BolgeXeber.Com » İqtisadiyyat » Banklar dollar alırsa, satmaya bilərmi?

Banklar dollar alırsa, satmaya bilərmi?

22-11-2016, 11:48
Oxunub: 3 343 Banklar dollar alırsa, satmaya bilərmi? Vüqar Bayramov: “Banklar vətəndaşlardan dollar alırsa, onun bir qismini satışa çıxarmalıdır”; Əkrəm Həsənov: “Bankların alış və satış məzənnəsi Mərkəzi Bankın rəsmi məzənnəsindən maksimum 4% fərqlənə bilər”

Hazırda ölkənin bank sektorunda müşahidə edilən ən böyük problem dollar satışının həyata keçirilməməsidir. Əksər banklar konkret olaraq dollar satışını dayandırıblar. Yəni, həmin banklarda dolların vətəndaşlardan alışı həyata keçirilsə də, satışı həyata keçirilmir. Məlum olduğu kimi, ölkə üzrə valyutadəyişmə məntəqələrinin də fəaliyyətinə qadağa qoyulub.

Bəzi valyutadəyişmə məntəqələri qanunsuz şəkildə fəaliyyətlərini bərpa etsələr də, dollar satmaqdan imtina edirlər. Nəticədə bu bazarda dollar qıtlığının yaranmasına və manata təzyiqlərin artmasına səbəb olur. Digər tərəfdən qara bazarın da canlanmasına gətirib çıxarır ki, burada dollar rəsmi məzənnədən daha baha şəkildə satışa çıxarılır. Bəs, görəsən vətəndaşdan dollar alan bankların dollar satmaması nə dərəcədə oğrudur? Bu məsələ qanunvericilikdə necə tənzimlənir? İqtisadiyyatı təməlindən sarsıdan bu məsələyə Mərkəzi Bank nə üçün müdaxilə etmir?

“Yeni Müsavat”ın suallarını cavablandıran iqtisadçı ekspert Vüqar Bayramov bildirdi ki, bu məsələ ilə bağlı qanunvericilikdə dəyişikliklər edilməlidir: “Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən dollar alan banklarda müəyyən miqdarda dollar satışının da məcburi şəkildə bərpa edilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsinə ehtiyac var. Bu o demək deyil ki, kommersiya bankı aktivində olan dolları satsın. Söhbət ondan gedir ki, banklar vətəndaşlardan dollar alırsa, onun bir qismini satışa çıxarmalıdır. Bu yolla bazarın dollar tələbinin bir qismi ödənməlidir. Praktik olaraq bu prosedurlar tənzimlənmir. İndiki qaydalara görə banklar dollar satmaya da bilərlər. Hökumət müəyyən tədbirlər görməlidir ki, bu kimi hallar baş verməsin. Mövcud qaydalarda boşluqlar var. Kommersiya banklarında dollar satışının onların dollar alışına uyğunlaşdırılması və hər bir bankda dollar alışı ilə satışı atasında bir əlaqənin müəyyənləşdirilməsi zərurəti var ki, bazarda bu cür dollar qıtlığı yaranmasın. Banklarda dollar satışının dayandırılması halları kütləviləşməsin”.


Ekspert bankların dollar satmaq istəməməsinin səbəbini manatın məzənnəsinin qeyri-sabit olması ilə əlaqələndirdi: “Məzənnə tez-tez dəyişir, manat dollara nisbətən dəyər itirir. Qara bazarda da məzənnə dəyişir. Çünki qara bazarda dollar satanlar azalsa belə, manat qıtlığı da var və bu da bazara təsir göstərir. Praktiki olaraq biz son günlər qara bazarda manatın məzənnəsinin oynamasını müşahidə edirik. Müəyyən dövrlərdə məzənnə kəskin aşağı düşdü, sonra müəyyən dövrlərdə bahalaşdı. Bu da birbaşa manat qıtlığının olması ilə bağlı idi. çünki Mərkəzi bank həm hərraclar, həm də banklar vasitəsilə manat bazasını azaltmağa çalışır. Bu da valyuta bazarında manat təklifini azaldır. Bu da dollara tələbin azalmasına gətirib çıxarır. Sözsüz ki, bu uzunmüddətli dövr üçün heç də səmərəli vasitə deyil. Hələ ki, qara bazar daha aktivdir. Dolların alışı və satışı qara bazar vasitəsilə həyata keçirilir. Kommersiya bankları dollar satışına məhdudiyyətlər tətbiq ediblər və ya dollar satışını dayandırıblar, bu da qara bazarın aktivləşməsinə gətirib çıxarıb. Doğrudur , bütün bank sisteminin qara bazarın aktivləşməsinə maraqlı olduğunu söyləmək doğru olmazdı. Amma sözsüz ki, bunda maraqlı olan banklar var”.

