BolgeXeber.Com » Media » Fotoreportyor Elxan Kərimov vəfat etdi

Fotoreportyor Elxan Kərimov vəfat etdi

20-12-2010, 16:05
Oxunub: 4 802 62 yaşlı E.Kərimov yanvarın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış

"Turan" agentliyinin əməkdaşı, tanınmış fotoreportyor Elxan Kərimov ötən gün dünyasını dəyişib. Fotoreportyor saat 18:00 radələrində evində qəfil ürəktutmasından vəfat edib. Yaxınlarının verdiyi məlumata görə, son vaxtlar ürəyindən şikayət edən 62 yaşlı E.Kərimov yanvarın 5-də ürək şuntlanması əməliyyatına hazırlaşırmış.

Qeyd edək ki, fotoşəkilləri respublikada çıxan qəzet və jurnallarda yayımlanan Elxan Kərimov ötən il "Zərdabi" mükafatına layiq görülmüşdü. Səkkiz gündən sonra fotoreportyorun 62 yaşı tamam olacaqdı.

Elxan Əziz oğlu Kərimov 1948-ci il dekabrın 28-də Bakının Bülbülə kəndində anadan olub.1971-ci ildə Azərbaycan Pedaqoji Universitetində (keçmiş V.İ.Lenin adına APİ) çıxan “Gənc müəllim” qəzetində fotomüxbir çalışıb.1973-1977-ci illərdə Azərbaycan Pedaqoji Universitetini, 1979-cu ildə Jurnalist Sənətkarlığı İnstitutunu bitirib. 1971-ci ildə çəkdiyi fotolar respublikada çıxan “Azərbaycan müəllimi”, “Bakı”, “Baku” və s. qəzetlərdə çap olunub. 1997-ci ildə Türk beynəlxalq iş adamları “Dialoq” aylıq jurnalında fotomüxbir vəzifəsində çalışıb. Daha sonra öz fəaliyyətini “Tüsiab” jurnalında davam etdirib.
1998-ci ildə “Azadlıq” qəzetində baş fotomüxbir vəzifəsində işləyib.

Elxan Kərimov bir çox sertifikat və diplomlara layiq görülüb.
2004-cü il mayın 28-də “Azerbaydjanskie İzvestiya” tərəfindən foto sahəsində gördüyü işlərlə əlaqədar sertifikata layiq görülüb. 2006-cı ildə 21 iyulunda “Foto (illüstrasiya)” nominasiya üzrə “Media Açarı 2006” mükafatını alıb.

2009-cu ildə Elxan Kərimovun 60 illik yubleyi çərçivəsində Media Mərkəzində foto sərgisi keçirilib.
Elxan Kərimovun çəkdiyi fotoşəkillər resbublikada çıxan qəzet və jurnallarda yayımlanıb.

O, “Turan" informasiya agentliyində baş fotomüxbir vəzifəsində çalışırdı.
21 iyul 2009-cu ildə "Zərdabi" mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!