amma məhz elə bu məqamda da artıq daha ciddi ittihamlara rast gəlmək olur: “...Əslində Mikayıl Cabbarov bu bir il ərzində dövlətdən təhsilə ayrılan vəsaitin 50%-dən çoxunu özü mənimsəmişdir. Bunu deməyə bizə əsas verən odur ki, dövlət vəsaiti heç bir təhsil müəssisəsinə ayrılmamış şəxsən onun öz imzası ilə xərcləmişdir.

Dövlət vəsaiti heç bir tender keçirilmədən satınalmalar haqqında qanunun müddəalarına zidd olaraq, heç bir maddi-texniki bazası, iş təcrübəsi olmayan, ayrı-ayrı firmalarla müqavilələr bağlanaraq, vəsaitlər banklarda nəğdləşdirilərək, çox hissəsi Mikayıl Cabbarov tərəfindən mənimsənilmiş, az bir hissəsinə də təhsil müəssisəslərinə lazım olmayan əşyalar, inventarlar avadanlıqlar və digər vəsaitlər alınmışdır. Eyni zamanda həmin vəsaitlər, inventarlar, materiallar verilərkən, heç bir təhsil müəssisəsinin tələbatı, rəyi və fikri nəzərə alınmamış, bu zaman da heç bir sənəd tərtib olunmadan təhsil müəssisələrinə göndərilmişdir. Həmin vəsaitlərin hal-hazırda da istifadəsiz və gərəksiz qalmasının da şahidi olmaq olar. Əslində indiki şəraitdə Təhsil Nazirliyi qarşısında duran əsas vəzifə təhsil xərclərinin aparılamsı ilə məşğul olmaq deyil, təhsilin əsas pillələri, yeni təhsil startegiyasına uyğun tədbirlərin həyata keçirilməsi, təhsilin dövlət standartlarının hazırlanması, dövlət tərəfindən təhsilin qarşısında qoyulan əsas məsələlərin yerlərdə həyata keçirilməsinə nəzarət və s. bu kimi qlobal məsələlərlə məşğul olmaqdan ibarət olmalıdır. Lakin Mikayıl Cabbarov bu dövr ərzində təhsil müəssisələrinin rəhbərlərinin maliyyə sahəsindəki səlahiyyətlərini əllərindən alaraq, Təhsil Nazirliyinə aid olmayan işlərlə məşğul olmuşdur. Odur ki, bu bir il ərzində etdiyi qanunsuz əməllərin ört-basdır olunması məqsədi ilə şəxsən Hesablama Palatsının rəhbərliyi ilə danışıqlar apararaq, işlədiyi bu bir il ərzindəki dövrü yoxlatdırmaq qərarına gəlmişdir. Əslində bu, gələcəkdə ölkə rəhbərliyi tərəfindən onun haqqında deyilə biləcək mənfi fikirlərin qarşısını qabaqcadan alınması məqsədini daşımışdır. Mikayıl Cabbarov təhsil müəssisə rəhbərlərinin səlahiyyətləini əlindən almaqla kifayyətlənməyərək, qanunları pozaraq təhsil sisteminin informasiyalaşdırlması idarəsinə aid olan səlahiyyətlərini də bu qurumun əlindən almışdır. Belə ki, idarə müstəqil maliyyə fəaliyyəti göstərməli olduğu halda, Mikayıl Cabbarov İKT-yə aid olan xərcləri də şəxsən özü idarə edir...”

Etiraf edək ki, məhz bu son ittihamların müəllifi, Mikayıl Cabbarovdan əvvəlki təhsil nazirinə olan simpatiyasını da gizlətməmişdi. Amma bu, bizə maraqlı deyil. Maraqlı olan budur ki, kifayət qədər inandırıcı səslənən bu ittihamları birmənalı olaraq təkzib edən əks-arqumentlər gətirildimi? Deyəsən, yox. Və nəhayət, bəlkə də yazının əvvəlində qeyd etdiyimiz məqamla, yəni təhsil sahəsində bu gün müşahidə olunan problemlərlə daha çox uzlaşan bir fikir: “...O ki, qaldı Mikayıl Cabbarov tərəfindən məktəblərdə süpürgə pulunun yığılmasının qarşısının guya ki, alınması məsələsinə, bu heç də belə deyildir. Məktəblərdə yenə də pul yığılır, lakin bircə o həmin pul Mikayıl Cabbarova verilmir. Mikayıl Cabbarov süpürgə pulu adı ilə məktəblərdə yığılan pulların hesabına varlanmağa yox, bunun əvəzində dövlətdən təhsilə ayrılan pulların mənimsənilməsi variantına üstünlük vermişdir...”

Bu açıqlama və ittihamlara konkret portal, sayt səhifələrində rast gəlmək çətin deyil. Ola bilsin ki, onları təkzib etmək, və ya ən azından əsaslılıqlarını şübhə altına almaq da olar. Amma bir sual həqiqətən aktuallığını heç cür itirmir. Əgər nazirliyin fəaliyyət istiqaməti düzgündürsə, niyə nəticələr elə də yaxşı deyil?

Qarşı tərəfin də mövqyini dərc edə bilərik.