BolgeXeber.Com » Analitika » “Uşaq haqqında” Qanun layihəsində “böyüklərin izi”

“Uşaq haqqında” Qanun layihəsində “böyüklərin izi”

11-11-2016, 10:57
Oxunub: 3 999 “Uşaq haqqında” Qanun layihəsində “böyüklərin izi”Qanun imkan daxilində yığcam, anlaşıqlı və hər kəs üçün əlçatan olmalıdır

Qanun qəbul etmək işin bir tərəfidir, onun işlək mexanizmi olmalıdır.

Məlum olduğu kimi məktəbəqədər təhsillə əhatə səviyyəsinin şəhərlərdə 23,4, kəndlərdə 8,7, ölkə üzrə isə 16,5 faiz təşkil etməsi, son illərdə Bakı şəhərində yeni məktəbəqədər təhsil müəssisələrinin inşası və ya əsaslı təmiri istiqamətində atılan addımlar nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə çatsa da, bu sahədə həllini gözləyən problemlərin hələ də qalması, ölkənin yaşayış məntəqələrinin 75 faizində məktəbəqədər təhsil müəssisəsinin olmaması Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında xüsusi olaraq qeyd olunub.

Bu mənada təhsilin normativ -hüquqi bazasının yaradılması və möhkəmləndirilməsi, habelə “Dövlət Strategiyası”nda irəli sürülən vəzifələrinin operativ və qanunvericiliyin tələblərinə müvafiq həlli baxımından belə bir Qnununun qəbul edilməsi çoxdan bəri müzakirə obyekti idi. Bununla belə hələ də “dartışma” mərhələsi başa çatdırılmayan, özəlləşdirilməsi, ödənişli olması və bir çox ziddiyyətləri ilə ortaq məxrəcə gəlinməsi müşkülə çevrilən “Məktəbəqədər təhsil haqqında” Qanun layihəsi ilə tanış olarkən, istər-istəməz adamda belə bir təsəvvür yaranır ki, kiçik yaşlı uşaqlar üçün nəzərdə tutulan bu qanunun məqsəd və vəzifələri sanki, körpələrə və kiçik yaşlı cocuqlara deyil, böyüklərə, bir az da mübalğəli desək ahıllara hesablanıb.

Təsəvvür edin ki, təhsilin bütün sahələrini və komponentlərini əhatə edən "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu cəmi 6 fəsildən ibarət olduğu halda, təkcə bir sahəni əhatə edən sahəvi "Məktəbəqədər təhsil haqqında" Qanun layihəsi 5 fəsildən ibarətdir. Bəzi ehtiyac duyulmayan, təkrarlanan, məktəbəqədər təhsilin məzmununa və mahiyyətinə heç də uyğun olmayan müddəaların və terminologiyanın layihəyə daxil edilməsi bu qanunu daha da ağırlaşdırmış, daha sadə, əlçatan olması, bütün vətandaşların asan anlayacağı şəkildə hazırlanması tələblərini pozmuş, varisliyin və fasiləsizliyin gözlənilməsi prinsipləri baxımdan “Təhsil haqqında” Qanunla təzadların yaranmasını labüd etmişdir.

Təhsil Qanununa əsasən təhsil – sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsi prоsesi və оnun nəticəsidir (1.0.43); təhsil müəssisəsi – müvafiq təhsil proqramları əsasında təhsil prosesini həyata keçirən və məzunlara müvafiq təhsil haqqında dövlət sənədi verən qurumdur (1.0.47) ; təhsilalma formaları:əyani; qiyabi; distant (məsafədən); sərbəst (13.1.1) və s İndi gəlin görək, Təhsil Qanununun müvafiq müddəaları və şərtləri məktəbəqədər təhsilə nə dərəcədə şamil oluna bilər?

Halbuki məktəbəqədər təhsil adlandırdığımız pillə təlim və tərbiyənin ilk pilləsi оlmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun оlaraq, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psiхi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıхarılmasını, sağlamlığının qоrunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin fоrmalaşmasını təmin etməlidir. (18.1.)

"Təhsil haqqında" Qanunun 19.9. maddəsinə əsasən təhsilalanlara охumaq, yazmaq və hesablama bacarıqları aşılamaq, оnlarda insan, cəmiyyət və təbiət haqqında ilkin həyati biliklər, məntiqi təfəkkür elementləri, estetik, bədii zövq və digər хüsusiyyətlər fоrmalaşdırmaq bilavasitə İbtidai təhsilin məqsədi və vəzifəsidir. Əgər sadalanan bütün bu keyfiyyətlər məktəbəqədər təhsil pilləsinin vəzifəsinə aid edilirsə, onda məntiqə görə uşaqların ibtidai təhsilin 1-ci sinfində əlavə bir il vaxt “öldürməsinə” nə ehtiyac qalır? Buna görə də bu halda, burada söhbət heç də geniş mənada təhsildən deyil, dar mənada yalnız tərbiyədən, ən yüksək mənada isə təlim və tərbiyədən gedə bilər. Yəni bir çox ölkələrdə qəbul edildiyi kimi “дошкольное воспитание” və ya “дошкольное воспитание и обучение.”

