BolgeXeber.Com » Gündəm » Döyüşçü-jurnalistdən Hadı Rəcəbliyə sərt cavab gəldi!

Döyüşçü-jurnalistdən Hadı Rəcəbliyə sərt cavab gəldi!

10-11-2016, 09:31
Oxunub: 2 579 Döyüşçü-jurnalistdən Hadı Rəcəbliyə sərt cavab gəldi!Hadı Rəcəbli son günlər mətbuatın anti-qəhrəmanı olmağı bacardı

Son günlər Milli Məclisin deputatı Hadı Rəcəbli mətbuatın diqqət mərkəzində olan şəxslərdən biridir. Müsahibələrinin birində dediyi “Niyə Qarabağ əlilinə dərman, nəqliyyat pulsuz olmalıdır ki?!” sözləri ölkə mətbuatını lərzəyə gətirdi.
Bolgexeber.tv” və “Bolgexeber.com” saytlarının rəhbəri, döyüşçü-jurnalist Vasif Turan da bu iddialar qarşısında səssiz dura bilmədi. Qarabağ döyüşlərində torpaqlarımızın bütövlüyü uğrunda qardaşları ilə birlikdə döyüşən V.Turanın mövqeyini göstərmək üçün verdiyi müsahibədən bir hissəni sizə təqdim edirik:
“Hadı Rəcəblinin son çıxışlarında dediyi sözlər heç də ürəkaçan olmadı. Əslində mən onun bu hərəkətlərinin şouxarakterli olduğuna inanıram və görünən odur ki, H.Rəcəbli özünə xeyli düşmən qazanmağı bacara bildi. Mən və qardaşlarımdan başqa, bu ölkədə Qarabağ döyüşlərində şərəflə iştirak edən minlərlə ailə yaşayır. Həmin döyüşlərdə biz canımızdan belə keçməyə hazır durumda olmasaydıq, bu gün ağızdolusu söz etdiyimiz müstəqilliyimiz də olmayacaqdı. Mən bu sözləri özümü tərifləmək üçün demirəm, günü bu gün Ali Baş komandanımız əmr versə, biz yenə də silah əlimizdə səngərlərdə olacağıq. Bu, hər bir vətəndaşın borcudur.
Ancaq bu edilənlərin qarşılığında Hadı Rəcəblinin dediklərini öz simamda bütün Qarabağda döyüşən qardaşlarıma hörmətsizlik kimi qiymətləndirirəm. Vaxtilə ümumilli lider Heydər Əliyev də bu məsələnin həlli yolunda bir çox addımlar atmışdı və Qarabağ əlillərinə müavinət təyin etmişdi. Onların bir çox xərcləri dövlət tərəfindən qarşılanırdı.
Hal-hazırda prezident İlham Əliyev də həmin yolu davam edir və əlillərin heç birini diqqətdən kənarda qoymur. Ehtiyac duyulan hər bir şəraiti yaradır. Bütün bunlar tam olaraq prezidentin ixtiyarındadır, bu qərarlara qarşı çıxmaq isə Hadı Rəcəbliyə yaraşmayan hərəkətdir.
Mən şəxsən, Qarabağ döyüşlərində başımdan aldığım zədə səbəbilə Türkiyədə müalicə alıram. Həmin müalicəyə külli miqdarda pul tələb olunur. Bunun üçün də prezidentin bizə ayırdığı imtiyazlara ehtiyac duyuram. Bizim buna tam haqqımız var.
Döyüşçü qardaşlarımla müqayisədə mənim vəziyyətim qənaətbəxşdir. Ayaqda dura bilirəm. Ancaq elə əlillərimiz var ki, ağır dərəcəli yaralarla çətin şəraitdə yaşayırlar. Əgər bu imtiyazlar, bu şərait olmasa, onlar neyləyəcək?!
Düzdür, bizim də sizin kimi böyük biznes sahələrimiz, şəhərin mərkəzi yerlərində villalarımız olsaydı, biz də bu imtiyazlara ehtiyac duymazdıq. Bizim tam hüququmuz çatır ki, qanun çərçivəsində İlham Əliyevin göstərdiyi diqqətdən yararlanaq. Ancaq bu imtiyazlar bizə verilməsəydi belə, heç vaxt şikayət etməzdik. Çünki biz vətənimizi pul almaq üçün qorumamışıq.
Hadı Rəcəbli son günlər mətbuatın anti-qəhrəmanı olmağı bacardı. Bir millət vəkili kimi gənclərimizə vətənpərvərlik hissini təlqin etmək əvəzinə, şou xarakterli çıxışlar etməsi məqsədəuyğun deyil.
Ölkə başçısı bütün çıxışlarında işğal altında olan torpaqlarımızın geri qaytarılmasının vacibliyindən bəhs edir. Bu baxımdan, gənclərimizə vətən sevgisini aşılamaq bizim ilk vəzifələrimizdən olmalıdır. Hadı Rəcəblinin sözləri isə yetişməkdə olan yeni nəsildə ruh düşkünlüyünün yaranmasına səbəb olur.
Mən isə bayaq qeyd etdiyim kimi, əmr gələn kimi, səhhətim imkana verməsə belə, döyüşə hazıram! Var olsun bayrağımız! Var olsun Vətənimiz! Var olsun müstəqil Azərbaycan!”.

İbrahim Mahmudov
Bolgexeber.com