BolgeXeber.Com » Ölkə » General Hilal Əsədovun xanımı: "Mənim yoldaşım bu dəqiqə də öz işinin başında, kabinetindədir."

General Hilal Əsədovun xanımı: "Mənim yoldaşım bu dəqiqə də öz işinin başında, kabinetindədir."

8-11-2016, 15:50
Oxunub: 3 904 General Hilal Əsədovun xanımı: "Mənim yoldaşım bu dəqiqə də öz işinin başında, kabinetindədir." Yayılan məlumata görə, H. Əsədov ifadəsində bildirib ki, ümumiyyətlə, bu məsələ ilə əlaqədar onda olan məlumatları gündə bir neçə dəfə nazirinə məruzə edib

Bu ilin oktyabr ayında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyində (MTN) nazir Eldar Mahmudovun işdən uzaqlaşdırılması ilə başlamış antikorrupsiya əməliyyatının 1 ili tamam oldu. Bəlli olduğu kimi, ötən bir il ərzində “MTN işi” çərçivəsində bir neçə general da daxil olmaqla, qanunsuz əməllərə yol vermiş zabitlər həbs olunublar. Lakin E. Mahmudov nazir vəzifəsində çalışdığı zaman onun müavini və ən yaxın adamı olmuş general Hilal Əsədov həbs olunmayıb.

AzadlıqRradiosunun ötən ay yaydığı məlumata görə, Hilal Əsədov da istintaqa cəlb olunub. O, E. Mahmudov başda olmaqla, “MTN çetesi”nin “8-ci kilometr bazarı”nı zor və şantaj yolu ilə necə ələ keçirmələri işi üzrə dindirilib.

Yayılan məlumata görə, H. Əsədov ifadəsində bildirib ki, ümumiyyətlə, bu məsələ ilə əlaqədar onda olan məlumatları gündə bir neçə dəfə nazirinə məruzə edib. Məlum olub ki, ələ keçirilən bazarda böyük pay sahibi E.Mahmudov olub. H.Əsədovun həyat yoldaşı, qayınatası da bu məsələ ilə əlaqədar prokurorluqda dindirilib.

Bütün bu və ya digər bu kimi məlumatlara aydınlıq gətirmək üçün Hilal Əsədovun xanımı Nüşabə Əsədovanın çalışdığı uşaq poliklinikasına yollandıq.

Öncə qeyd edək ki, mətbuatda yayılan məlumatlarda bildirilirdi ki, H. Əsədov ailəsi ilə birlikdə İngiltərəyə qaçmağı planlaşdırır. Eyni zamanda o da bildirilirdi ki, “MTN işi” başladıqdan sonra onun xanımı Nüşabə Əsədova da çalışdığı poliklinikada baş həkim vəzifəsindən çıxarılıb.

Lakin biz başqa mənzərənin şahidi olduq...

N. Əsədovanın 2007-ci ildən baş həkim vəzifəsində çalışdığı Nərimanov rayon 14 saylı uşaq poliklinikasına daxil olduğumuzda, orada normal qaydada iş prosesinin getdiyini gördük. Qapıdan içəri girən kimi sağda bizi poliklinikanın qeydiyyat şöbəsinin əməkdaşları qarşıladılar. Onlara jurnalist olduğumuzu söyləmədən, Nüşabə xanımı soruşduq. Əməkdaşlar bizə bildirdilər ki, Nüşabə xanım öz otağındadır. Onların işarəsi ilə poliklinikanın koridorunda bir qədər irəlilədik. Üzərində “baş həkim” yazılan otağa daxil olduq. Ancaq N.Əsədovanı kabinetində görməyib, yenidən qeydiyyat şöbəsinin əməkdaşlarının yanına qayıtdıq. Onlar bildirdilər ki, Nüşabə xanım hər gün öz işinin başındadır. İndi də yəqin ki, xəstəyə baxmağa gedib: “Bizdə nahar olmur. Ona görə də Nüşabə xanımın harasa getməsi mümkün deyil. Yəqin ki, digər otaqdadır. Otağında bir qədər gözləyin, gələr”.

Deyildiyi kimi də etdik. Bir qədər gözlədikdən sonra, nəhayət ki, N. Əsədova gəldi. Bizimlə salamlaşıb, nə üçün gəldiyimizi soruşdu. Bildirdik ki, jurnalistik. Nüşabə xanım “ah” nidası çəkib, “gəlin içəri”, söylədi. Görünür, həmkarlarımız Nüşabə Əsədovanı bizdən öncə çox narahat ediblərmiş. Çünki bunu açıq şəkildə hiss etdirirdi.

Söhbətimizə keçmədən öncə qeyd edək ki, N. Əsədovanın kabineti çox sadə formadadır. Otaqda sadə stol və stullar, bir də onun oturması üçün sıradan kreslo var. Nüşabə xanımın işarəti ilə üzbəüz oturub, söhbətimizə başladıq. N. Əsədova nazik və mədəni tərzdə bildirdi ki, Hilal Əsədovun işi ilə bağlı hər hansı bir mövqe, fikir bildirmək istəmir. Lakin bəzi məsələlərə də aydınlıq gətirdi:

“Nə danışmaq, nə də fikir bildirmək istəmirəm. Başa düşürəm ki, bunlar barədə soruşmaq, araşdırmaq, yazmaq sizin işinizdir. Ancaq hər hansı bir fikir bildirmək istəmirəm. İngiltərəyə gedəcəyimizi yazırlarsa, bu yalandır. Nə üçün biz harasa getməliyik ki? Mənim yoldaşım bu dəqiqə də öz işinin başında, kabinetindədir. Bizim İngiltərədə nə işimiz var? Mənə gəlincə isə mən də gördüyünüz kimi, öz işimin başında, kabinetimdəyəm. Ona görə də bəzi həqiqətə uyğun olmayan yazılara inanmaq lazım deyil”.

Nüşabə xanım fotosunu çəkməyimizə də razılıq vermədi. Otaqdan çıxdığımızda bildirdi ki, hər zaman burada, işinin başındadır: “Bir həkim kimi hər zaman ehtiyacı olanların, siz də daxil olmaqla, bütün vətəndaşlarımızın övladını müayinə etmək lazım olsa, onu da edə bilərik. Yəni sizə bir həkim kimi yardım edə bilərəm”.
musavat.com