Vüqar Bayramov vurğuladı ki, banklar və valyutadəyişmə məntəqələri dollar satmadığı üçün qara bazarın aktivləşməsi qaçılmaz olur: “Qara bazarın ləğvinin əsas tolu, banklar vasitəsilə dollar satışı təmin etməkdən, həmçinin valyutadəyişmə məntəqələrinin hər rayon üzrə optimal sayda fəaliyyətinə icazə verilməsindən keçir. Bəzi valyutadəyişmə məntəqələri işləsə də, rəsmi şəkildə fəaliyyətinə icazə verilməyib.
Bu da qara bazarın formalaşmasına və qeyri-leqal valyutadəyişmə məntəqələrinin meydana çıxmasına şərait yaradır. Bu mənada bankların dollar satışının tənzimlənməsinə ehtiyac var.

Çünki bu problem iqtisadiyyata mənfi təsir edir. Bütün hallarda valyutaya ehtiyacı olanlar bunu ala bilmir, xaricə getmək istəyənlər, turistlər valyuta tələbatını ödəyə bilmir. Bu da bütövlükdə iqtisadiyyata ziyan vurur”.

Qeyd edək ki, banklarda həyata keçirilən dollar alış-satışı ilə bağlı başqa bir problem də alış qiymətinin satış qiymətindən çox ucuz olmasıdır. Belə ki, ötən gündən kommersiya bankları dolların alış qiymətlərini aşağı salıblar, satış demək olar ki, olduğu kimi qalıb. Məsələn, ötən cümə günü 1 dolları 1.7730 manatdan alan, 1.7774 manatdan satan “Amrahbank” noyabrın 21-də dolları 1.7600 manatdan alıb, 1.7774 manata satır. “Atabank” da həmçinin 1.7500 manatdan alır, 1.7770 manata satır. “Bank of Baku” isə dolları 1.7600 manatdan alır, 1.7770 manata satır. “Rabitəbank” isə daha da ucuz almağa çalışaraq dolları 1.7500 manatdan alır, 1.7770 manata satır.

Bəs, görəsən hazırki qaydalara görə, alış qiyməti ilə satış qiyməti arasındakı fərq nə qədər olmalıdır? Bank dolları satdığı qiymətdən nə qədər ucuz ala bilər? “Yeni Müsavat”ın bu sualını cavablandıran hüquqşünası, bank sektoru üzrə ekspert Əkrəm Həsənov bildirdi ki, bankların alış və satış məzənnəsi Mərkəzi Bankın rəsmi məzənnəsindən maksimum 4% fərqlənə bilər: “Bu zaman banklar üçün əlavə hər hansı məhdudiyyət yoxdur. Yəni məsələn bank hətta dolları müştəridən elə Mərkəzi Bankın rəsmi məzənnəsi ilə də ala bilər və hətta 4% həddində daha aşağı da ala bilər. Satışı isə 4% həddində yüksək məzənnə ilə həyata keçirə bilər. Yəni alış-satış arasında fərq üzrə tələb yoxdur. Bugün dolların rəsmi məzənnəsi 1,7091 manatdır. Bu o deməkdir ki, banklar dolları 1,6407-1,7774 AZN arasında istədikləri məzənnə ilə ala və sata bilərlər.