"Məktəbəqədər təhsil haqqında" Qanun layihəsinin “Əsas anlayışlar” bölməsinin 1.0.- dan 1.0.23.-ə qədər maddələrində nəticəyönümlülük, şəxsiyyətyönümlülük, tələbyönümlülük və digər anlayışlarının sadalanması Təhsil Qanununda və dıgər normativ sənədlərdə öz əksini tapmış ifadələrin yenidən təkrarlanmasından başqa bir şey deyildir. Məktəbəqədər xüsusi təhsil müəssisəsi - sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı şəxslərin təhsil alması üçün yaradılmış təhsil müəssisəsi – maddəsində (1.0.5.) sağlamlıq imkanları məhdud məktəbəqədər yaşlı uşaqları “şəxs”, digər müəssisələrdəkilərini isə sadəcə olaraq “uşaq” adlandırmaq necə başa düşülə bilər?

Digər bir məsələ. Bir yandan Təhsil nazirinin müvafiq əmri ilə “Metodik Mərkəz”i ləğv edib, təlim-tərbiyə prosesinin müasir dövrün tələbləri səviyyəsində təşkili və idarə olunması məqsədilə metodisti mentorla əvəz edirik, digər tərəfdən Qanun layihəsinə metodist anlayışı və onun vəzifələri barədə maddə (1.0.6.) daxil edirik.

Əlbəttə, kiməsə adi görünə biləcək bu kimi həddən ziyadə “xırdalıqlar”ı sadalamaqla kimlərəsə başağrısı vermək istəməzdim. Lakin Qanunun mükəmməlliyi baxımından hər detal Qanunda dəqiqliklə öz əksinı tapmalıdır. Elə götürək layihədəki “məktəbəqədər təhsil müəssisəsinə
ali ixtisas təhsilli və məktəbəqədər təhsil sahəsində 5 (beş) ildən artıq iş təcrübəsi olan şəxs rəhbər təyin edilir” maddəsini (14.2.) “...ali ixtisas təhsilli” cümləsinin qarşısında pedaqoji sözünün olmaması elə təəssürat yaradır ki, istənilən ali ixtisas təhsillı şəxs məktəbəqədər təhsil müəssisəsinə rəhbər təyin edilə bilər.

Və yaxud, Məktəbəqədər təhsil sahəsində dövlətin vəzifələri (Maddə 4.):
“Dövlət məktəbəqədər təhsil müəssisəsinin rəhbərini vəzifəyə təyin və vəzifədən azad etmək” (4.0.5.) ; “məktəbəqədər təhsil müəssisələrinin nümunəvi nizamnaməsini təsdiq etmək” (4.0.6.)
və s. Dövlətin bir çox qurumları olduğu halda, belə bir mücərrəd maddələrdən kim nə başa düşə bilər? Nə qədər ki, məktəbəqədər təhsil sahəsində dövlət standartları, qiymətləndirmə meyarları, məktəbəqədər təhsil proqramı (kurikulum), işlənib hazırlanmayıb, məktəbəqədər təhsil müəssisələrinin məhz hansı dövlət qurumuna mənsubiyyəti sona qədər dəqiqləşdirilməyib, ikihakimiyyətlik şəraitində Qanundakı boşluqlar və onun işlək mexanizmi ilə bağlı problemləri qaçılmaz olacaq. Bir də ki, təhsildə varislik, fasiləsizlik prinsipləri prioritetdirsə, bu müəssisələrin əvvəllərdə olduğu kimi yenidən Təhsil Nazirliyinə qaytarılması məsələsində hər hansı bir tərəddüd heç cür başa düşülən deyil.

Ən başlıcası isə, məktəbəqədər təhsil sistemində mülkiyyət münasibətləri (Maddə 20.) maddəsinə “məktəbəqədər təhsil müəssisəsi profil üzrə fəaliyyətini saxlamaq şərti ilə özəlləşdirilə və ya hüquqi və fiziki şəxslərin idarəçiliyinə verilə bilər.”(20.1.) bəndinin salınmasıdır. Görünür biz hələ o qədər də uzaq olmayan keçmişdə özəlləşdirmə adı ilə hərraca çıxarılan 300-ə yaxın uşaq bağçası və körpələr evlərinin bir çoxunun sökülüb, yerində göydələnlər, şadlıq sarayları, gözəllik salonları və digər məişət obyektlərinin tikilməsi faktından ibrət dərsi götürməmişik. Bir də ki, kim təminat verə bilər ki, dövlətin məktəbəqədər müəssisəsi özəlləşdirildikdən sonra onun təyinatı dəyişdirilməyəcək? Özəl müəssisə yaradılsın, lakin dövlət müəssisəsinin toxunulmazlığı təmin edilmək şərti ilə.

Son olaraq onu qeyd etmək istərdim ki, “Təhsil haqqında” Qanunun son dərəcə demokratik və humanist maddəsi olan, bir növ dövlətin sosial yönümlü siyasətini dəstəkləyən “Аzərbaycan Respublikasında dövlət təhsil müəssisələri bilavasitə mənfəət əldə etmək məqsədi güdmür” (14.3.) maddəsinə zidd olaraq “Layihə”yə “ödənişli təhsil xidmətlərindən daxil olan vəsaitlər” (21.1.1.2.); “innovasiya və sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlər” (21.1.1.6.); “təhsil xidmətlərinə görə əldə olunan vəsaitlər” (21.1.2.2.) ;”qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunan vəsaitlər”(21.1.1.7.) və s. bu kimi digər maliyyə cəlbetmə xarakterli bəndlərin salınması məktəbəqədər təhsildə də korporativ, kommersiya və digər gizli məqamların və maraqların önə çəkilməsinin bariz nümunəsidir.

Bu qanun layihəsi olduğu kimi qəbul olunacağı halda bunun bir adı ola bilər: “Uşaqlardan daha çox böyüklərin “zövqünə yatan” və maraqlarına xidmət edən Qanun.”

Nadir İsrafilov,Təhsil üzrə ekspert